Əqli Mülkiyyət Agentliyinin nümayəndəsi İstanbulda beynəlxalq konfransda iştirak edib

Əqli Mülkiyyət Agentliyinin nümayəndəsi İstanbulda beynəlxalq konfransda iştirak edib
11:55 23 Oktyabr 2019
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Cari ilin 17-18 oktyabr tarixlərində İstanbul şəhərində Türkiyənin Boğaziçi Universiteti, Ümumdünya Əqli Mülkiyyət Təşkilatı (ÜƏMT), Türkiyə Patent və Əmtəə Nişanları İdarəsi (TÜRKPATENT), Avropa Patent İdarəsinin birgə təşkilatçılğı ilə əqli mülkiyyətin idarə edilməsi üzrə 9-cu beynəlxalq konfrans keçirilib.

Tədbirin plenar iclasını TÜRKPATENT-in rəhbəri Habip Asan və Boğaziçi Universitetinin rektoru professor Mehmed Özkan açıblar. Mehmet Özkan öz çıxışında 2011-ci ildən etibarən hər il mütəmadi olaraq Boğaziçi Universitetinin ev sahibliyi etdiyi əqli mülkiyyətin idarə edilməsi üzrə bu konfransın keçirildiyini qeyd edib və bu tədbirlərdə əqli mülkiyyət sahəsinin mövcud gündəliyinin həssas problemlərinin müzakirə edildiyini bildirib.

Davam edən plenar iclasda və müxtəlif panellərdə “Əqli mülkiyyətin idarəedilməsinə diqqətin artırılması”, “Əqli mülkiyyətin kommersiyalaşdırılması təcrübələri”, “Universitetlərdə əqli mülkiyyət siyasəti” və digər mövzular üzrə çıxışlar və təqdimatlar olub.

Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin Beynəlxalq əlaqələr və informasiya şöbəsinin aparıcı məsləhətçisi Simuzər Abdullayeva “Əqli mülkiyyətin kommersiyalaşma təcrübəsi” panelində “Texnologiyaların transferi və əqli mülkiyyət nəticələrinin kommersiyalaşdırılması: Azərbaycan təcrübəsi və perspektivlər” adlı təqdimatı ilə çıxış edib.

O, həmçinin ölkəmizdə həyata keçirilən geniş islahatlar çərçivəsində əqli mülkiyyət sahəsində baş verən yeniliklərdən, o cümlədən sahənin idarəolunması ilə əlaqədar yaranmış qurumun - Əqli Mülkiyyət Agentliyinin fəaliyyət istiqamətləri barədə məlumat verib.

S.Abdullayeva ölkəmizin ÜƏMT ilə əməkdaşlığının uğurla davam etdiyini bildirmiş və bu təşkilatın oktyabr ayının birinci dekadasında keçirilmiş Baş Assambleyasında Azərbaycanın əqli mülkiyyət sahəsi üzrə nailiyyətlərinə yüksək qiymət verilərək, bu təşkilatın aparıcı bölmələrində ölkəmizin təmsil olunmasına diqqəti yönəldib.

Konfransda ABŞ, Almaniya, Belçika, Fransa, Qazaxıstan, İspaniya, İsveç, İsveçrə, Polşa və Türkiyədən olan əqli mülkiyyət sahəsi üzrə mütəxəssislər, müxtəlif universitet və elmi-tədqiqat institutlarının nümayəndələri iştirak edib.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/business/3137589.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR