Ölkədə yeni dövr başlandı

Ölkədə yeni dövr başlandı
15:27 24 Oktyabr 2019
111 Ölkə
Ölkə mətbuatı
A- A+

Dövlət başçısının bir neçə önəmli dövlət strukturlarını birləşdirməsi, vəzifədən kənarlaşdırmalar, istefalar və yeni kadr təyinatları olduqca mühüm məqamlardır. Bu məqamlar ölkədəki dövlət idarəetmə sisteminin bütünlüklə yenilənməsinə dəlalət edir. Azərbaycanda yeni dövr başlanıb.

Vətəndaşlardan biri dünən sosial şəbəkədə dəqiq yazıb: "Əsəblərimizlə oynayanlar indi nəvələri ilə oynayacaqlar". Doğrudur, amma kadr islahatlarının belə sadə, xalq dilində açması yetəri deyil.

Son kadr islahatları, əslində, dövlət idarəetmə sistemindəki genişmiqyaslı, köklü islahatların bundan sonrakı mühüm mərhələsinin ərəfəsidir.

İslahatlar ölkənin imicinin yüksəldilməsinə də yönəlib həmçinin.

Çağdaş dünyada demokratiya və sivil cəmiyyət göstəricilərindən biri də hökumətdə və ümumiyyətlə, dövlətin idarə olunması sistemində gənc, yüksək peşəkarlıq səviyyəsinə malik kadrların fəal iştirakıdır.

Bu insanlar müasir dünyagörüşünə və fəaliyyət modelinə malik olmalıdırlar.

Ölkədəki daxili siyasi stabillik də bilavasitə islahatların davamını diqtə edir.

Prezident İlham Əliyev andiçmə mərasimində genişmiqyaslı islahatlar mərhələsinin başlanacağını və bunun da hökumətin qarşısında duran prioritet məsələ olduğunu bəyan edəndə bəziləri, xüsusilə də radikal müxalifətdəki ştatlı "ekspert"lər dərhal dedilər, yazdılar ki, hər şey dərhal olmalıdır.

Kütlə isə, açığını desək, genişmiqyaslı struktur və kadr islahatlarını yox, inqilabi kadr dəyişikliklərini gözləyirdi.

Məntiq sadədir, anlaşılandır: bir para məmurlar oturduqları kreslo ilə elə üzvi sintez olublar ki, onlar islahatlarla nə razılaşa bilərdilər, nə də belə islahatları istəyərdilər.

Fəqət, ölkədəki islahatlar radikal olmadı. İlk əvvəl, daha doğrusu ilkin mərhələdə islahatlar kursunda məntiqi sonucların əldə olunması hədəfdi. Daha sonra isə kadr islahatları başlandı.

Təxminlədiyimiz kimi, kadr islahatları dəyişikliklərin və yenilikərin daha çox gözləndiyi iqtisadi blokda başlandı. Özü də həmişə olduğu kimi, aşağıdan yuxarı yox, yuxarıdan aşağı oldu.

Əvvəlcə Artur Rasizadə baş nazir postunu tərk etdi. Onun yerinə təyin edilmiş Novruz Məmmədov yeni çağırışların, yeni tələblərin öhdəsindən gələ bilmədi və yerini iqtisadi məsələlər üzrə Prezidentin köməkçisi Əli Əsədova verdi.

Yeni islahatlar mərhələsinə məhz cənab Əsədov rəhbərlik etməli, koordinasiya ilə məşğul olmalıdır. Üstəlik, ona iqtisadiyyatı yeni səviyyəyə yüksəltmək tapşırılıb.

Daha sonra baş nazirin müavinləri Hacıbala Abutalıbov və Əli Həsənov istefa verdilər, sabiq iqtisadiyyat naziri Şahin Mustafayev onlardan birinin yerinə təyin olundu.

Kadr islahatları bununla kifayətlənmədi.

Vergilər Nazirliyi, Əmlək Məsələləri Dövlət Komitəsi, Antiinhisar Komitəsi də İqtisadiyyat Nazirliyinin tərkibinə daxil olundu. Daha doğrusu, həmin strukturlar nazirliyə qaytarıldılar.

Dünya təcrübəsində belə kooptasiya, təmərküzləşmə var və normal haldır. Çünki İqtisadiyyat və Vergilər nazirliklərinin funksiyaları eynidir - dövlət büdcəsinə maliyyə toplamaq.

Yeni "supernazirliyə" rəhbərlik də hakimiyyətdəki ən uğurlu, intellektual və bacarıqlı kadrlardan olan Mikayıl Cabbarova tapşırıldı. O, nazir postuna iki il rəhbərlik etdiyi Vergilər Nazirliyi ilə qayıtdı.

M.Cabbarov iki il təki qısa müddətdə sələflərinin uzun müddət bacarmadıqları, bacara bilmədikləri işlər görüb, böyük uğurlara nail olub.

Məhz onun rəhbərliyi dövründə kölgə iqtisadiyyatının "işığa hərəkəti" sürətləndi, vergilər sistemi şəffaf oldu.

Yeni "supernazir" qarşısında da dövlət başçısı çox konkret tələb qoyub: bundan belə Azərbaycan iqtisadiyyatının qeyri-neft sektoru hesabına inkişafı prioritet məsələlərdən biridir. Bu da biznesin, kiçik və orta sahibkarlığın inkişafı hesabına olunmalıdır.

Artıq Azərbaycanda post-neft dövrü başlayıb. Son 2-3 ildə müşahidə olunan iqtisadi tendensiyalar, məsələn, dövlət büdcəsinə vergi daxilolmalarının strukturunda qeyri-neft-qaz sektorunun mütəmadi olaraq artması, regionlarda iqtisadi infrastrukturun genilşlənməsi, "kölgə" iqtisadiyyatının miqyasının azaldılması, şəffaflaşma proseslərinin sürətləndirilməsi və digər məqamlar ölkə iqtisadiyyatının artıq yeni mərhələyə qədəm qoymasından xəbər verir.

Təkcə bu ilin yanvar-sentyabr ayları ərzində ölkədə qeyri-neft sənayesində 15 faizdən çox artım qeydə alınıb ki, bu da çox yüksək nəticə kimi qiymətləndirilə bilər. Kənd təsərrüfatında da ciddi göstəricilər əldə edilib, iqtisadi artım 7 faizə çatıb.

Digər iqtisadi göstəricilərə nəzər salaq. Bu gün Azərbaycanın xarici dövlət borcu ümumi daxili məhsulun cəmi 17 faizini təşkil edir ki, bu, dünyada 9-cu göstəricidir. Eyni zamanda, həyata keçirilən sosialyönümlü islahatlara, yəni 4 milyondan çox insanın pensiyalarının, əmək haqlarının, müavinətlərinin artırılması istiqamətində qərarların qəbul olunmasına və dövlət büdcəsindən milyardlarla manat məbləğində vəsaitin ayrılmasına baxmayaraq, inflyasiyanın 2,5 faiz həddini keçməməsi məhz iqtisadiyyatın şaxələndirilməsi istiqamətində görülən işlərin, sənayə və kənd təsərrüfatına əlavə investiyaların cəlb edilməsinin, qərarların xaotik deyil, proqram xarakterli olmasının nəticəsidir.

Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Valyuta Fondu və digər aparıcı beynəlxalq maliyyə qurumlarının hesabatları və bu qurumların rəhbərlərinin açıqlamaları da Azərbaycanda həyata keçirilən islahatların səmərəliliyinə dəlalət edir. Məsələn, Azərbaycan Dünya Bankının "Doing Business" hesabatında 20 ən islahatçı ölkə sırasında yer alıb. Bu yaxınlarda Davos Ümumdünya İqtisadi Forumu da yeni hesabat dərc edib. Və hesabatda Azərbaycanda aparılan islahatların ardıcıl xarakter daşımasına diqqət çəkilib.

Prezident İlham Əliyev də 2019-cu ilin yanvar-sentyabr aylarının iqtisadi nəticələri ilə bağlı keçirdiyi son müşavirədə əsas diqqəti bu məqamlara yönəldib. Dövlət başçısı bildirib ki, bu gün başlıca məqsəd yüksək iqtisadi göstəricilərə nail olmaq və islahatları davam etdirməkdir. Bunun üçün kifayət qədər ehtiyatların mövcudluğuna diqqət çəkən prezident İlham Əliyev bu ehtiyatların aşkarlanmasının, büdcə gəlirlərinin artırılmasının və büdcə xərclərinin şəffaflaşdırılmasının hökumət qarşısında başlıca vəzifə kimi müəyyənləşdirildiyini vurğulayıb. Bildirib ki, Azərbaycanın dayanıqlı inkişafı məhz qeyri-neft sektorunun hesabına təmin edilməlidir.

Hələ 2018-ci ilin yanvarında Davosda Dünya İqtisadi Forumunun "Strateji baxış: Avrasiya" adlı interaktiv iclasında çıxışı zamanı Azərbaycan Prezidenti ölkədə reallaşdırılmasına başlanılan neft və qaz layihələrinin davam etdiriləcəyini, lakin əsas diqqətin məhz yüksək texnologiyaların tətbiqinə, innovativ sahələrin, sənayə və kənd təsərrüfatının inkişafına, sahibkarlığın möhkəmləndirilməsinə yönəldildiyini qeyd edib.

Təbii ki, hər bir islahatı həyata keçirən kadrlardır. Və qarşıya qoyulan hədəflərə yalnız yeni yanaşmalara uyğun, yeni təfəkkürə malik, müasir beynəlxalq trendlərin tətbiqini bacaran kadrlarla nail olmaq mümkündür. Son 2 ildə hökumətdə müşahidə olunan kadr islahatları bu sahədə ciddi islahatlardan xəbər verir. Məhz yeni yanaşmaların tətbiqi, bir sıra hallarda mövcud olan məmur özbaşınalıqlarının aradan qaldırılması iqtisadi islahatların təkanverici qüvvəsi olmalıdır. Bu məqamlara son müşavirədə dövlət başçısı da diqqət çəkib, çox güclü siyasi iradənin ortaya qoyulduğunu, islahatların şəxsi maraqlara qurban verilməyəcəyini və görülən işlərə maneə yaradan insanlarla yolların ayrılacağını vurğulayıb. Bu isə o deməkdir ki, hər bir məmura etimad krediti onun gördüyü real işə görə artacaq.

İş o yerə çatıb ki, beynəlxalq təşkilatların reytinqlərdəki yerimiz ölkə iqtisadiyyatının qeyri-neft sektorunun inkişaf templəri bir-birinə uyğun deyil.

İnkişaf sürəti artırılmalıdır və bunun üçün bütün imkanlar var.

İslahatlar getdikcə, nəsil dəyişikliyi olmalıdır. Uzun illər Azərbaycana xidmət etmiş komanda yenilənməli, çağdaş tələblərə, müasir dünyanın çağırışlarına cavab verən insanlarla əvəzlənməlidir.

Bəs, qeyri-neft sektorunun inkişafını şərtləndirən başlıca zəmin nədir? İlk növbədə, "kölgə" iqtisadiyyatı ilə mübarizə. İşgüzar mühitin transformasiyasının başlıca şərti iqtisadiyyatın şəffaflaşdırılması və inhisarçılığın aradan qaldırılması, dövlət müəssisələrinin iqtisadi effektivliyinin artırılmasıdır. Çünki prezident İlham Əliyevin də dediyi kimi, "kölgədən çıxarılacaq biznes Azərbaycanın iqtisadi göstəricilərini düzəldəcək və göstəricilər reallığı əks etdirəcək". Bütün bunlarsa, öz növbəsində, paytaxtla yanaşı, regionların sosial-iqtisadi inkişafının stimullaşdırılması, ölkədə investisiya mühitinin bir qədər də yaxşılaşdırılması, xarici və daxili investisiyaların məhz qeyri-neft sektoruna cəlbi, ən önəmlisi, dövlət - sahibkar münasibətlərində partnyorluğun inkişafını şərtləndirir.

Məsələn, təkcə ağır sənaye və maşınqayırmanın inkişafı ilə bağlı strateji yol xəritəsinin reallaşması, yəni qarşıya qoyulan vəzifələrin müasir proseslər nəzərə alınaraq, keyfiyyətcə yeni miqyasda və dolğunluqla həyata keçirilməsi nəticəsində növbəti illərdə Azərbaycandan qonşu ölkələrə texniki bilik, "nou-hau", səmərəli istehsal və idarəetmə metodlarının ixrac ediləcəyi, ümumi daxili məhsulun 1,5 milyard manatdan çox artacağı, qara metallurgiyada yerli xammal bazasından tam istifadənin təmin olunacağı, 7 mindən çox iş yerinin açılacağı proqnozlaşdırılır.

Qeyri-neft sektorunun digər strateji sahələrindən olan və "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri"ndən biri sayılan kənd təsərrüfatında qarşıya qoyulan hədəflər isə aqrar sektorun inkişafına və ərzaq təhlükəsizliyinin təmin edilməsinə səbəb olacaq, bu sahədə rəqabət qabiliyyətinin artımı və kənd təsərrüfatı məhsullarının emalı sektorunun inkişafı üçün əlverişli mühit yaradacaq.

İqtisadi artım və qeyri-neft sektorunun inkişafı - yeni müəssisələr və yeni iş yerləri, yeni iş yerləri isə əhalinin alıcılıq qabiliyyətinin bir qədər də yüksəldilməsi, rifahının yaxşılaşdırılması deməkdir.

Azərbaycanda islahatları zəruri edən şərtlər, vacib səbəblər var.

Radikal və minimal islahatlar əvəzinə, orta islahatlar taktikası tam məntiqidir, çünki iqtisadiyyatın bazisinin yerindən oynadılması mühahidə olunmur.

Əslində, bu, gərək də deyil.

İqtisadiyyatın dağınıq, pərakəndə formadı modern, təmərküzləşməsi sisteminin seçilməsi də günün çağırışıdır.

Ölkəmizdə indi yaşanan prosesi ötən əsrin 60-cı illərində Almaniyada Konrad Adenauerin islahatları ilə də müqayisə etmək olar.

Son kadr dəyişiklikləri də islahatların tərkib hissəsi, göstəricisidir.

Ümumiyyətlə, nəzərə alsaq ki, islahatlar paket halında qəbul olunur, bəlli plan üzrə aparılır, onda dəyişikliklərin daha da sürətlənməsi və Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunun sürətli gəlişməsi üçün gərəkli bütün addımlar atılmalıdır.

Ən başlıcası isə, cəmiyyət islahatların mərkəzində, içindədir.

Elçin Alıoğlu
Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/politics/796786.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR