"Prezidentin iqtisa islahatlara mane olan məmurlar deyəndə institusional və fərdi mənada kimləri nəzərdə tutduğunu əlbəttə ki, özü bilir. Məsələ budur ki, burada pozitivə köklənmək lazımdır".
Bunu "Report"a açıqlamasında Energetika Nazirinin müavini Elnur Soltanov deyib.
"Verilən mesajın ən ümdə və optimist cəhəti bu idi ki, islahatların geriyə yolu yoxdur, digər mövzular ikinci dərəcəli mövzulardır. Əsas olan bu mesajdır", - deyə o, qeyd edib.
“Mən onu həmişə demişəm ki, Azərbaycan neft-qaz sahəsində dünyaya örnək olub. Xüsusən də xarici siyasət, siyasi qərarlar vermə nöqteyi-nəzərindən bütün dünya bizdən öyrənib. Bəzi sahələr də var ki, bunu orda da təkrarlamağın vaxtı gəlib. Bunu gözləməyə ehtiyac yoxdur. Fərq etməz, Azərbaycan daxilində energetikanın bütün sektorlarında müəyyən addımların atılmasının vaxtı çoxdan çatıb. Bu dövlətin müxtəlif proqramlarında – məsəkən, Strateji Yol Xəritəsində var. Böyük ehtimalla ən ümdə məsələ liberallaşma məsələsidir. Bu gün həm qaz təchizatı, həm də elektrik enerjisi sahəsində dünyada olan trend bu sahələrin liberallaşmasıdır. Liberallaşma isə bölünmə ilə başlayır. Çünki bölünmə şəffaflıq gətirir, çarpaz subsidiyalaşmanın qarşısını alır, eyni zamanda istehsal olunan malların maya dəyərini azaldır, vətəndaşa göstərilən xidmətin keyfiyyətini artırır. Cənab prezident də qeyd eləmişdi, həm elektrik enerjisi, həm də qaz təchizatı sahəsində hələ də dövlət subsidiyalarından istifadə olunur və vətəndaş məmnuniyyəti tam arzu olunan səviyyədə deyil. Liberallaşma öz-özlüyündə əhəmiyyət daşımaz. O, nəyisə gətirir deyə, siz liberallaşma addımlarını atırsınız. Dünya praktikasından da bilinən budur ki, istehsal sahəsində, xüsusən də elektroenergetika sahəsində liberallaşma maya dəyərini azaldır və dövlətin subsidiyalarını yavaş-yavaş ortadan qaldırır. Amma təchizat sahəsində təbii inhisar var. Bu sahədə liberallaşma həyata keçirirsinizsə, əhali alternativ yerlərə gedə bilir. Alternativlərə getmək hər zaman keyfiyyəti artırır”, - deyə E.Soltanov fikrini tamamlayıb.