İran və Türkiyə "tır problemi"ni həll etdi

16:38 16 Yanvar 2015
103 Dünya
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 16 yanvar /Trend müxbir Təmkin Cəfərov/

İran və Türkiyə ötən gün rüsumlar və yanacaq qiymətində fərqlər haqqında saziş imzalayıb.

Trend-in ISNA agentliyinə istinadən verdiyi məlumata əsasən, ötən gün İranın rabitə və informasiya texnologiyaları naziri və İslam Respublikasının Türkiyə məsələləri üzrə xüsusi nümayəndəsi Mahmud Vaezi və Türkiyənin inkişaf naziri və İran məsələləri üzrə xüsusi nümayəndəsi Cövdət Yılmazın danışıqlarının sonunda imzalanan sənəd bu gündən qüvvəyə minib və artıq icrasına başlanılıb.

Sənədə əsasən, Türkiyəyə və ya bu ölkədən tranzit olaraq digər ölkələrə gedən İrana məxsus iritonnajlı yük avtomobilləri artıq heç bir rüsum ödəmədən sərhədi keçə bilərlər. Sazişə uyğun olaraq, hər iki ölkə yük avtomobillərinin tranzit hərəkəti ilə bağlı razılığa gəliblər və Türkiyəyə məxsus iritonnajlı yük avtomobilləri Türkmənistan-İran-Türkiyə sərhədini iki gün müddətinə keçə biləcəklər.

Qeyd edək ki, 2014-cü ilin oktyabr ayından İranla Türkiyə arasında tranzit və sərhəd keçidi mövzusunda müzakirələr davam edirdi. Müzakirələrdə məqsəd İranın sərhəd keçid məntəqəsində Türkiyəyə məxsus avtomobillərdən maye yanacağın qiymət fərqi tətbiqi adı altında birtərəfli olaraq ödəniş haqqı alındığına görə, Türkiyənin də qarşılıqlı olaraq İrana məxsus yük maşınlarından eyni ödənişi almağa başlaması idi. Türkiyənin bunu tətbiq etməsindən sonra İran tərəfi maye yanacağın qiymət fərqini iki dəfə artırmış, Türkiyə də qarşılıq olaraq qiymətləri yüksəltmişdi.

Türkiyədə dizel yanacağının bir litrinin dəyəri 2,12 türk lirəsi (dolların məzənnəsi 2,2729 TL-yə bərabərdir), İranda isə 2500 rialdır (məzənnə 26,692 IRR/USD-ə bərabərdir).

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/other/world/2354138.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR