Oqtay Əsədov: Azərbaycan Avropa Şurasının təsisatları ilə konstruktiv dialoqa və əməkdaşlığa hazırdır

Oqtay Əsədov: Azərbaycan Avropa Şurasının təsisatları ilə konstruktiv dialoqa və əməkdaşlığa hazırdır
11:08 25 Oktyabr 2019
39 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Strasburqda Avropa Şurasına üzv dövlətlərin, eləcə də tərəfdaş, müşahidəçi qismində iştirak edən ölkələrin parlament sədrlərinin konfransında Milli Məclisin Sədri Oqtay Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti də iştirak edib.

Trend-in məlumatına görə, Avropa Şurası Parlament Assambleyasında (AŞPA) 60 ölkənin parlament rəhbərlərinin iştirak etdiyi konfransda təşkilatın sədri Lilian Mori Paskye və Avropa Şurasının baş katibi Mariya Pesçinoviç Buriç çıxış ediblər.

Sonra konfrans “Ümumi Avropa evimiz: qarşıdakı 70 il” mövzusu ətrafında debatlarla işini davam etdirib. Milli Məclisin Sədri Oqtay Əsədov konfransda mövzu ilə bağlı çıxış edib və ölkəmizlə təşkilat arasında münasibətlərə toxunub.

Parlamentin Sədri Azərbaycanın Avropa Şurasının insan hüquqları və demokratiya sahəsində prinsip və dəyərlərini bölüşdüyünü və onların ölkəmizdə reallaşması üçün dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə məqsədyönlü tədbirlər görüldüyünü diqqətə çatdırıb. Bildirib ki, ölkəmiz Avropa Şurasının təsisatları, o cümlədən Parlament Assambleyası ilə konstruktiv dialoqa və əməkdaşlığa hazırdır. Sədr Avropa Şurasının Azərbaycan üzrə 2018-2019-cu illəri əhatə edən Fəaliyyət Planının həyata keçirilməsi istiqamətində ardıcıl tədbirlərin görüldüyünü qeyd edib.

Yetmiş il əvvəl qitəmizi sıx birləşməyə vadar edən problemlərin sırasına bu gün yenilərinin əlavə olunduğunu diqqətə çatdıran Oqtay Əsədov bildirib ki, bunlar terrorizm, qanunsuz miqrasiya, dini dözümsüzlük və ekstremizm, ksenofobiya, islamofobiya, etnik separatizm, dövlət suverenliyinin pozulmasıdır. Müasir dövrün çağırışları demokratik inkişaf problemlərini ötən dövrdə təşəkkül tapmış paradiqma çərçivəsində həll etməyin mümkünlüyünə əsaslı şübhələr doğurur:

“Hesab edirəm ki, Avropa Şurasının gələcək fəaliyyətində təhlükəsizliyin bölünməzliyi prinsipi əsas götürülərək, məsələ bu cür qoyulmalıdır: demokratik inkişaf üçün çətinliklərin üst-üstə yığılmasını və daha da artmasını gözləmədən, demokratik dəyərlər sistemi üçün təhdidlər doğuran təhlükəsizlik problemlərinə vahid yanaşma formalaşdırılmalıdır. Mən xüsusilə dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə qəsdlərin, etnik separatizmin, davakar millətçiliyin qarşısının alınması zərurətini nəzərdə tuturam. Məsələnin məhz bu cür qoyuluşunu Azərbaycan parlamentinin təmsilçiləri dəfələrlə müxtəlif yığıncaqlarda təklif ediblər. Bunun səbəbi aydındır: 25 ildən artıqdır ki, Azərbaycan torpaqlarının 20 faizi, yəni Dağlıq Qarabağ bölgəsi və onun ətrafındakı 7 rayon Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib. İşğal edilmiş zonada, eləcə də Ermənistan ərazisində dəhşətli soyqırımı əməlləri ilə müşayiət olunan etnik təmizləmə aparılıb. Bir milyondan çox azərbaycanlı doğma yurdlarından qovulub, onların İnsan hüquqları üzrə Avropa Konvensiyası ilə təsbit edilən əsas hüquqları və fundamental azadlıqları kobudcasına pozulub”.

Buna bənzər problemlərin Avropanın bəzi digər dövlətlərində də mövcud olduğunu xatırladan parlament Sədri qeyd edib ki, bu münaqişələrin siyasi və humanitar fəsadları, eləcə də onların yenidən alovlanması təhlükəsinin daim mövcud olması güclü, demokratik və inklüziv cəmiyyətlər formalaşdırmaq istiqamətində kollektiv səyləri təhlükə altına alır:

“Çağırışlarımızda həmişə bir fikrə əsaslanmışıq: dövlətlərin təhlükəsizliyinə qəsd demokratiyaya və qanunun aliliyinə qəsddir. Eyni zamanda, bu ideyanı avropalı həmkarlarımızın diqqətinə çatdırmaq istəmişik ki, Avropa evinin bütün sakinləri arasında daha böyük vəhdətə nail olmağa can atan Avropa Şurasının üzvlərindən birinin suverenliyinə və ərazi bütövlüyünə qəsd olunursa, bu, bütün birliyə, ümumi dəyərlərimizə qəsd kimi qiymətləndirilməlidir”.

Bildirilib ki, əsrlərin sınağından çıxmış Avropa dəyərləri, plüralist demokratiya üçün təhdidlərin aradan qaldırılması istiqamətində ölkələr olaraq fərdi məsuliyyət, dünyada demokratiyanın lokomotivi sayılan Avropa Şurası olaraq isə kollektiv məsuliyyət daşıyırıq.

Milli Məclisin Sədri qeyd edib ki, 70 il öncə Avropa Şurasının təməl daşını qoyan uzaqgörən insanlar İkinci Dünya müharibəsi, faşizm və stalinizm dəhşətlərinin təkrar olunmasını istisna etməyin yolunu Avropa xalqlarının ümumi evdə ümumi dəyərlər ətrafında birləşməsində görürdülər. Onlar haqlı olaraq bəyan edirdilər ki, Avropada daha böyük vəhdətə nail olmağın ən səmərəli vasitəsi azadlıq, demokratiya, insan hüquqlarının müdafiəsi və qanunun aliliyi prinsiplərinin bərqərar edilməsidir. Ötən dövrdə Avropa dəyərlərinin qorunması və inkişafı sahəsində böyük uğurların əldə edilib, Avropa xalqlarının ümumi hədəfi olan idealların həyata keçirilməsi yolunda mühüm addımlar atılıb. Möhkəm dayaqlar üzərində ucalan Avropa evi xalqların iqtisadi və sosial tərəqqisinə, müxtəlif sahələrdə sıx əlaqəsinə və qarşılıqlı əməkdaşlığına kömək göstərir.

Demokratiyanın təşviqinin, dəstəklənməsinin və müdafiəsinin hər bir Avropa dövlətinin hüququ və vəzifəsi olduğunu deyən Milli Məclisin Sədri birbaşa xalqdan mandat alan parlamentlərin üzərinə xüsusi məsuliyyət düşdüyü bildirilib. Qeyd edib ki, parlament demokratik dəyərlərin bərqərar edilməsi və yayılması, insan hüquqlarına və azadlıqlarına etibarlı təminatlar yaradılması üçün bilavasitə təbiətindən və təyinatından irəli gələn səmərəli mexanizmlərə malikdir. Cəmiyyətdə mövcud olan siyasi qüvvələrin, cərəyanların və fikirlərin bütün spektrini əks etdirən, etnik müxtəlifliyi nəzərə alan, gender balansı üzərində qurulan parlament əsl demokratiya və siyasi mədəniyyət məktəbidir. Müasir standartlara uyğun qanunlar qəbul etməklə parlament siyasi azadlıqların reallaşmasına, qanunun aliliyinin bərqərar edilməsinə zəmin yaradır. Parlamentin fəaliyyətinə siyasi partiyaların və qeyri-hökumət təşkilatlarının geniş cəlb edilməsi, icra strukturları üzərində təsirli nəzarətin həyata keçirilməsi, cəmiyyətin və dövlətin ümumi maraq doğuran problemlərinin açıq müzakirə olunması demokratik təsisatları möhkəmləndirir və inkişaf etdirir:

“Təmsil etdiyim Azərbaycan Respublikası haqqında onu söyləyə bilərəm ki, bizim ölkəmiz 19 ildir Avropa Şurasının üzvüdür və təşkilatın müxtəlif qurumlarının fəaliyyətində yaxından iştirak edir. Azərbaycan Avropa Şurasına qəbul edilərkən üzərinə götürdüyü çoxsaylı öhdəliklərin tam əksəriyyətini icra edib, insan hüquqlarının müdafiəsinə və qanunun aliliyinə əsaslanan demokratik cəmiyyət quruculuğunda önəmli yol qət edib. Bu günədək Azərbaycan Avropa Şurasının 70-dən çox konvensiya və sazişinə qoşulub”.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/politics/3138794.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR