“Birinici katib mənə dedi ki...” - MƏKTƏB İLLƏRİ

“Birinici katib mənə dedi ki...” - MƏKTƏB İLLƏRİ
16:44 16 Yanvar 2015
235 Sosial
Ölkə mətbuatı
A- A+

Natiq Fərzəliyev: “Mənə sataşan oğlanı qaldırıb çırpdı yerə”

Gənc Tamaşaçılar Teatrının xidməti girişindən keçirik. Dördüncü mərtəbəyə qalxmalıyıq. Aktyor otağında bizi gözləyir. Bir azdan məşqləri başlayacaq. Tələsmək lazımdır. Bizi qarşılayanda artıq hazır idi. Yaşıl məxməri geyimdə. Əvvəldən danışdığımız kimi məktəb illərinin fotolarını özüylə gətirib. Müsahibəyə şəkillərə baxandan sonra başlayırıq.

 

“Məktəb illəri” layihəsinin bugünkü qonağı aktyor Natiq Fərzəliyevdir.

 

 

 

1971-ci ildə Yevlaxın Mizə Ələkbər Sabir adına 2 saylı orta məktəbinə gedib.

 

- Yadımdadı, anam sinifdən çıxan kimi ağladım. Bir müddət anam mənimlə məktəbə gəlib getdi. Sonra gördülər, alınmır bir il saxladılar. Növbəti il dedilər ki, belə olmaz. İstəsən də, istəməsən də məktəbə getməlisən. Yaşıdlarında geri qalacaqsan.

 

 

İlk vaxtlar məktəbə sevməsə də zamanla alışır. Daha ağlamır da.

 

- İkinci il qapı bir qonşumuzun qızıyla getdim məktəbə. Uşaqlığımız bir yerdə keçib. Yaşı çatmırdı. Mənə görə onun sənədlərini saxtalaşdırdılar. Bir gedib-gəlirdik. Ona görə ağlamadım daha.

 

 

Adətən ibtidai sinif müəlliminin qadın olmasına alışmışıq. Lakin Natiq bəyin ilk müəllimi kişi olub. Çox zəhmli müəllim olduğunu deyir. Yaman qorxurlarmış. Adını yadına sala bilmir. Zarafat etməyin, üstündən 30 ildən çox vaxt ötüb. Bir qədər fikirləşəndən sonra yadına düşür: Səyyaf müəllim.

 

 

 

- Qiymətləriniz necə olub?

 

- Səkkizinci sinfə qədər əla. Hətta yaxşı qiymət alanda ağlayırdım. Sonra işləməyə başladım deyə, dərslərimdə axsadım. Yeddidə oxuyanda rayonun xalq teatrının üzvü idim. Qastrollara gedirdim. Maaş da alırdım. Ona qədər riyaziyyatı yaxşı bilirdim. Olimpiadalarda da iştirak etmişəm. Bəzi müəllimlə mübahisə də edirdim.

 

 

Və doqquzuncu sinifdə başına gəlmiş bir hadisəni danışır.

 

- Yoxlama yazı işində iki variant olurdu. “A” variantını mən yazırdım, “B” variantını adaşım. Yazıb verirdik uşaqlara. Rəhmətlik Bəylər müəllim mənə “dörd” yazırdı, ikiylə oxuyan uşağa “beş”. Axırda, dedim mən daha yoxlama yazmayacam. Məndən köçürənə beş verirsiniz, mənə dörd? Müəllim də götürdü dəftərimi cırdı. Dedim, niyə cırırsınız? Mən onu komissiyaya verəcəkdim. Ondan sonra mənim qiymətimi kəsmədi.

 

 

Növbəti də Məhbubə müəllimə ilə mübahisəsi düşür. Mövzu yenə haqsızlıq.

 

 

- Övladlarım da belədir. Bir dəfə bayram vaxtı pul verdim ki, aparıb müəllimə versin. Bu da aparıb verib. Məktəbin həyətindən oynayanda televiziyadan gəliblər çəkilişə. Jurnalist sual verib ki, uşaqlar, müəllimlər pul yığdı. Deyiblər, hə, 20 manatdan. O tərəfdən keçən müəllim qayıdıb deyib ki, elə şey yoxdu. Yalan deyirlər. Mənim oğlum deyib ki, necə yalandı? Mən indicə bu əllərimlə filan müəllimə verdim pulu. Uşaqlar ümumi deyib, bu lap müəllimin adını da çəkib. İşdəydim. Bir də gördüm, yoldaşım zəng edib: “Təcili gəl evə. Problem var”. Sən demə, müəllim zəng edib yoldaşıma ki, oğlunuz məni biabır edib. Ya o videonu sildirin, ya məni tutacaqlar. Özümü öldürəcəm. Bir müsibətlə onu həll elədim. Mən də həmişə düzgünlüyün tərəfdarı olmuşam.

 

 

Aktyor məktəb illərindəki ən sevdiyi müəllimlərindən danışır.

 

 

- Fizika müəlliməsi Rəhimə müəllimə ən sevimlimiz olub. Tək mənim yox bütün sinif onu sevirdi. Bizim ekskursiyalara aparırdı. Mingəçevir Su Elektrik Stansiyasına da aparmışdı. Bizim üçün qeyri-adi yer idi. İndiyə kimi də yadımdadı. Əlaqəm qalmasa da, eşitdiyimə görə, indi Bakıda yaşayır. Bir ara istədim bütün sinif yoldaşlarımı toplayım. Məzun günü keçirək.

 

Amma keçirə bilmir. Nə səbəbəsə alınmır. Rayonun yerli kanalı aktyorun həyat və yaradıcılığı haqqında veriliş çəkərkən məktəbə də yollanırlar.

 

- İdman müəllimin hazırda məktəbin direktorudur. Mirismayıl müəllim. Məktəb illərini yadıma salıb yaman kövrəldim. Elə istəyərdim qayıdam o illərə... Uşaqlıq illəri maraqlıydı. Ömür gedir, qocalırıq. Vaxt keçdikcə, Allaha bir az daha yaxınlaşırıq.

 

 

Akif İslamzadənin mahnısından da bir parça ifa edir: “Ötən günlərimi qaytarardılar, gələn günlərimi qurban verərdim”.

 

 

- “Of” dedirdən müəlliminiz vardı?

 

 

- Tarix müəllimim. Dərs keçə bilmirdi. Səsdən ağız deyəni qulaq eşitmirdi. Kitabı üzündən oxuyurduq, fikir vermirdi. Elə bilirdik, onu aldadırıq. Əslində isə özümüzü aldadırdıq.

 

 

 

- Riyaziyyatı yaxşı oxumusunuz. Bəs nə əcəb incəsənətə gəldiniz?

 

- Dördüncü sinifdən məni seçib apardılar pionerlər evinə. Məktəb vaxtından dram, rəqs dərnəklərinə getdim. Pioner evinin müdiri qadın idi. Rəhilə xanım. Bayramlarda tədbirlər keçirirdi. Elə tədbir olmazdı ki, mənim orda nömrəm olmaya. Yeddinci sinifdən də Xalq Teatrına getdim. Rayonun birinci katibi Elman Tağıyev vardı. O, göndəriş verdi ki, sən təhsil almalısan. Gəldim İncəsənət İnstitutuna.

 

 

Evin böyük uşağı olduğundan və atası erkən rəhmətə getdiyindən ailənin yükü onun çiyinlərinə düşür. Təhsili qiyabiyə dəyişib, pul qazanmağa başlayır.

 

- Necə şagird olmusunuz?

 

- Sinifdə 32 şagird idik. Beş sayılıb, seçilən vardısa, biri mən idim. Həm tərbiyəmə görə, həm də yaxşı oxuduğuma.

 

 

 

- Parta yoldaşınız kimiydı?

 

- Almaz. O birinci sinifdən dərsə bir gedib gəldiyim qız. Sonra Esmirayla oturdum. İbtidai sinifdə bu qızlarla həm də dostluq edirdim. Böyüyəndən sonra, yeddi, səkkizdə oxuyanda Natiqlə. İndi Rusiyada yaşayır. Qəhrəmanov. Ataşov Aqil, İmamverdiylə dostluq edirdim. Savadlı uşaqlarıydı. Vaqif Əsgərov da vardı. Çox dəliqanlı oğlan idi. Küçədə getdiyim yerdə bir nəfər boyuma görə, mənə sataşdı.

 

- Boyunuzun qısa olduğuna görə?

 

- Hə. Bilmədim, Vaqif hardan çıxdı. Bir də gördüm ki, mənə sataşan oğlanı qaldırıb çırpdı yerə. Dedi, bir də sən Natiqə sataşma! İdmana gedirdi. Güclü oğlanıydı.

 

 

- Bəs sinif yoldaşlarınız necə? Heç sataşmırdılar?

 

- Yox. Hamıdan yaxşı oxuyurdum. Çoxu dərsləri məndən köçürürdü. Bəlkə də bu üzdən sataşmırdılar. Məni çox istəyir, daim müdafiə edirdilər.

 

 

- Boyunuz qısa olduğu üçün hansı arzularınızı reallaşdıra bilmədiniz?

 

 

- Nəslimizdə də olmayıb. Əkiz olmuşam. Bacımın boyu 2 metrə yaxındır. Həmişə zarafatla deyirəm ki, mənim payımı yeyib. Dördüncü, beşinci sinifdə oxuyanda evdə hiss elədilər ki, bəs məndə inkişaf dayanıb. Bir müddət Bakıda xəstəxanada yatdım. Yeddinci sinifdən sonra dedilər, Moskvada bir xəstəxana var, apardılar ora da. İldə bir dəfə müalicə kursu keçirdim. Oradakı müalicələrin təsiri çox oldu. Boyum bir metrdən 1.45 qədər uzandı. Bundan artığına söz vermədi. Boyuma görə kompleksim olmayıb. Yeniyetmə vaxtı hiss edirdim ki, mənə qəribə baxanlar var. Özümü dərk edəndən, ailə qurandan sonra boyun heç əhəmiyyəti qalmadı. Anladım ki, insan uzun da ola bilər, gödək də. Əsas odur ki, tanındım, sevildim, məni hər yerdə hörmətlə qarşılayırlar. Bir dostum var. Boyu çox hündürdü. Bu qapıdan keçməz. Mənimlə görüşəndə əyilir. Deyir, bax, sənin böyüklüyün budur: “Səninlə görüşəndə məcburam qarşında iki qat əyiləm”.

 

 

- Ailə quranda necə?

 

- Yoldaşım ziyalı insandır. Təsadüfən qohumumgildə qarşılaşdıq. Bir-iki dəfə həmsöhbət olduq. Dedilər, xoşun gəlirsə, elçi gedək. Razılıq verdim. Öyrəndilər ki, istədiyi biri də yoxdu. Nömrələrini öyrənib zəng elədim. Beləcə, ürəyini aldım. İndi deyir ki, şirin dilə basdın, aldın məni. Bəs deyirdin, qoymayacam evdə iş görməyə, dünyanı gəzəcəyik?! İndi evdə yemək bişirirəm, iş görürəm. Deyirəm, mən nə bilim ki, dövran dəyişəcək?

 

 

 

Gülürük. Bayaqdan bəri verdiyim bir sualın cavab yadına düşür. Məktəb illərindən gülməli bir hadisə danışır.

 

 

 

- Bir dəfə uşaqlar söyüş qoyub dərsdən qaçdılar. Kinoya gedirdik. Hamı bir nəfər kimi razılaşdı. Pəncərədən düşüb qaçdıq. Kinoteatra yeni hind kinosu gəlmişdi. Film yenicə başlayırdı ki, işıqlar yandı. Baxdıq ki, bütün valideynlər zaldadı. Hərə öz uşağını çağırır. Direktor da gəlib. Yaxşı oxuduğuma görə mənə güzəşt olundu. Amma döyülənlər də vardı.

 

- Döyülməmisiniz heş?

 

 

- Bircə dəfə. Səkkizdə, ya doqquzda oxuyarduq. İdman dərsindəydik. Qarderobda paltarımı dəyişirdim. Rəhmətlik Nuru müəllim gəlib qəfil mənə sillə vurub çıxıb getdi. Dərsdən sonra soruşdum. Dedi, səhv olub. Artıq vurmuşam. Geriyə yol yoxdur. Olub keçdi daha.

 

- Dalaşqan uşaq olmusunuz?

 

- Yox. Sakit təbiətli. Dərsdən əlavə nəyləsə, məşğul olmağı sevirdim. Simdən maşın düzəldərdim. Yaxı futbol oynayardım. Solaxayam. Yaxşı aldada bilirdim. Sol ayaq futbolda qiymətlidir.

 

Məktəbə başlayanda da sol əllə yazmağa başlayıb. Müəllimin hər dəfə əlinə dəyən çubuğu zamanla tərgidib.

 

Sona saxladığım sualı verirəm.

 

- Məktəb illərində eşq-məhəbbət?

 

- Elə Almazı sevirdim. Evlərimiz də bir-birin bitişik idi. Sonradan hətta evdəkilər də bildi. Razıydılar da. Məktəbi bitirdik. Mən Bakıya gəldim. Zamanla uzaqlaşdıq, yollarımız ayrıldı.

 

Məktəb illərindən çox danışmaq olardı. Bir neçə il əvvəlki qəza olmasaydı. Qəzadan sonra yaddaşını itirdiyini deyir. Keçmişlə bağlı bəzi məqamları da unudub.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/190575

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR