Darıxıb ölməkdənsə, araqdan ölmək yaxşıdı

Metbuat.az Vladimir Mayakovskinin dostu Yeseninin ölümünə yazdığı şeiri təqdim edir. Xatırladaq ki, Sergey Yeseninin intiharından 5 il sonra Mayakovski də intihar edərək öldü.


Yeseninə

Necə deyərlər getdiniz,
Tərk etdiniz bu dünyanı.
Uçursunuz,
Ulduzları vurub salır ayağınız.
O dünyada nə içki var,
Nə də ki, içki dükanı.
Ayıqsınız.

Yesenin, sizə gülmürəm,
gülməyə heyim nə gəzir?
Bilmirəm nə təhər dözüm
bu dərdin ağırlığına.
Görürəm ki, uçursunuz
uçursunuz qolu kəsik.
Sümük dolu torba kimi
yırğalana-yırğalana...


Əl çəkin!
Bəsdir! Əl çəkin!
Ağlınız kəsmişdir nədir?
Necə qıydınız ocürə
yanaqların solmağına.
Sizin ki, bütün işiniz
peşəniz şənlənmək idi,
Ustaydınız məclislərdə
dava-şava salmağa da.

Niyə axı?
Nəyə görə?
Bu sirri kim bilir kim?
Axır söz də bu olur ki,
Günahkar içkidir içki.
Öz sinfiylə sənətkarın
Zəif imiş əlaqəsi.
Ona görə də içkiyə
Salıb yazıq öz meylini.
Guya, bu içkini əgər
Siniflə əvəz eləsən,
Nə dava-şava olarmış,
Nə də şairin ölümü.

Bəs sinif də hərdən-hərdən
kefi gələndə içirsə onda necə?
Əvvəl pivədən başlayıb,
sonra arağa keçirsə onda necə?

Guya siz içməsəydiniz,
içməsəydiniz tərtəmiz,
Daronin kimi cansıxan,
işdah öldürən yüz misra yazardınız hər axşamı.
Onda vallah darıxmaqdan
ölərdiniz, ölərdiniz.
Darıxıb ölməkdənsə
araqda ölmək yaxşıdı.

Adam varmı bu ölümün
sirri nədir deyə bilər?
Nə o bıçaq deyə bilər,
nə o kəmdir deyə bilər.
Sirri nədir bu ölümün?
Dərman nə imiş görəsən
tənhalıqdakı xəstəyə.
Bəlkə sizin yanınızda
mürəkkəb olsaydı o gün,
ehtiyac qalmazdı daha
damarınızı kəsməyə.

Görən hələ neçələri
gözləyir ölüm payını,
Görən haçan dincələcək
şair qəlbi yer üzündə?
Gəlin, azaldaq-azaldaq
bu ölümlərin sayını,
gəlin, artıraq-artıraq
mürəkkəbi yer üzündə!

Yox, Yesenin, dilim gəlmir,
Ölmüsünüz deməyə də.
Yalançı dostlar çığırır:
- Alqış, Alqış Yeseninə!
Yaşamağı bacarırdı,
bacarırmış ölməyi də!..
O alqışdan, çığırtıdan
damarını kəsənə nə?..

Heykəliniz qoyulmayıb
nə mərmərdən, nə bürüncdən,
Görən nə vaxt qoyulacaq
kimsə bilmir bunu hələ.
Di gəl ki, heykəlinizin
bünövrəsini bir küncdən
Yalançı dostlar doldurur,
zir-zibil xatirələrlə.

Qızlar tikir adınızı
dəsmalların qırağına,
Sabinov da nəğmənizi
oxuyur yastı səs ilə.
Dözmürəm daha dözmürəm,
bunların cığallığına.
Qışqırıram: -Ehey bəsdir!
Vurram burnunuz əzilər.

Eh, Yesenin, bu dünyada
zirzibil hələ az deyil
Hələ söyüşmək də olar,
hələ dalaşmaq da olar.
Əvvəl-əvvəl bu dünyanı
bir yaxşıca təmizləyək.
Ondan sonra bu dünyaya
nəğmələr qoşmaq da olar.

Sözün düzü qələmin də
bu günlər az deyil işi.
Tanıyırıq çətinlikdən
qorxub qaçan cığalları.
Bir də ki, hansı dahinin
bəxtinə asan yol düşüb?
Hansı dahi keçib-gedib
tapdalanmış cığırları...

Bu dünyamız sevinc üçün
o qədər də geniş deyil,
Sevinc səpək dünyamızın
bu başından o başına.
Ölməyə dəyməz Yesenin,
ölmək çətin bir iş deyil,
daha çətindir dünyanı
təzədən qurub yaşamaq.

Tərcümə: Ramiz Rövşən.




Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR