Həqir bir zərrəni əziz bir nəhayətsizliyə qaldıran vasitə

Həqir bir zərrəni əziz bir nəhayətsizliyə qaldıran vasitə
22:47 27 Oktyabr 2019
112 Maraqlı
Ölkə mətbuatı
A- A+

Bismilləhir-Rahmənir-Rahim!

Xeyirlə şər arasında savaş hər an, hər saniyə gedir. Və bu savaşın əsas arenası - məhz insan qəlbidir. Vandallıq törədənlərin, dini ədavəti qızışdıranların, insanların bir-birinə qənim kəsilməsini arzulayanların - hər qəbildən olan bu şər qüvvələrinin qarşısında bəşərin aydınları, zəkaları, intellektual qüvvələri mənəviyyatla, əxlaqla dirəniş göstərməlidirlər.

Uca Allahdan duamız budur ki, bu fitnələr öz müəllif və icraçılarına qayıtsın, Yer üzü müxtəlif qarşıdurmaların poliqonuna çevrilməsin, haqq-ədalət tezliklə qalib gəlsin!

İnsanın maddiyyatı və mənəviyyatı

Bu gün dünyanın düşdüyü bütün bu ağrılı-acılı vəziyyətlərin kökünü təhlil etdikdə, birmənalı nəticəyə gəlinir. Məsələnin bünövrəsində məhz əxlaqi-mənəvi dəyərlərin aşınması durur. İnsan artıq kosmosu fəth edə bilir, qalaktikanın uzaqlıqlarına uçuş aparatları buraxa bilir, okeanın dərinliklərində tədqiqat apara bilir, genomun kodunu açmağa yaxınlaşa bilir, kompüter texnologiyalarında böyük nailiyyətlər əldə edə bilir, amma bunların hamısının yalnız o zaman mənası və əhəmiyyəti vardır ki, bunlar insanın yüksəlişinə səbəb olsun. Məhz insanın insanlıq adlı keyfiyyətinin inkişafından, vücudi tərəqqisindən  söhbət getməlidir. Yəni, bütün bu elmi-texniki inkişafla yanaşı, "insan kimdir?" sualı xüsusi aktuallıq və əhəmiyyətlə qoyulur.

Bu mövzunun özülündə insana olan münasibət durur. Söhbət ondan gedir ki, insan maddi və mənəvi kompleksdən, madiyyatın və mənəviyyatın vəhdət və harmoniyada bulunmasından ibarətdir, yaxud yalnız maddi aləmi var insanın?

Əgər insan yalnız maddidən ibarət olsaydı, vəziyyət tamamilə başqa cür olardı. Cisminin, maddəsinin, materiyasının inkişafına və artımına hər nə ki, xidmət edirdi, həmin istiqamətlərə diqqət yetirməsi kafi olardı. Amma insan tək material tərkibdən ibarət deyildir. Və bundan başqa, insanı insan edən əsla onun maddi cisminin necəliyi deyil. Nizamini, Tolstoyu, Tusini, Eynşteyni, Dostoyevskini dühalığa çatdıran qətiyyən onların maddi quruluşu deyildir. Yaxud, əxlaq ustadlarının, filosofların material cisimlərinin necəliyi onların ardıcıllarını maraqlandırmamışdır. İnsanı insan edən, insana "mən"lik verən şey tamamilə başqa müstəvidə yerləşir.

Söhbət, əlbəttə ki, maddyyatın inkarından getmir. Maddi durum, insanın materiya olaraq vəziyyəti - insanın çox vacib və əlamətdar məsələsidir və buna az əhəmiyyət vermək olmaz. Bəhs ondan gedir ki, maddi yönəlmə insanın prioritetinə çevrilməsin.

Zahiriyyətin parıltısı insana nə vəd edir?

İlahi dayaqlara əsaslanmayan yanaşma, təminatların "optimallığı"nı da ən acınacaqlı səviyyəyə gətirib çıxarardı. İnsan nə bilir ki, nə xeyirdir, nə zərər? Bunu empirik yolla, təcrübə vasitəsilə müəyyən etmək ağlasığmazdır. Deməli, bu "eksperimentlərin", şəxsi mülahizələrin yekunu olaraq, maddi durum üçün də son dərəcə acı nəticələr hasil olacaqdı. Amma maddi və mənəvi durumun ayrı-ayrılıqda mövcud olmadığını, bunların sıx, vücudi əlaqədə bulunduğunu nəzərə alsaq, anlayarıq ki, məsələ mənəvi deqradasiya, aşınma, bədbəxt duruma düşmə ilə sonuclanır. İnsan alçaqlığa, rəzilliyə, eybəcərləşməyə doğru gedir. Gözəlliyin, inkişafın həqiqətdə nə olduğunu dərk etməyən insan, mənfiliyə sürüklənməyə məhkumdur.

Əlbəttə ki, bunlar - düşüncənin, təhlilin, durumun təftişinin mövcud olduğu halda görünə bilən bir şeydir. İblis lənətlik insanın gözündə maddiyyatı parlatmaqla, mənəvi kateqoriyaların unudulmasına nail olmağa çalışır və bir sıra hallarda buna müvəffəq də olur. Müəyyən zahiri görüntülərin hesabına insan öz həqiqi durumundan sapa bilir, yolundan aza bilir. Onun insanlığını təşkil edən keyfiyyətlər, xüsusiyyətlər isə unudulmuş, kənara atılmış olur. Təbii ki, bu amil, onun həqiqi insanlıqdan kənara düşməsinə səbəb olur.

Bunun bariz nümunəsini biz bir çox hallarda görürük. Görün dünya hara gedir? Mənəvi dəyərlər, fəzilətlər baxımından böyük tənəzzül müşahidə edilir. Ağlagəlməz çirkinliklər ayaq açır toplumlara, İlahi hədlər aşılır və insanlar bədbəxtliyə düçar olur. Sanki texniki tərəqqidə irəliyə atdığı bir addım, insanın mənəvi geriləməkdə onlarla, yüzlərlə addımıyla müşayiət olunur. Belə durumda inkişaf da, tərəqqi də təhlükə kəsb edir. Çünki, bir gün yetişə bilər ki, tam mənəvi boşluğa, zombiləşmiş qəlblərə malik insanlar məhvedici qüdrətə sahib olsunlar və onları heç nə saxlaya bilməsin. Necə ki, çağdaş dünyamızda bunların işartıları mütəmadi olaraq görünür. Qüdrət bəşərin düşməninin əlində olanda, bu, çox ağır nəticələrə gətirib çıxarır. Yalnız bir axırıncı əsr ərzində müharibələrdə yüz milyondan artıq insan tələf olmuşdur ki, bunların da böyük hissəsi hərbə heç bir aidiyyatı olmayan dinc adamlar idi.

İnsan bütün yaranmışlardan əzizdir

Allah Təala heç bir yaranmışa, heç bir məxluqa insana verilən qiyməti verməmişdir. Qurani-Kərimin "İsra" surəsinin 70-ci ayəsində buyrulur: "Biz Adəm övladını şərəfli və hörmətli etdik".

İnsan - elə sırf insan olaraq apriori bu qiymətə malikdir. Onun zatında, mahiyyətində kəramət, şərafət istedadı qoyulub. İzzətə, kəramətə yetişmək - insan fitrətinin bir hissəsidir. Hər bir insanın mahiyyətində bu nəcib xüsusiyyətlər qoyulmuşdur. Qoyulmuş bu keyfiyyətlərlə insan sonradan nə edəcək - bu, onun öz seçimidir.

Allah Təalanın xüsusi bir lütfü var insana. Digər varlıqlardan üstün, izzətli qərar vermişdir insanı Allah. Ariflər buyurublar ki, insan gerçəkdə özünü nə qədər tanısa, kəramət və izzətini tapar. Yəni, insan özünü nə qədər dərindən tanısa, nə qədər ağılla, müdrikliylə özünün gizli xüsusiyyətlərini doğru, dürüst bir durumda təftiş etsə, bir o qədər də tez surətdə insani keyfiyyətlərin daşıyıcısına çevrilər.

İslamın nəzərində insan bütün məxluqdan ən əzizidir. İmam Museyi-Kazımdan (ə) nəql edilən hədisdə bildirilir: "Mömin qırmızı yaqutdan da əzizdir".

Gördüyümüz kimi, iman gətirən son dərəcə nadir və qiymətli bir zinətlə müqayisə edilir. Bu, maddi bir müqayisədir, bu halda möminin cismani dəyərinin yüksəkliyini göstərilir.

İmam Cəfər Sadiqdən (ə) nəql edilən hədisdə isə möminin durumunun mənəvi tərkibi təqdim edilmişdir: "Möminin hörməti Kəbədən daha çoxdur".

Aydın olur ki, insanın öncədən dəyəri, qiyməti budur - ən müqəddəs bir məfhumla müqayisə edilir və ondan üstün bilinir. Kəbədən o yanası yoxdur ki! Milyarddan çox insanın ibadət zamanı yönəldiyi istiqamətdir, and yeridir. İnsanın bu böyüklükdə qiymətə malik olması - onun potensial xüsusiyyətidir. O, özü edə bilər ki, ən primitiv mikroorqanizmdən aşağı düşsün və elə də bilər ki, ən yüksək mənəvi zirvələrə yetişsin, mələklərə xas məqamları da üstələsin.

Zillətdən çəkindirmək

Dinimiz insana heç bir şəraitdə zillət və alçaqlığa enməyə icazə vermir. İstər fərdi, istər ictimai müstəvidə, əmək münasibətlərində, həyatın bütün digər sahələrində insan İlahi əmanət olan ruhunu məhv etməməli, heç kəsin qarşısında əyilməməlidir. Hər nə ki, insanı alçaqlığa, xarlığa, əskikliyə aparırsa, ondan uzaq olmalıdır. İmam Cəfər Sadiqdən (ə) nəql edirlər: "Həqiqətən, Allah Təala möminə hər bir şey üçün izn verib, amma öz varlığını, nəfsini zəlil etməyə ona icazə verməmişdir".

Aydın olur ki, öz mənliyini, kimliyini alçaltmağı dinimiz insana qadağan edir. Burada bir məsələnin fəlsəfəsi də açıqlanır - Allahın qadağan etdiyi, haram bildiyi bütün işlər insanı aşağılayır, alçaldır. Və məhz bu səbəbdən həmin haramlar qadağan edilmiş, insana yasaq buyurulmuşdur.

Həzrət Əlidən (ə) nəql edilən hədisdə bildirilir: "Öz varlığını, nəfsini hər alçaq və zəlil işdən üstün və uca tut!".

Dinimiz bəlli edir ki, zəlilliyə gedib-getməmək - iradəvi məsələdir. İnsan özü seçim edir - alçaqlığa, xəyanətə qol qoysun, yoxsa yüksəlişə, ucalığa tərəf yönəlsin. Heç kəs gəlib insanın yerinə haramlardan imtina etməyəcək, heç kəs onun yerinə seçim etməyəcəkdir. Allah Təala insana ağıl, iradə, seçim qabiliyyəti verib və onu haramdan çəkindirmək üçün zəruri və kafi dərəcədə məlumatla təchiz etmişdir.

İmam Cəfər Sadiq (ə) buyurmuşdur: "Süst olma ki, hər kimsə səni görəndə təhqir edib, alçaltmasın".

İnsan ayıq olmalıdır, hər bir müstəvidə diqqət yetirməlidir ki, onu təhqir etməyə, izzətini əlindən almağa heç kəsə bəhanə verməsin. Ümumi halda, hər nə ki, onu alçalda bilərsə, ondan çəkinməsi lazımdır insanın.

İzzətə təşviq

Dinimiz eyni zamanda izzətə dəvət və təşviq etmişdir. Bütün insanlardan daha ali mərtəbəli və daha uca dəyərli o kəslərdir ki, əgər bütün dünyanı bir tərəfə qoysalar, onun şəxsiyyətini digər tərəfə - o, öz izzət və varlığını bütün dünyadan irəli bilər. Onun şəxsiyyətindən nəsə azalarsa, bütün dünyadan imtina edər. İmam Museyi-Kazımdan (ə) nəql edirlər: "İnsanların dəyər baxımından ən ucası və böyüyü o kəsdir ki, dünyanı öz nəfsinə, varlığına müqəddəm bilmir, daha öndə  bilmir".

Hazır deyil zatən uca insan bütün dünyaya malik olmaq əvəzində öz şərafət və kəramətindən zərrədək imtina etsin. İnsan nə qədər öz izzətini qoruyursa, dəyəri də bir o qədər də yüksəkdir.

İzzətin açarı

Bəs nələri inkişaf etdirməli, nələri gücləndirməli, nələrə diqqət yetirməlidir insan ki, izzəti artsın? Burada bir çox səbəblər, amillər var. Amma bunların hamısının başında, əsasında, kökündə bir məsələ durur: Allaha itaət. Həzrət Əli (ə) buyurur: "Hər vaxt izzət istədin, onu Allaha itaətdə axtar və istə".

Heç bir insan, toplum, camiə əziz ola bilməz, kəramətli və şərafətli, yüksək ola bilməz bir halda ki, orada Allaha itaət yoxdur. Allaha itaətdən kənarda izzət, alilik, üstünlük yoxdur. Zira, həqiqi izzət, alilik, üstünlük Allahdadır. Və həqiqi izzət sahibinə itaət sözdə ola bilməz. Bu, izzətliliyi, alilik və şərafətliliyi müəyyən edən amillərə riayət etməkdən keçir. Zati izzət Allahdadır. Allahdan başqa zatən həqiqi izzət sahibi yoxdur. Və insan Allaha itaət etdikdə, iradəvi olaraq bu izzətə yiyələnə bilir. Bütün aliliklərin mənbəyi Allah olduğu üçün, izzət axtaran insan gərək həqiqi izzət sahibinə həqiqi bəndəlik etsin. Həzrət Peyğəmbərdən (s) nəql edirlər: "Allah Təala hər gün nida edir ki, Mən sizin əziz Pərvərdigarınızam, hər kim iki dünyanın izzətinin istəklisidirsə, əziz olan Allaha itaət etsin".

Allah Təbarəkə və Təala əzizliyin, izzətin özüdür. Hər kim dünya və axirətdə nicat axtarırsa, onun yolu - həqiqi izzət sahibinə tapınmaqdan keçir. Allaha bəndəlik - həqir bir zərrəni əziz bir nəhayətsizliyə, əziz sonsuzluğa qovuşdurur və nəticədə, uca bir varlıq yaradır.

Şüurlu, iradəvi bir varlıq olan insan, hər bir addımını atmazdan öncə təhlil etməlidir: mənim bu addımım Allaha itaət deməkdirmi, bəndəliyə aparırmı?

Böyük İslam Peyğəmbəri (s) buyurmuşudr: "Allahın əmrini əziz bil ki, O da sənə izzət əta etsin".

İzzət fərdi mülahizələrə, canfəşanlığa görə əldə edilmir. İzzətin yolu Allaha doğru, məhz Allahın dediyi yolla getməkdir. İzzətin açarı Allaha itaət və əməldir. Əməlsiz itaət yoxdur. Həzrət Əlidən (ə) nəql edirlər: "İtaətdən başqa  izzətə çatmaq yolu yoxdur".

Allah Təala cəmi insanları izzətə çatanlardan qərar versin, inşəallah!

Allahım, bizlərə izzətli həyat qismət et!

Allahım, bizləri Peyğəmbər (s) və Əhli-Beytinin (ə) layiqli davamçılarından qərar ver!

Allahım, ümmət qarşısında duran problemlərin həllini, xəstələrin şəfa tapmasını, qəsb olan torpaqların, məscid və ibadətgahların azad olmasını nəsib et!

Allahım, 12-ci İmam - Həzrət Mehdi Sahib əz-Zamanın (ə.f.) tezliklə zühür etməsini inayət et! Amin!

Hacı İlqar İbrahimoğlu,

ilahiyyatçı-filosof

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/796560.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR