"O tamaşanın adını eşidəndə, ayaqlarım əsir" - FOTO

"O tamaşanın adını eşidəndə, ayaqlarım əsir" - FOTO
07:17 28 Oktyabr 2019
Ölkə mətbuatı
A- A+

Səhnə tozu ilə yoğrulan aktyor

Milli.Az kaspi.az-a istinadən yazını təqdim edir.

22 ildir ki, Azərbaycan Dövlət Akademik Musiqili Teatrında işləyir. Ömrünün bir çox ilini isə Rus Dram Teatrında səhnə maşinisti, quruluşçu hissə müdiri kimi çalışıb. Müsahibimiz istedadlı aktyor, rejissor Elçin İmanovdur. Onunla son söhbətimiz dostunu - teatrın istedadlı sənətkarı Məhərrəm Qurbanovu itirəndə olmuşdu. Dost itkisi ona çox təsir etmişdi. Elə indi də həmkarının, dostunun itkisini qəbul edə bilmir. 
 
- Rus Dram Teatrı və Akademik Musiqili Teatr həm istiqamət, həm də repertuar baxımından biri-birindən çox fərqlənir. Bunlar arasında keçid etmək sizə çətin olmadı ki?
 
- 1989-cu ildə Rus Dram Teatrında səhnə maşinisti olaraq çalışmağa başladım və pillə-pillə quruluş hissə müdirinə qədər yüksəldim. Düzdür, teatrda aktyor kimi də fəaliyyət göstərirdim, ancaq içimdəki yaradıcılıq hissi məni rahat buraxmırdı. Çünki canlandırdığım obrazları öz doğma dilimdə oynamırdım. Sanki öz yerimdə deyildim. Səs imkanlarım yaxşı olduğu üçün Rus Dram Teatrının o zamankı baş rejissoru Aleksandr Yakovleviç Şarovski məndən Musiqili Teatrda işləmək istəyib-istəmədiyimi soruşdu. Razılıq verdim. O da məni Hacıbaba Bağırovun yanına göndərdi. H.Bağırovun qəbulunda xalq artisti Emin Sabitoğlu da var idi. O vaxtlar birdən-birə aktyor ştatına düşmək çox böyük problem idi. Belə ki, uzun müddət xorda olub, daha sonra aktyor ştatına keçə bilərdin. Emin Sabitoğlu pianinonun arxasına keçərək mənə "bir şey oxu" dedi. Mən ifamı bitirdikdən sonra haralı olduğumu soruşdu. Dedim ki, Yardımlıdanam. O isə yarızarafat "dağlar oğlunda belə səs olar" deyərək Hacıbaba müəllimə məni işə götürməyi tapşırdı. Beləliklə, 1997-ci ildən rəsmi şəkildə ştata qəbul olundum. 2009-cu ilə qədər Rus Dram Teatrında işləyirdim. 2009-cu ildən rəsmi olaraq iş yerim indiki Akademik Musiqili Teatr olub. O ki qaldı sualınıza, iki fərqli ampluada olan teatrda çalışsam da, hər ikisində eyni proses gedirdi. Yaradıcı insan üçün yerindən və məkanından asılı olmayaraq, səhnə səhnədir. 2009-cu ildə başa düşdüm ki, mənim yerim Musiqili Teatrdır. 
 
- Teatrda səhnə maşinistindən tutmuş, quruluşçu hissə müdirinə qədər pilə-pillə yüksəlmisiniz. Sizin kimi insanlara səhnə tozunu udaraq formalaşan aktyor da deyirlər.
 
- Mənim mayam elə o kulisin tozunun içində yoğrulub. 1989-cu ildə Məlik Dadaşov məni Rus Dram Teatrına işə götürəndə, 18 yaşım təzə tamam olmuşdu.
 
- Ömrünüzün yeniyetməlik, gənclik illərini teatrda keçirmisiniz. Buna görə nə vaxtsa peşman olmusunuzmu? 
 
- Əslinə qalanda, hər bir insanda belə hisslər olur. Boğazdan yuxarı gözəl sözlər ifadə etmək istəmirəm. Elə anlarım olub. 1992-93-cü illər teatrın ən çətin illəri idi. Nəinki teatrın, elə ölkəmizin də. Ölkədə siyasi qarışıqlıq idi. Biz teatrdan çıxa bilmirdik. İndi şəraitimiz, vəziyyətimiz o vaxta baxanda çox yaxşıdır. O dönəmlərdə 100 manat maaş alırdıq və səhərdən axşamacan teatrda qalırdıq. Çox çətin günlər idi. 
 
- Bizdən öncəki nəslin nümayəndələri teatrlarımızda hər zaman anşlaq olduğunu və aktyorların yaxşı maaşa işlədiklərini deyirlər. 
 
- Əslində elə deyil. Sistem hər zaman belə olub. Misal üçün, mən iki il Türkiyədə İstanbul Azərbaycan Teatrında çalışmışam. Orada satılan biletlərin əsasında məvacib alırdıq. Ancaq sovet sistemi tamamilə fərqli idi. Neçə tamaşada oynamağından asılı olmayaraq, aylıq maaş alırdın. Ay boyu anşlaq da olsa, tamaşaçı gəlməsə də, eyni maaşı alırdın. Çünki sistem belə idi. 
 
- Türkiyə teatrına necə gedib çıxmışdınız? 
 
- Türkiyədə İstanbul Azərbaycan Teatrının əsasını qoyduq. Hazırda bu teatr fəaliyyət göstərir. Teatrı Kəmalə Nəbibəyli yaratdı. O teatrda ilk işimiz Firuz Mustafanın "Müqəvva" əsəri oldu. İkinci işimiz isə Aygün Həsənoğlunun Xocalı ilə bağlı bir əsəri oldu. 2017-ci ildə bu tamaşa böyük rezonans doğurdu. Daha sonra "Adsız qadın" tamaşasını hazırladıq. 
 
- Bəs nə üçün orada qalmadınız?
 
- Çünki mən ailəmlə birlikdə ora köçməli idim, bu da mümkün olmadı. Türkiyədə çalışdığım müddətdə Azərbaycanda teatr, yaradıcı mühitin onlardakından qat-qat üstün olduğunu gördüm. 

- Bunu nəyə əsasən deyirsiniz?
 
- Onlar üçün teatr adi bir göstərişdir. Teatra böyük sənət kimi baxmırlar. Aktyor necə istəyirsə, elə də oynayır və əsaslandırmağa çalışır ki, o, tamaşa göstərir. Əslində isə göstərdiyi tamaşanın nə dramaturji xətti var, nə də bir pyesə əsaslanır. 
 
- Bu gün dünya teatr cameəsi dramaturji xətdən və pyesdən imtina edib. 
 
- Son dönəmlər artıq dünya teatrları bu sistemə geri dönüblər. Teatrda Stanislavski dünyanın ən güclü sistemlərindən biridir. İndi bütün dünya Stanislavski sisteminə geri dönür. Əgər aktyor səhnəyə çıxdıqda, rolu özününküləşdirə bilmirsə, tamaşaçını oynadığı rola inandıra bilmirsə, onun göstərdiyi sənət deyil. Teatr həyatın güzgüsüdür. Bunun dramaturji, süjet xətti olmalıdır. Monoton həyat insanı tez yorur. Tamaşada isə hadisələrin başlanğıcı, gedişatı, inkişafı, sonu olmalıdır. Səhnəyə çıxıb heç bir hərəkət etmədən yalnız söz desən, tamaşaçı səni 10-15 dəqiqə dinlədikdən sonra zalı yarımçıq tərk edəcək. Ancaq elə tamaşalar var ki, 100 dəfə oynanılıb, yenə də tamaşaçı onu sevərək izləyir.
 
- Siz hesab edirsiniz ki, onu maraqlı edən dramaturji xətdir? Bu gün bütün teatrlarımızın repertuarına nəzər yetirdikdə, hər birində klassik əsərlərin olduğunu və onlara "klassik olsa da, müasir baxış və müasir səhnə həlli lazımdır" kimi yanaşmanın olduğunu görürük. Əslində isə bu tamaşaların tamaşaçısı yoxdur. 
 
- Klassika hər zaman klassikadır. Rejissorun baxış bucağından çox şey asılıdır. Rejissor mənanı tamamilə fərqli verə bilər. Misal üçün, "Arşın mal alan" 110 ildir ki, sevilərək oynanılır. Dünyanın müxtəlif teatrlarında bu əsər nümayiş olunub. Bunun nəyi pisdir? 
 
- Klassik əsərlər təkrar-təkrar səhnələşdirilir, amma axı baxılmır.
 
- Hər tamaşanın öz tamaşaçısı var. Ola bilər ki, siz baxmırsınız. Hər bir tamaşa rejissorun özündən bir parçadır. Biz tamaşaya baxanda bilirik ki, kimin dəst-xəttidir. "Arşın mal alan"ın 110 il əvvəl səhnələşdirilən tamaşasına və indikinə baxın. Böyük fərqlər var. Misal üçün, amerikanlar "Romeo və Cülyetta"nı fərqli formatda nümayiş etdirirlər.

- Belə bir fikir var ki, tamaşaçıların teatra sarı getməməyinin əsas səbəbi o teatrdan istədiklərini görməmələridir. Çünki teatr tamaşaçının istədiyini onlara vermir. Onlar bu gün səhnədə Fatma xalanın başına gələn macəraları izləmək istəyirlər, nəinki əsrlər öncə Romeo və Cülyettanın başına gələn müsibətləri.
 
- Əslində tamaşaçıya nə verirsənsə, onu qəbul edir. Yəni nə yedizdirsən, onu da yeyir. İnsanlara əsas təsir edən qüvvə televiziyalardır. Çünki televiziyalar birbaşa olaraq təsiredici qüvvəyə malikdir. Bu gün televiziyalarımızda verilişlərdən tutmuş, filmlərə qədər bayağılıq baş alıb gedir. Ona görə də çoxluğun zövqü o yöndə formalaşıb. Səbəbi burada axtarmaq lazımdır. Nəyə görə bu gün tamaşaçısı yüngül söyüşlərə gülmək istəyir? Çünki bu gün efirlər həmin söyüşləri təbliğ edir və adına da müasirlik deyirlər. Mənim evdə övladım böyüyür. O, bayağı verilişlərə baxır və zövqü formalaşır. Beləliklə, mən artıq bir valideyn kimi narahat olmağa başlayıram. Misal üçün, bazara pomidor almağa gedirsən, görürsən ki, heç yanda yaxşı pomidor yoxdur. 20 qəpiklik çürük, əzik pomidor qalıb və sən də onu almağa məcbursan. Bu da onun kimi. Məşhur aktyordan soruşursan ki, bu seriala niyə çəkilmisən? Axı bu sənin çəkilə biləcəyin səviyyədə bir film deyil. Deyir ki, nə edim, ailə dolandırıram. Heç kəsi qınamaq olmur. Nə etməlidir? Ona sanballı film, serial təklifləri gəldi də istəmədimi? Siz isə deyirsiniz ki, əsrlər öncə olan hadisələr tamaşaçının diqqətini çəkmir. Axı bu gün Kefli İsgəndərlər, Məstəli şahlar var. O klassik əsərlərin qəhrəmanları bu gün bizlərin arasında dolaşır. Bu o deməkdir ki, biz yerimizdə addımlamışıq. Bu günün gəncləri tamam başqa istiqamətə meyllənirlər. Yerindən duran, əlinə bir kamera alan deyir ki, mən rejissoram, film çəkirəm. 10-15 il bundan əvvəl heç kəs aktyor olmaq istəmirdi. Seriallar dəbə mindikdən sonra hər kəs aktyor olmağa çalışır. İnsanlar arasında məşhur olmaq sindromu başlayıb. Rejissorlar da peşəkar aktyorlara pul verməməkdən ötrü yoldan keçənləri seriala çəkirlər. Bu sənət deyil. Peşəkarlar qalıblar bir tərəfdə, küçədən keçənlər bu sahədə at oynadırlar, hərəsinin də İnstaqramda bir fan səhifəsi var. Bizim üçün İnstaqram məşhurları olublar. 
 
- İnstaqramda varsınız?
 
- Varam, amma aktiv deyiləm.
 
- Nə qədər izləyiciniz var?
 
- Bu haqda çox da anlayışım yoxdur, onun nə olduğunu bilmirəm. Mənim səhifəmi qardaşımın oğlu idarə edir. Bu gün filmlərin reytinqini İnstaqram izləyicilərinə görə müəyyən edirlər. Hər hansı aktrisanı seriala dəvət edəndə, onun İnstaqramdakı izləyicilərinin sayına baxırlar.
 
- Sizcə, bu, istedadın göstəricisidirmi?
 
- Vallah, yox. Ümumiyyətlə, sənətə aidiyyəti olmayan bir şeydir. İnstaqrama gözəl bir qız şəkli yerləşdirsəniz, hər kəs onu izləməyə başlayacaq. 
 
- Redaksiyamıza gələndə axsamağınız diqqətimi çəkdi. Niyə çəliklə gəzirsiniz? 
 
- Ötən il Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi, eyni zamanda Ceyhun Hacıbəylinin 125 illik yubileyi şərəfinə yazıçı-dramaturq Əli Əmirlinin "Nuri didə Ceyhun" əsəri əsasında əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə tamaşa hazırlamışdı. Orada Üzeyir Hacıbəylinin obrazını canlandırırdım. Tamaşanı oynayanda birdən ayağım sürüşdü. Hiss etdim ki, ayağıma nəsə oldu. Diz qapağım çıxmışdı və ayağım qırılmışdı. Aktyorlar məni səhnədən çəkib çıxardılar. Ondan sonra bir ay ayağım gipsdə qaldı. Bir aydan sonra AzTV bu tamaşanın çəkilişini aparırdı. Yenidən bu tamaşanı oynayanda yenə ayağım sürüşdü. Dizimin üstə oturdum və ikinci dəfə ayağım sındı. İkinci dəfə böyük bir travma aldım və əməliyyat olundum. Bir ildən çoxdur ki, diz qapaqlığım qatlanmır. 
 
- Bu tamaşa sizin ayaqlarınıza düşmədi...
 
- (Gülürük) Bu tamaşa mənə psixoloji olaraq təsir etdi. O tamaşanın adını eşidəndə, ayaqlarım əsir... 
 
- Bəlkə tamaşada canlandırdığınız Üzeyir Hacıbəylinin ruhunu incitmisiniz?
 
- Doğrudan da tarixdə belə şeylər olub. Dahi şəxsiyyətlərin həyatlarını oynayanların öz həyatlarında faciəvi nələrsə baş verib. Mən belə qurtarmışamsa, böyük şeydir (gülürük). 

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/culture/791029.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR