Gimnastika üzrə dünya çempionundan sağlamlıq üsulları

Gimnastika üzrə dünya çempionundan sağlamlıq üsulları
21:33 28 Oktyabr 2019
Ölkə mətbuatı
A- A+

Üçqat dünya çempionu, ikiqat Avropa çempionu, Avropa Oyunlarının ikiqat çempionu, bədii gimnastika üzrə Rusiyanın mütləq çempionu Diana Borisova sağlamlığı möhkəmləndirməyin yollarından danışıb.

Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, gimnastın sözlərinə görə, oturaq həyat tərzinin mənfi nəticələrini minimuma endirmək mümkündür.

Oturaq həyat tərzi qadın sağlamlığına necə təsir edir?

Hər kəs bilir ki, oturaq həyat tərzi səhhətimizə ziyan vurur. Bir sıra xəstəliklərin inkişafında əsas rol oynayır. Əlbəttə ki, genetika böyük əhəmiyyət daşıyır, ancaq oturaq həyat tərzi ilə irsi amillərin birləşməsi ehtimalı daha da artır. Hərəkət etmədikdə qida ilə qəbul etdiyimiz kalorilər yandırılmır. Etiraf etmək lazımdır ki, çox oturan insanlar yeməyə daha çox meylli olurlar. Həkimlər tez-tez sonsuzluq, varikoz damar genişlənməsi, onurğa problemləri ilə əlaqədar xəbərdarlıq edir. Gün ərzində vaxtının əksər hissəsini oturaq şəraitdə keçirən qadınlar immunitet sistemin əhəmiyyətli dərəcədə zəifləməsi və qadın xəstəlikləri də daxil olmaqla ciddi sağlamlıq problemləri ilə üzləşir.

Oturaq həyat tərzinin zərərlərini necə minimallaşdırmaq olar?

Sadə səhər məşqləri vəziyyətə müsbət təsir göstərir! Məşq üçün vaxt yoxdursa, digər həll yollarından istifadə edin. İş günü ərzində yüngül məşqlər edin: ayağa qalxın və gəzin, bir neçə dəfə çömbəlib ayağa durun. Mümkün qədər tez-tez belə fasilələr verin: mümkünsə hər iki saatdan bir.

Lift yerinə pilləkənlərdən istifadə edin. Şərtlər icazə verərsə, işə velosipedlə gedin.

Bəs gününü kompüter qarşısında keçirən insanlar nə etməli?

Fəal idman növlərinə, yoqa və dartınma hərəkətlərinə üstünlük verin. Səhərlər qaçın, mümkün olduqca çox yeriyin, qaçış gün boyu yaxşı əhval-ruhiyyəni təmin edəcək, tənbəl olmayın.

Boyun, çiyin və kürəkdə yaranan quluncla necə mübarizə aparmalı?

Günboyu qamətinizi dik saxlamağa çalışın. Adətən insanlar boyundan utandığı üçün əyri dayanır. Belə səhvə yol verməyin. Vaxt ötdükcə bu düşüncələr yox olur, amma əyilmək vərdişi qalır. Məsələn, çıxış yolu kimi xoreoqrafiyaya və kürəyimi düzləşdirməyə çox vaxt ayırdım və telefonun ekran qoruyucusuna "Belini düz saxla " mesajını qoydum.

Mütəmadi olaraq masaja gedin: özünüzə vaxt ayırın, çünki bu, sizin sağlamlığınızdır.

Rahatlaşmaq sözünü yadda saxlayın. İş zamanı bir az əsəbi və gərgin oluruq, bu, boyun fəqərələrində qulunc və ağrı yaradır. Odur ki, rahatlaşdırıcı masaja yazılın, bu, qaməti yaxşılaşdırır, həmçinin yuxunu normallaşdırır və endorfinlərin sərbəst buraxılması nəticəsində əhval-ruhiyyəni yaxşılaşdırır.

İşdən sonra dəhşətli dərəcədə yorulmusunuzsa, şəkildə gördüyünüz dartınma hərəkətləri sizi mütləq yenidən həyata qaytaracaq. Bu hərəkətlər qan dövranını normallaşdırır. Kürək dartınma hərəkətlərinə də xüsusi diqqət yetirin - bu skolyoz xəstıliyi olanlar üçün faydalı bir məşqdir.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/saghlamliq/294416.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR