“Azərsu” Açıq Səhmdar Cəmiyyətində 20 Yanvar şəhidlərinin xatirəsi anılıb

“Azərsu” Açıq Səhmdar Cəmiyyətində 20 Yanvar şəhidlərinin xatirəsi anılıb
17:03 16 Yanvar 2015
76 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 16 yanvar, AzərTAc 
Yanvarın 16-da “Azərsu” Açıq Səhmdar Cəmiyyətində (ASC) 20 Yanvar faciəsinin anma mərasimi keçirilib.
“Azərsu” ASC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən AzərTAc-a bildiriblər ki, əvvəlcə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən “Azərsu” ASC sədrinin birinci müavini Teyyub Cabbarov qeyd edib ki, 1990-cı ilin 20 yanvarı ən faciəli günlərdən biri olmaqla yanaşı, Azərbaycan tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olub, xalqımızın müstəqillik, azadlıq uğrunda mübarizəsinin və yenilməz iradəsinin rəmzinə çevrilib. 25 il əvvəl xalqın azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan vətənpərvər Azərbaycan övladları canlarından keçərək şəhidlik zirvəsinə ucalıblar. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə xüsusi təyinatlı qoşun birləşmələrinin Bakıya yeridilməsi nəticəsində 147 mülki vətəndaş öldürülüb, 600-dən çox insan yaralanıb. Həmin illərdə Azərbaycanın haqq səsinin dünya ictimaiyyətinə çatdırılmasında yaradılan informasiya blokadasına baxmayaraq, ən çətin günlərdə də xalqla bir yerdə olan ümummilli lider Heydər Əliyev 20 Yanvar faciəsi ilə bağlı cəsarətli mövqe nümayiş etdirib: “Ulu Öndər xüsusi nəzarət altında olmasına və həyatı üçün təhlükələrə baxmayaraq, hadisələrdən dərhal sonra Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək, təcavüzə kəskin etirazını bildirmişdi. Ümummilli Lider faciəni törədənləri, Mixail Qorbaçov başda olmaqla imperiya rəhbərliyini kəskin ittiham edərək qoşunların Bakıdan çıxarılmasını tələb etmişdi. Bununla da Ulu Öndər cəsarətini, mərdliyini, xalqının sədaqətli oğlu olduğunu bir daha sübut etmişdi”.
Qeyd olunub ki, Ümummilli Liderin 1993-cü ildə yenidən hakimiyyətə qayıdışından sonra 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymətin verilməsi məsələsi həllini tapıb, 20 yanvar tarixi - Ümumxalq Hüzn Günü elan edilib. 20 Yanvar faciəsi qurbanlarının əziz xatirəsini həmişə uca tutan Ümummilli Lider onların adlarının əbədiləşdirilməsi, şəhidlərin ailə üzvlərinə maddi və mənəvi qayğı göstərilməsinə daim diqqətlə yanaşıb. Bu humanist siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Anım mərasimində su təsərrüfatında çalışmış Cəbrayıl Xanməmmədovun faciə günü həlak olması, su təsərrüfatı işçilərindən Təranə İmanova, Xariz Alimov, İvan Proxorov, Kamil Həzrətquliyev və Hüseyn Quliyevin yaralandığı xatırlanıb.
Tədbirə dəvət olunmuş tarix elmlər doktoru, professor Vəkil Həsənov sovet imperiyasının və erməni millətçilərinin azərbaycanlılara qarşı həyata keçirdiyi məkrli siyasəti tarixi faktlarla əsaslandırıb, 20 Yanvar tarixini xalqımızın qəhrəmanlıq və şücaətinin simvolu kimi qiymətləndirib: “20 Yanvar hadisələri böyük bir geosiyasi prosesin başlanğıcı oldu. Bu bəşəri cinayətin törədilməsi ilə SSRİ kimi bir imperiyanın çökməsi reallaşdı. Bu qanlı hadisə sovet imperiyasının qəddar siyasətini təsdiq etməklə yanaşı, xalqımızın azadlıq əzmini, müstəqillik və dövlətçilik ideyalarına sıx bağlı olduğunu bir daha nümayiş etdirdi”.
Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Akif Məmmədov, 20 Yanvar əlili Hüseyn Quliyev, şəhid Cəbrayıl Xanməmmədovun həyat yoldaşı Şövkət Xanməmmədova çıxış edərək, şəhidlərimizin fədakarlığının gələcək nəsillər üçün qəhrəmanlıq nümunəsi olduğunu bildirdilər. Qeyd olundu ki, 1990-cı ilin 20 yanvarında Azərbaycan xalqına qarşı həyata keçirilmiş qətllər insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixində qara səhifə olaraq qalacaq.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azersu_Achiq_Sehmdar_Cemiyyetinde_20_Yanvar_sehidlerinin_xatiresi_anilib-825326

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR