Fəxriyyə Xələfova həyatının ən çətin vaxtlarından DANIŞDI: "Anam son günlərinədək..."

Fəxriyyə Xələfova həyatının ən çətin vaxtlarından DANIŞDI: "Anam son günlərinədək..."
12:13 29 Oktyabr 2019
127 Digər
Ölkə mətbuatı
A- A+

Tanınmış rəssam-modelyer, Azərbaycanın Əməkdar İncəsənət Xadimi Fəxriyyə Xələfova xanımları dəb yenilikləri ilə tanış edir.

Görkəmli incəsənət xadimi Publika.az-a müsahibəsində dəb dünyasının bugünkü fəlsəfəsi və həyatda qarşılaşdığı ən böyük çətinliklərindən də söz açır.

- Fəxriyyə xanım, toy mövsümü artıq başlayıb. Belə olan halda axşam geyimlərində aktual olan trendlər haqqında soruşmasaq olmaz.

- Şərq üslubu bu gün təbii ki, ən aktual və tələb olunan bir istiqamətdir. Bu tərzdə parıltı, dekor və daş-qaş elementi üstünlük təşkil edir. Bu işıltılar sahibini diqqət mərkəzində saxlamağı bacaracaq. Ümumiyyətlə şərq üslubunun hakim olduğu geyimlər hər bir xanımı xüsusi göstərməyə qadirdir. Klassika və sadəliyə az tələbat var.

İldən ilə parıltılı, qlamur və dekorlu libasların alıcıları da artır. Tanınmış livanlı dizaynerlər bu istiqaməti aktuallaşdırdı. Şərq dəbdəbəsinin populyar olmasında onların rolu danılmazdır. Qırmızı xalı mərasimlərində Hollivud ulduzları çalışır ki, məhz şərq üslubunda olan əlbislərdə görünsünlər.

- Dəb incəsənətin bir qolu olsa da, dövrün tələbatları onları bir-birindən uzaqlaşdırır. Bu, sizi narahat edir?

- Elə dizaynerlər var ki, sadəcə brendin inkişafı naminə çalışmır, sənətə də töhfə verirlər. Sözsüz ki, belə dizaynerlərin dəbə və sənətə münasibəti daha məsuliyyətlidir. Bu da dəb sənətinə olan sevgidən qaynaqlanır. Əgər işinə sevgin varsa, mütləq sənət üçün də əsər yaratmağa can atırsan. Sadəcə mövsüm kolleksiyaları hazırlamaqla və onları satışa çıxarmaqla kifayətlənmirsən, həm də sənətə xidmət edən işlər üzərində çalışırsan.

- Şərq üslubunun parlaq cazibəsi bu günün trendlərinə daxil olsa da, sirr deyil ki, milli geyimlər və elementlər yavaş-yavaş unudulmağa doğru gedir. Bu hal digər ölkələrə də xasdır.

- Əlbəttə, milli geyimlərin dəbdən düşməsi məni təəssüfləndirir. Lakin dediyim kimi sənət və ya muzey üçün milli nümunələr hazırlayan dizaynerlər var. Ən gözəl xüsusiyyətləri, öz xalqına, folkloruna və milli dəyərlərinə aid elementləri onlar öz kolleksiyalarında əks etdirirlər. Hər halda belə geyimləri hazırlamaq da çox çətindir, qiymətləri yüksək olur. Odur ki, onlar ancaq sənət və sərgilərdə nümayiş olunmaq üçündür. Gündəlik həyatda insanların dəbə münasibəti fərqlidir. Onlar ultradəbli detalları axtarır, hamıdan maraqlı və ekstravaqant görünmək istəyirlər. Təbii ki, kolleksiyalar bu tələbata uyğun biçilməlidir. Gündəlik geyim üçün rahat, keyfiyyətli və qiyməti münasib olan geyim seçməyə çalışırıq.

Milli geyimlərdə istər-istəməz insanlar cəmiyyətdə tutduğu statusa əsasən seçilirdi. Saray əhlinin və onların yaxınlarının geyimləri fərqli idi. Bu, həm şərq aləmində, həm də Avropada belə idi. Yüksək və digər təbəqənin geyimləri müxtəlifliyinə görə bir-birindən xüsusilə fərqlənirdi. Hətta o vaxt şah sarayının geyimlərini nisbətən aşağı təbəqəli insanlar təkrarlaya bilməzdi. Bu gün biz demokratik aləmdə yaşayırıq. Artıq belə qaydaları heç kim qoya bilməz, mümkün deyil. Hazırda geyimləri iki yerə bölmək olar: qiyməti baha olan yüksək moda nümunələri və büdcəli. Büdcəli geyimlərin üstünlüyü ondadır ki, onlar arasında da zövqlü, keyfiyyətli və son dəbə uyğun paltarları tapmaq olar. İstehsal müxtəlif istiqamətlərdədir. Böyük markalar iri həcmdə geyimlər istehsal edir. Dünyaya dəbli və büdcəyə uyğun geyim satan markalar da var.

Hazırda dünya əhalisi həddən artıq çoxdur. Milli geyimlər istifadə olunduğu zaman isə bu belə deyildi. İndi dəbə qida qədər hədsiz tələbat var. Yəni, dəb başqa bir formaya keçid edib.

- Fəxriyyə xanım, dünya ulduzlarının böyük səhnələrdə nümayiş etdirdiyi şəffaf geyimlərin və ümumilikdə müasir dəbin çılpaqlığa yaxınlaşmasına yanaşmanız necədir?

- Bunu kütləvi hal kimi görmürəm. Meqapolislərdə belə hallarla rastlaşmıram. Səhər evdən çıxıb işə gedən insanlar gün ərzində komfortlu və tələblərinə uyğun gələn geyimlər seçirlər. Dünyaca məşhur paytaxtlarda insanlar geyim mədəniyyəti və normalarını pozaraq gəzə bilər. Amma bu, istisna haldır. Onlar heç vaxt kütləvi hal almayıb və ala bilməyəcək. Cəmiyyətdə onlara qarşı istər-istəməz qınaq var. Dəbin yazılmamış qanunları var. Özünə ciddi yanaşan heç kim belə situasiyaya yol verməz.

- Tez-tez səfər edən modelyer kimi deyə bilərsinizmi, azərbaycanlı xanımların digər xanımlardan fərqləndirici cəhətləri hansılardır?

- Səciyyəvi tərəfi odur ki, bizim xanımlar geyimdən əlavə baxımlı olmağa üstünlük verir. Saç düzümü, saç boyası, manikür, dəri və üz gözəlliyinə vaxt ayırırlar. Üz qadının vizit vərəqidir. Bizim xanımlar səyahətə üç çamadanla yollanır, avropalı xanımlar isə biri ilə kifayətlənir. Bu misal artıq onlar arasındakı fərqi göstərir. Azərbaycanlı xanımlar şopinqə vaxt ayıranda, avropalı o vaxtı adətən başqa məşğuliyyətə sərf edir.

- Bəlkə bu, şərq xanımının kompleksli olmasından irəli gəlir.

- Komplekslərlə əlaqələndirməzdim, sadəcə ənənələrimiz başqadır. Qədim dövrlərdə nənələrimiz həmişə gözlərinə sürmə, yanaqlarına ənlik çəkərdi.

- Ananız Akamedik Rəfiqə Əliyeva böyük bir nəslin nümayəndəsi - Ulu Öndər Heydər Əliyevin bacısı idi. Bildiyim qədəri ilə o, öz qarderobunun hazırlanmasını hər zaman sizə həvalə edib.

- Sual məni kövrəltdi... Rəfiqə xanımın qarderobu mənə çox əzizdir, çünki bütün geyim nümunələri bizim otelyedə hazırlanıb. O, geyiminə xüsusi yanaşırdı. Öz rəng tonları və geyim elementləri var idi. Klassik üsluba üstünlük verərdi. Onun həm gənclik, həm orta, həm də son yaş dövrlərində çəkilən istənilən fotosuna baxsaq, Rəfiqə xanımı orada eleqant, zamanın dəbinə uyğun və çox gözəl rəng tonlarında görə bilərik. Əbəs yerə modelyer olmadım, onun daxili zövq duyumu və dəbə xüsusi münasibəti var idi. Eyni zamanda onun dəblə ayaqlaşmaq üçün imkanları var idi, müxtəlif otelyelərdə paltarlar tikdirirdi, xarici ölkələrdə yaşamışdı, tez-tez Moskvaya gedər və fərqli geyimləri seçib gətirərdi. Bizi hər zaman dəbə meylli böyüdürdü. Alim olsa da, dəb onun maraq dairəsinə daxil idi.

- Qadın gözəlliyinə kölgə salan əsas səbəb nə ola bilər?

- Həyatında yaşanılan üzüntülü xatirələr və ya çətin həyat yolu. Hər xanımın həyatı şən və firavan keçmir. Görürük ki, bu, xanımların simasında böyük kədər və qalın qırışlar yaradıb. İstər-istəməz hiss olunur ki, həmin xanımın çox çətinlikləri olub.

Zəhmətkeş xanımlar görürəm ki, çox işləməyə məcburdur, baxıma vaxt çatdıra bilmirlər. Bu xanımlara hansısa vasitə ilə kömək etmək istəyirəm.

- İlk yerli ətir istehsalı adınızla bağlıdır. Yəqin ki, bu töhfə xanımların qayğılarına həssas yanaşmanızdan qaynaqlanır.

- Bilirdim ki, bu mənim xanımlarla birbaşa görüşümdür. İnanın ki, bu işə çox məsuliyyətlə yanaşdım, həyəcanlı idim. İndi də həyəcanlıyam.

- Çətinliklərdən söz düşmüşkən, sizdən də danışaq. Fəxriyyə Xələfovanı gülərüz görməyə adət etmişik. O da həqiqətdir ki, qadın bütün ağrı-acısını bəzən gözəl təbəssümündə gizlədə bilir. Həyatda qarşılaşdığınız ən böyük çətinliyiniz nə olub?

- Həyatda deməzdim. Birinci dəfə deyil ki, bu sual mənə verilir. Paris Moda həftəsində iştirak etmək üçün anket göndərmişdirlər. Bu sualla ilk dəfə 2007-ci ildə qarşılaşdım. Fikirləşdim ki, mənim çətinliklərim başqalarına elə görünməyə bilər, çünki daha ağır şəraitdə yaşayan insanlar var. Şikayət etməyə haqqım olmadığına qərar verdim.

Sonradan başa düşdüm ki, karyeramda ən böyük çətinlik, Azərbaycanın ilk peşəkar modelyeri olmağım olub. Paytaxtımızda birinci moda nümayişi keçirən, televiziyada ilk moda verilişini ərsəyə gətirən, ilk dəfə beynəlxalq tədbirdə iştirak edən, xarici dizaynerləri Azərbaycan ictimaiyyətinə tanış edən, modanın təbliği ilə məşğul olan mən olmuşam. 15 ildir ki, Mədəniyyət və İncəsənət Universitetində dərs deyirəm. Peşəkar kadrlar yetişdirmişəm. Hər mərhələdə birinci idim və mənə yol göstərən yox idi. Bu cığırı təkbaşına açdığım üçün mənə həqiqətən çətin idi. Bir rubrikanın hazırlanması üçün saatlarla montajda otururdum. Moda nümayişlərini hazırlamaq indiki kimi asan deyildi. Birinci moda nümayişimdə Azərbaycanda DJ-lər demək olar ki, yox dərəcəsində idi. Musiqi tərtibatını ancaq xaricdən gətirilən CD-lərdən özümüz montaj edərək istifadə edirdik. Moda nümayişinin hazırlanması barədə heç kəsin təcrübəsi yox idi. Həmişə imtahan verib sınaqlardan çıxmalı olurdum. Səhnənin arxasında dayanıb qorxurdum ki, nə isə düz alınmaz. Amma hazırda Azərbaycanda dəb sənayesi inkişaf edib. İndi foto, musiqi və səhnə tərtibatı, həmçinin saç və makiyaj peşəkarlara həvalə olunur. Biz isə o dövrdə bütün bunları kiçik qrupla özümüz həyata keçirirdik.

- Müsahibəni gözəllik notları ilə bitirmək istərdim. Bu təravətin sirri nədir?

- Ohh, nə deyim, yəqin ki, gendə. Anam Rəfiqə xanım son günlərinədək təravətli və gözəl qalmağı bacarmışdı. Bu, genetikdir. Yaşlanma dərimizdə çox hiss olunmur. Odur ki, anama borcluyam. Həm də deyirlər ki, zahirən anama çox bənzəyirəm. Qız anasına oxşayanda xoşbəxt olur deyirlər. Xoşbəxtəm ki, Allah bundan məni məhrum etməyib.

Aytən Məftun

Foto: Ceyhun Rəhimov


Xəbərin orijinal ünvanı: https://publika.az/projects/xususi/294388.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR