Prezidentin kadr islahatının hədəfi – TƏHLİL

Prezidentin kadr islahatının hədəfi – TƏHLİL
18:03 29 Oktyabr 2019
77 Digər
Ölkə mətbuatı
A- A+

Ya könüllü gedəcəksiniz, ya da 109-cu maddə ilə...

Tarix bunu “oktyabr dəyişikliyi” olaraq da yaza bilər, yaxud cəmiyyətin dediyi kimi, “oktyabr inqilabı” və ya başqa bir adla… Şübhəsiz ki, 2019-cu ilin oktyabr ayı Azərbaycanın təqviminə inqilabi dəyişikliklər dövrü olaraq düşəcək. Və burada əsas məqam təkcə kadrların yenilənməsi, yaxud yaşı çox olan məmurların vəzifədən alınması ilə yekunlaşmır. Reallıq ondan ibarətdir ki, Prezident İlham Əliyev Azərbaycanın təlatümlər burulğanı yaşamadan bütövlükdə yenilənməsi, yeni mərhələyə keçid etməsini təmin edir.

Siyasi ədəbiyyatda buna “ağrısız keçid” də deyirlər. Siyasi-iqtisadi idarəetmə yenilənir, cəmiyyətin həyatına mənfi təsirləri olmadan yeni mərhələyə keçid edilir. Burada ən mühüm məqamlardan biri Prezidentin sosial sifarişi qabaqlamasıdır. Çünki necə olmasından asılı olmayaraq, ölkələri idarə edən hakimiyyətlərin daxildən yenilənməməsi cəmiyyətin neqativ enerjisinin artmasına səbəb olur. Bu neqativ enerjini hesaba almasanız, tədricən sosial çağırışlar siyasiləşir və ciddi təhlükələrə yol açır. İndiyə qədər müşahidə etdiyimiz “rəngli inqilab”ların əslində “qanlı inqilaba” çevrildiyini və bunun baş verdiyi ölkələrin siyasi-iqtisadi-ictimai sisteminin kökündən dağıldığını görürük. Azərbaycanda belə perspektiv görünmür, lakin böyük siyasət prosesləri qabaqlamaq və proqnozları müəyyənləşdirmək deməkdir. Necə ki, “dövlət xadiminin siyasi xadimdən fərqi odur ki, siyasətçi gələcək seçkiləri, dövlət xadimi isə gələcək nəsilləri düşünərək fəaliyyət göstərir”.

Prezident İlham Əliyevin son günlər həyata keçirdiyi kadr islahatları onun gələcək seçkiləri yox, gələcək nəsilləri düşündüyünü və addımlarını hamımızın Vətəni olan Azərbaycanı təhlükəli təcrübələrdən uzaq tutmaq üçün atdığını göstərir.

Kadr islahatlarına ümumi baxış bunu göstərir, hərçənd, prosesin daha detallı tərəfləri də var və bunlar da yenə eyni hədəfə gedib çıxır: Azərbaycanın sağlam gələcəyinin təmin edilməsi...

Bunun üçün Prezident yuxarıdan dəyişikliklərə başladı, çünki “aşağıdan başlanan dəyişiklik inqilab, yuxarından başlanan dəyişiklik islahat”dır.

Həyata keçirilən islahatlar bir-biri ilə üzvü şəkildə bağlı olmaqla iki istiqamətdə aparılır: struktur və kadr dəyişikliyi.

Oktyabrın 15-də Prezident İlham Əliyevin yanında keçirilən iqtisadi müşavirədə dövlət başçısının dedikləri olduqca açıq mesaj idi və bu, bir neçə gün sonra atılacaq addımların anonsu sayıla bilərdi. Lakin kadr islahatlarında miqyasına və doğurduğu rezonansa görə oktyabr ayı xüsusi seçilsə də, dəyişikliklər hələ ötən il başlanmışdı.

Birbaşa cəmiyyətlə təmasda olan və neqativ halların yaşanacağı halda potensial sosial narazılıq doğuracaq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə gənc kadr – Sahil Babayev gətirildi; ASAN Xidmət brendinin yaranmasında əməyi olan İnam Kərimovun kənd təsərrüfatı naziri təyin edilməsi ilə bu sahənin inkişafı sürətləndirildi və fermerlərlə şəffaf əlaqələr təmin olundu; Ekologiya və Təbii Sərvətlər Nazirliyində, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində və digər dövlət qurumlarında rəhbər dəyişiklikləri həyata keçirildi. Buna paralel olaraq, idarəetmənin optimallaşdırılması və büdcə yükünün azaldılması üçün struktur dəyişiklikləri də reallaşdırıldı.

Ötən il həyata keçirilən kadr və struktur islahatları öz bəhrəsini verdi. Misal üçün, Vergilər Nazirliyində rəhbərliyin dəyişməsi 350 milyon manat əlavə vergi yığımı ilə nəticələndi ki, dövlət başçısının dediyi kimi, bu vəsait əhalinin sosial rifahının yaxşılaşdırılmasına xərcləndi. 2019-cu il ərzində əmək haqları, sosial müavinətlər və əmək pensiyaları ümumilikdə 70 faizdən çox artdı.

Yaşı 80-ni keçmiş baş nazir Artur Rasizadənin istefaya göndərilməsi isə hələ o zaman gənc kadrların önə çəkilməsi prosesinin başladığını deməyə əsas verirdi. Dövlət başçısının kadr islahatlarını niyə tədricən həyata keçirməsi də maraqlıdır.

Birincisi, kadr islahatları struktur islahatlarının tərkib hissəsi olaraq aparılır;

İkincisi, məqsəd islahatların konkret nəticələrə hesablanmasıdır;


Bu, iki vacib amil təsdiqləyir ki, həyata keçirilən islahatlar müəyyən qrupların ictimai fikrə sırımağa çalışdığı “vurulma” prosesi yox, dövlətin güclənməsinə hesablanmış addımlardır.

Dövlət başçısının yaşı keçmiş məmurları qəbul etməsi və dövlət qarşısındakı xidmətlərini qiymətləndirərək, yola salması da bunu təsdiqləyir.

Prezident İlham Əliyev əvvəlcə baş nazirin müavinləri Əli Həsənov və Hacıbala Abutalıbovu qəbul etdi. Hər iki şəxsin uzun müddət dövlət və hakimiyyət qarşısındakı xidmətlərindən bəhs etdi və onlarla vidalaşdı. Dövlət başçısının hər iki şəxslə görüşdə səsləndirdiyi “Siz yaxşı nümunə göstərirsiniz. Ümid edirəm ki, iqtidar komandasında təmsil olunan digər şəxslərə də bu, yaxşı bir örnək olacaqdır” sözləri yaşı 70-i keçsə də, hələ də vəzifələrindən könüllü getmək istəməyənlərə ünvanlanmış mesaj idi. Dövlət başçısının sonuncu müşavirədə “islahatlara alternativ yoxdur” sözləri də bunu təsdiq edir.

Kadr və struktur islahatlarının hədəfi Prezidentin də bəyan etdiyi kimi “iqtisadi müstəqilliyimizin təmin edilməsidir”. Çünki iqtisadi müstəqillik siyasi müstəqillik deməkdir və belə müstəqilliyi olan ölkəyə kənar müdaxilə imkanları da sıfıra enir. Kənar müdaxilələrə imkan verilməyən ölkələrdə həmişə milli iradə əsas həlledici faktordur və Azərbaycan liderinin əsas tezisi də budur: Azərbaycan xalqı taleyinə özü qərar verməlidir.

İslahatların iqtisadi blokdan başlanması da məhz bu hədəfə hesablanıb. Prezidentin sərəncamı ilə baş nazir postunda Novruz Məmmədovu Əli Əsədov əvəz etdi. İqtisadiyyat naziri Şahin Mustafayev baş nazirin birinci müavini təyin edildi. Ardınca Vergilər Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi, Antiinhisar Komitəsi İqtisadiyyat Nazirliyinin tərkibinə daxil edildi və Mikayıl Cabbarov “supernazirlik” adlandırılan İqtisadiyyat Nazirliyinin rəhbərliyinə gətirildi. Prezidentin Mikayıl Cabbarovu qəbul edərkən verdiyi tapşırıqlar, xüsusilə sahibkarlar üçün fəaliyyət şəraitinin yaxşılaşdırılması, vergidən başqa heç bir ödənişin alınmaması ilə bağlı göstərişləri Azərbaycanda yeni və şəffaf iqtisadi modelə keçidin nəticəsi sayıla bilər.

Prezident İlham Əliyevin Azərbaycan dövlətçiliyinin inkişafında xüsusi rol oynamış Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevlə bağlı qərarı və ona xüsusi münasibəti isə islahat prosesində diqqətçəkən əsas məqamlardan hesab oluna bilər.

Prezident haqlı olaraq, böyük dövlət adamı adlandırılan Ramiz Mehdiyevi qəbul etdi və Azərbaycanın ən mühüm dövlət mükafatlarından olan “Heydər Əliyev” ordeni ilə təltif etdi. Qəbulda dövlət başçısı Ramiz Mehdiyevə dövlət qarşısındakı xidmətlərinə görə təşəkkür etdi və bildirdi ki, “... Həyat yerində durmur, artıq yaşınız səksəni keçib və siz də həmişə deyirdiniz ki, biz gərək gəncləri irəli çəkək, gənclərə yol verək, onlar da yetişsinlər ki, bizim inkişafımız uzunmüddətli olsun. Gənclər elə yetişməlidir ki, gələcəkdə onlar ölkəmizi layiqincə idarə edə bilsinlər. Gənclər milli ruhda tərbiyə olunmalıdır. İndi siz də yaxşı bilirsiniz, bu qloballaşma adı altında demək olar ki, bəzi ölkələrin, xalqların milli mənliyi elə bil, silinmək təhlükəsi ilə üzləşib. Qloballaşma adı altında eyniləşmə gedir, bəzi xalqlara yad olan dəyərlər aşılanır və biz buna müqavimət göstəririk. Biz elə gənclər yetişdirməliyik ki, onlar Vətənə, xalqa bağlı olsunlar, müstəqilliyi hər şeydən üstün tutsunlar. Ona görə də gənc kadrların qabağa çəkilməsi onlara imkan verir ki, həm təcrübə toplasınlar, həm də artıq yaşlı kadrlar öz məsləhətlərini verməklə onları düzgün yola istiqamətləndirsinlər”.

Prezidentin sərəncamı ilə Ramiz Mehdiyev Azərbaycan Respublikasının Təhlükəsizlik Şurasının üzvü təyin olundu. Bununla yanaşı, Milli Elmlər Akademiyasının yeni prezidenti seçildi. Uzun illər dövlətin idarəçiliyində iştirak edən akademik Ramiz Mehdiyev bundan sonra həm Azərbaycan elminin inkişafı istiqamətində çalışacaq, həm də Təhlükəsizlik Şurasının üzvü kimi mühüm dövlət məsələlərində öz məsləhətlərini verəcək.

Dövlətçilik ənənələri belə müsbət örnəklərlə formalaşır. Dövlət başçısı ölkə və xalq üçün mühüm xidmətləri olan şəxslərə - uzun illər yüksək vəzifələrdə çalışmış kadrlara münasibətini ortaya qoymaqla, “ölkə üçün görülən heç bir iş, müsbət addım diqqətdən kənarda qalmır və yüksək qiymətləndirilir” mesajını verdi.

Eyni zamanda, yaşı 70-i keçmiş və yenilənməyə hazır olmayan məmurlar üçün də yol göstərildi. Yəni ki, qarşıda iki yol var: tutduğunuz vəzifədən ya könüllü şəkildə və hörmətlə vidalaşacaqsınız, ya da Konstitusiyanın 109-cu maddəsi ilə...

Asif Nərimanlı


Xəbərin orijinal ünvanı: https://publika.az/news/nida_tehlil/294527.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR