Poroşenkonu hədələyən Ramil Hüseynli öldürüldü - FOTO

Poroşenkonu hədələyən Ramil Hüseynli öldürüldü - FOTO
17:12 16 Yanvar 2015
139 Dünya
Ölkə mətbuatı
A- A+

Ukraynada separatçı “Donetsk Xalq Respublikası”nın tərəfində döyüşən və prezident Pyotr Poroşenkonu hədələyən azərbaycanlı muzdlu öldürülüb.

Virtualaz.org saytı Ukrayna mənbələrinə istinadən xəbər verir ki, muzdlu-snayper olan Ramil Hüseynli yanvarın 1-də hazırda separatçıların nəzarətində olan Novoazovsk şəhərində Ukrayna ordusunun tərəfində döyüşən partizanlar tərəfindən öldürülüb. Onun cəsədi artıq Azərbaycana yola salınıb.

İnternetdə Ramil Hüseynlinin cənazəsinin furqon tipli avtomobilə yüklənərək separatçılar tərəfindən yaylım atəşi ilə Azərbaycana yola salınmasını əks etdirən videokadrlar da yer alır.

R.Hüseynli ötən il oktyabrın 13-də Ukrayna prezidenti Pyotr Poroşenkoya “salam” göndərmişdi və YouTube portalında yer alan çıxışında deyib ki, onlarla zarafat etmək olmaz.

“Qoy Poroşenko öz “şmotka”sını toplasın və benderlərin yanına qaçsın, çünki biz gəlirik” - deyə Ramil Hüseynli “Donetsk Xalq Respublikası”nın digər döyüşçülərinin əhatəsində bildirib.

Donetsk separatçılarından birinin internet bloqunda göstərilir ki, Azərbaycan vətəndaşı olan, “Ramil” kod adlı könüllü Ramil Hüseynli yanvarın 1-də “hərbi borcunu yerinə yetirərkən” həlak olub. Onun ötən il sentyabrın 13-dən Donetsk separatçılarının tərəfində döyüşdüyü məlum olur.

“O vaxtdan bəri az qala 4 ay ərzində bir dəfə də evdə olmayıb... Səngərlər... Blok-postlar... Döyüşlər... Adam rus dilində güclə danışırdı və sözləri həmişə qarışıq salırdı, praktiki olaraq bütün ədatların arxasında “ь” qoyurdu. Ramil, biz səni həmişə xatırlayacağıq! Rahat uyu!” - separatçı bloqunda yazır.

Ramil Hüseynlinin “Vkontakte” sosial şəbəkəsindəki səhifəsində onun Ukraynadakı macəraları haqda məlumat verilirdi, ancaq azərbaycanlı muzdlu öldürüləndən sonra onun səhifəsi bağlanıb.

Milli.Az





RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR