Gənclərin işə götürülməsini asanlaşdırmaq üçün qanunvericiliyə dəyişikliklər təklif olunur

Gənclərin işə götürülməsini asanlaşdırmaq üçün qanunvericiliyə dəyişikliklər təklif olunur
17:13 16 Yanvar 2015
114 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 16 yanvar /Trend, müxbir İlkin İzzət/

Gənclərin işə götürülməsi prosesinin asanlaşdırılması üçün qanunvericilikdə müəyyən dəyişikliklər edilməsinə ehtiyac var. Trend xəbər verir ki, bunu “İrəli” İctimai Birliyinin sədri Mirhəsən Seyidov deyib.

“İrəli”nin sədrinin fikrincə, ictimai birliklər gənclərin öz bacarıqlarını ortaya qoya bilməsinə imkan yaradır: “Gənclik daim yenilik, kreativlik axtarışındadır. Bu gün Azərbaycan cəmiyyətində minlərlə gənc var ki, onların yeni ideyaları, bacarıqları mövcuddur. Lakin gənc hər zaman bu ideyalarını həyata keçirə bilmir. Bəzən bunun üçün resurs çatışmazlığı, bəzən isə sadəcə olaraq stimul olmur. Bir çox hallarda isə yaranan ideya tam təkmil olmadığı üçün gənc onu təkbaşına həyata keçirə bilmir. İctimai birliklər ona görə yaranır ki, gənclər burada öz bacarıqlarını ortaya qoya bilsinlər. Burada gənclər üçün müxtəlif resurslar, stimul və komanda ilə işləmək üçün imkanlar yaranır”.

M.Seyidovun sözlərinə görə, gənclərin hər hansı ideyalarını gerçəkləşdirmək, onu cəmiyyətdə tətbiq etməsi üçün həm maliyyə, həm də əlavə qüvvə lazımdır. Hazırda Azərbaycan Gənclər Fondu tərəfindən gənclərin fərdi layihələrinə maliyyə dəstəyi verilir və onlar müstəqil şəkildə layihələr həyata keçirə bilirlər. Lakin burada bir incə məqam var. Belə ki, gənc layihəsini həyata keçirmək üçün əlavə vaxt sərf etməli, ətrafına layihədə iştirak edəcək digər gənclər toplamalıdır. Amma bütün bunlar ictimai birliklərdə hazır olur: “Qısası, ictimai birliklər vasitəsilə gənclər öz istəklərinə daha qısa yolla çata bilirlər. Bu, həmçinin əlavə vaxt itkisinin qarşısını alır”.

Onun qənaətincə, ilk növbədə ortaya qoyulan hər bir layihə gənclərin mənafeyinə xidmət etməli, regionlarda daha çox tədbirlər keçirməlidirlər: “Çünki regionlarda elə gənclər var ki, onlar sadəcə olaraq çox güclü ideya generatorlarıdır. Amma onların çıxış imkanları yoxdur”.

Təşkilatın sədri hesab edir ki, gənclər üçün həyata keçirilən layihələr onların karyersında təkan rolunu oynamalıdır: “Gənclər gələcək fəaliyyətlərində ictimai birliklərdə qazandıqları vərdişlərlə yanaşı, əldə etdikləri nailiyyətləri növbəti mərhələdə istifadə edə bilməlidirlər. Məsələn, gənclərə sonda təqdim olunan diplom və sertifikatlar onların gələcək iş fəaliyyətində nəzərə alınmalıdır. Deyək ki, gənc 7 il könüllü olaraq fəaliyyət göstərib. Onun kifayət qədər iş təcrübəsi olsa da, əmək kitabçası yoxdur. Ona görə də gənc işə götürüləndə əmək kitabçasından çox onun iş təcrübəsi nəzərə alınmalıdır. Bunun üçün yəqin ki, qanunvericilikdə müəyyən dəyişikliklər edilməsinə ehtiyac var”.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR