Bacılar, qardaşlar, müqəddəs bayramınız mübarək!

Bacılar, qardaşlar, müqəddəs bayramınız mübarək!
10:33 31 Oktyabr 2019
73 Digər
Ölkə mətbuatı
A- A+

Leyla Sarabi

- Xahiş edirəm, sabah uşağı corabına qədər qapqara geyindirin.

- Zəncir vurmağa aparacaqsınız?

- Yox, nə danışırsınız?! Bağçada Hellouin bayramını qeyd edəcəyik.

- Belə baxanda mahiyyətcə eyni şeydir.

İlahi, xalqımın tolerantlığına heyranam. Hüseynin matəmində baş yarırıq, fransızın salatından hazırlayıb, rusun vodkası ilə İsanın mövludunu bayram edirik. Az qalsın atasının günahlarında sovrulan İsmayılın qurtuluş günü alnımızı qana bulayırıq, ata-babamızın görüb-eşitmədiyi keltlərin (siz də tanımadınız, hə? Eyib etməz, 100 ilə onlarla da doğmalaşacağıq - müəl.) ruhqovdu ayinini süddən təzə qopan körpələrimizə təbliğ edirik.

Humanistliyimizə keltlərin ruhu qurban olsun, heç olmasa gəlin, balqabaq bayramının kökünə gedək.

Əslində Helloenin xristianlıqla da heç bir əlaqəsi yoxdur. Sözün özü “All hallows eve” yəni “bütün müqəddəslərin axşamı” kimi tərcümə olunur.

Ta qədim əyyamlarda kelt adlı qəbilə varmış, özləri də İngiltərə, İrlandiya və Fransanın şimalında yaşayırlarmış. Allahın təbiətinə qarşı da xəsis davranan keltlər fəsilləri dörd yox, iki yerə bölürlərmiş.

31 oktyabr hər kelt ilinin son günü sayılardı. Məhsul yığımı, qış fəslinə keçid də bu günə təsadüf edərdi. Kelt xalqı düşünürdü ki, bu müqəddəs gecə o dünyanın qapıları taybatay açılır, ölü ruhlar yağış olub bir-bir dünyamıza tökülür. Hətta ev heyvanlarının cildinə girib rahat dolaşırlar. Halbuki daha sonra gələn müqəddəs kitablar ölülərin dirilərlə münasibətini mümkünsüz sayır.

Buna baxmayaraq, ezoterika elmilə məşğul olanlar hələ də düşünürlər ki, Hellouində ifritə libasına bürünənlərin içində mütləq ölülərin ruhları olanlar da var. Onlarla qarşılaşmaq cəsarətiniz varsa, həmin gecə paltarınızı tərs üzünə geyinib küçə boyu arxaya doğru addımlayın. Amma bilmirəm qarşınıza çıxacaq ruh sağ ikən hansı dinə sitayiş edib. Bəlkə də ateist olub. Nə isə məndən demək, sınayıb-sınamamaq öz işinizdi...

Hellouin bir növ Novruz bayramının daha tragik formasıdır. Öz aramızdır Kosa, Keçəl kimi əcaib bayram personajlarımız Hellouin karnavallarına da çox yaraşar.

Hellouinin əcdadı Samayn (tərcümədə “yayın sonu” deməkdir) sayılır. Maraqlıdır ki, irlandlar hələ də oktyabrın 31-dən noyabrın 1-nə keçən gecə Samaynı qeyd edir, ölmüşlərinin ruhunu sakitləşdirməyə çalışırlar. Bu gün Hellouində geyilən karnaval kostyumlarının tarixi də keçmişə gedib çıxır. İnsanlar yer üzünə enən ölüləri, elə ölüm mələyinin özünü bu obrazla aldatmağa çalışırdılar.

Mənbəyi Avropadan gələn Hellouin bu gün ulu babası Samaynın funksiyasını yerinə yetirir. Yəni şən vahiməli maskaradda iştirak edənlər ölümün özünü qorxutmaq, aldatmaq məqsədi güdürlər.

Təsəvvür edin Avropa küçələrində ilk gəzinti ayininizi yerinə yetirirsiniz, yaxud ticarət mərkəzində geyim seçirsiniz. Kəsilmiş qolundan qan daman zombilər, gözü axıb üzünə tökülən əcaib varlıqlar deyə-gülə ətrafınızı sarır. Pişik kimi yerdə qaçan ürəyinizi götürüb udursunuz, birdən xatırlayırsınız ki, axı zəhrimara qalmış Hellouindir. Həmin gün hətta mağazalarda sizə pulsuz bayram konfetləri ehsan olunur. Bir növ halva kimi...

Yeri gəlmişkən, Hellouin gecələrində balaca uşaqlar küçələrə tökülüşüb, ev-ev, qapı-qapı gəzir. Konfet, pul qarşılığında təlxəklik edirlər. Bir az dərin düşünəndə, proses tük ürpədir.

Novruzda səməni olduğu kimi, Hellouinin də rəmzi balqabaq Cekdir, daha doğrusu Cekin balqabağı...

Mübarək Hellouinə görə il boyu Avropada xüsusi balqabaq növü yetişdirilir. Bayram günü də bir üzərində gülən bədheybət çizilir. İçərisinə fənər qoyulur. Belə "aydın" balqabaqlara Cekin lampası deyirlər.

Bəs Cek kimdir???

Əfsanəyə görə, bu bədbəxt irland vaxtilə nə şeytanı aldada bilib, nə də Allahı. Deməli, dəmirçi Cek bir dəfə şeytanla meyxanaya gedir. İçib sərxoş olandan sonra baxır ki, cibində qara qəpiyi də yoxdur. Şeytana yalvarır ki, qəpiyə dönsün, bu da hesablaşıb evinə getsin. Şeytan Cekin istəyini yerinə yetirir, o da qəpiyi götürüb xaç olan cibinə qoyur. Bilirsiniz də şeytanlar da dindən qorxur. Bu yazıq da xaçı görüb Cekin cibində can verir. Söz verir ki, məni xilas elə sənə toxunmayacam. Dindar Cek bir neçə dəfə şeytana elə toy tutur ki, axırda ana torpaq da əlindən bezir. Acgöz dəmirçi ölüb gedir, amma Allah da onu qəbul etmir. O da yer üzünə qayıdır, ağ turpun içini oyub şam qoyur. Əlindəki turp çıraq ilə Məcnun olub çölləri gəzir. Sonralar turpu balqabaq əvəzləyir. Özü də Amerikada... Amerikaya mühacirət edən şotlandlar və irlandlar bayram ənənələrini özlərilə birgə ştatlara yayırlar. Amerikalılar da qərar verir ki, balqabaq turpdan daha estetikdir.

Bayram günü insanlar öz əlləri ilə hazırladıqları Cek lampalarını gecə evin önündə qoyurlar ki, bəd ruhlar il boyu onları narahat eləməsin.

Əlqərəz, bu gün uşaq müqəddəs Hellouini məktəbdə qeyd edəcək. Sabah isə ailəmizi yığıb, balqabaqlar alıb, masanın üstünə qoyacağıq. Allah verəndən, bişirib, yeyib, bir-birimizi təbrik edəcəyik. Gecə də pis baxan olmasa, zombi kostyumlarımızı geyinib ölümü aldatmağa çıxacağıq.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/koshe/294682.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR