Səfirlik sosial şəbəkədəki təxribatla bağlı bəyanat yaydı

Səfirlik sosial şəbəkədəki təxribatla bağlı bəyanat yaydı
01:33 1 Noyabr 2019
88 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycanın Rusiyadakı səfirliyi VKontakte” sosial şəbəkəsində yaradılmış “V.B.O.N” səhifəsi ətrafında yaranmış vəziyyətlə bağlı bəyanat yayıb.

Səfirlikdən Publika.az-a daxil olan məktubda deyilir:

“VKontakte” sosial şəbəkəsində yaradılmış “V.B.O.N” səhifəsinin guya milliyyətçi və hətta terrorçuluq fəaliyyəti ilə bağlı sosial şəbəkələrdə və mətbuatda qərəzli müzakirələrlə əlaqədar səfirlik bəyan edir ki, anti-Azərbaycan qüvvələrin bu kampaniyası Rusiya azərbaycanlılarını gözdən salmağa və millətlərarası münaqişənin, konkret olaraq, ruslarla azərbaycanlılar arasında münaqişənin qızışdırılmasına yönəldilib.

Baş verənlərin xronologiyası göstərir ki, bu kampaniyaya məhz Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2019-cu il oktyabrın 3-də “Valday” Beynəlxalq Diskussiya Klubunun Soçidə keçirilmiş XVI illik iclasının plenar sessiyasında, eləcə də MDB Dövlət Başçıları Şurasının 2019-cu il oktyabrın 11-də Aşqabadda keçirilmiş iclasında məlum çıxışlarından sonra start verilib. MDB Dövlət Başçıları Şurasının iclasında Azərbaycan Prezidenti İlham Əliyev Qaregin Njdeni misal gətirərək, faşizmin qəhrəmanlıq kimi qələmə verilməsinin və faşizm ardıcıllarının xatirəsinin əbədiləşdirilməsinin yolverilməzliyini qeyd edib.

Biz hamımız milliyyətçi əhval-ruhiyyə və baxışların nəticələrinin, eləcə də bu nəticələrin dünya miqyaslı faciələrə gətirib çıxarmasının şahidiyik. Buna görə də çoxmillətli dövlətlər olan Azərbaycan və Rusiya bu cür təzahürlərə olduqca ehtiyatla yanaşır və onları kökündən kəsməyə çalışır. Bizim ölkələrdə milliyyətçi baxışlara yer yoxdur. Hər iki ölkədə müxtəlif millətlərin və konfessiyaların nümayəndələri yüzilliklərboyu sülh şəraitində dinc yaşayıblar.

Bu gün Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında münasibətlər strateji səviyyəyə qalxıb. Bütün sahələrdə əlaqələrimiz fəal inkişaf edir. Əlbəttə ki, bu, Rusiya-Azərbaycan münasibətlərinə xələl gətirməyə, rus və Azərbaycan xalqlarını küsdürməyə çalışan üçüncü qüvvələri razı salmır.

Rusiya Federasiyasının hüquq-mühafizə orqanları artıq həmin qüvvələr barədə araşdırmaya başlayıb və biz də o qüvvələrin diqqətinə çatdırırıq ki, canfəşanlıqları əbəsdir. Tolerantlıq azərbaycanlıların və rusların həyat tərzidir. Biz bu kampaniyanın mahiyyətini anlaya biləcək və onun çox zərərli təsiri altına düşməyəcək qədər müdrikik. Onsuz da gərgin vəziyyəti daha da gərginləşdirməyə çalışan ekstremallara isə öz düşünülməmiş addımlarının nəticələri barədə düşünməyi məsləhət görürük.

Naməlum müəlliflərin sosial şəbəkələrdə yaydıqları ayrı-ayrı videolara gəldikdə isə hesab edirik ki, onların həqiqiliyi müvafiq hüquq-mühafizə orqanları tərəfindən yoxlanılmalı, təqsirkarlar Rusiya qanunvericiliyi çərçivəsində cəzalarını almalıdırlar. Eyni zamanda, Rusiya cəmiyyətində guya azərbaycanlıların ruslara qarşı milli dözülməzliyinin olduğu fikrini formalaşdırmaq məqsədilə bu cür videoların yayılması təcrübəsini kəskin pisləyirik.

Səfirlik həmvətənlərimizi diqqətli olmağa, Rusiyada yaşayan azərbaycanlıların imicinə xələl gətirə, habelə Azərbaycana qarşı istifadə oluna biləcək hər hansı təxribatlara uymamağa çağırır”.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/nida_xeber/294786.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR