Cəfər Cabbarlının 120 illik yubileyi AzTU-da qeyd olundu - FOTO

Cəfər Cabbarlının 120 illik yubileyi AzTU-da qeyd olundu - FOTO
17:42 1 Noyabr 2019
80 Ölkə
Ölkə mətbuatı
A- A+

Noyabrın 1-də Azərbaycan Texniki Universitetində (AzTU) görkəmli şair, yazıçı-dramaturq Cəfər Cabbarlının anadan olmasının 120 illiyinə həsr edilmiş təntənəli yubiley tədbiri keçirildi. 

Milli.Az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin böyük ədibin yubileyi ilə bağlı imzaladığı 17 dekabr 2018-ci il tarixli sərəncamına uyğun olaraq  keçirilən təntənəli mərasimi açan AzTU-nun rektoru, professor Vilayət Vəliyev  dahi yazıçının zəngin yaradıcılığından söz açdı və Texniki Universitetin ədəbi mövzulara diqqətinin önəmini vurğuladı. Professor V.Vəliyev C.Cabbarlı yaradıcılığının əsas mövzuları olan vətənpərvərlik, qəhrəmanlıq və əbədi sevginin bu gün də gənc nəslin formalaşmasında böyük rolu olduğunu qeyd etdi. Rektor bunu da xatırlatdı ki, C.Cabbarlı AzTU-nun sələfləri sırasında olan Bakı Politexnikumunun məzunu olub.
Cəfər Cabbarlı yaradıcılığının tanınmış tədqiqatçısı, professor Tahirə xanım Məmməd isə çıxışında böyük sənətkarın həyatı və ictimai-siyasi fəaliyyəti ilə bağlı maraqlı, az bilinən faktları iştirakçıların diqqətinə çatdırdı.

Daha sonra Ulu öndər Heydər Əliyevin C.Cabbarlının heykəlinin ucaldılması  prosesi ilə bağlı tarixi açıqlaması və fikirlərinin yer aldığı videoçarx nümayiş etdirildi.

Yubiley tədbiri tələbələrin ifasında şeir və mahnıların səsləndirilməsi ilə davam etdi. Onların ifasında "Oqtay Eloğlu" əsərindən bir parça oynanıldı və tələbələr həmçinin gənc Cəfərin Nuru Paşa ilə  görüş səhnəsini canlandırdılar. 

Respublikanın Əməkdar artisti Fehruz Səxavətin ifasında "Azad bir quşdum",  AzTV-nin  solisti Nicat Cəfərzadənin ifasında "Tellər oynadı" və tanınmış müğənni Vüsal Hacıyevin ifasında "Gərək Günəş dağları açıb sönməyəydi" mahnıları alqışlarla qarşılandı. 

Gənc müğənnilər Aydan və Fidan Süleymanzadələrin ifasında sözləri və musiqisi C.Cabbarlıya  aid olan  "Zalım yar" mahnısı  maraqla dinlənildi. 

Dahi ədibin nəvəsi, C.Cabbarlı  Ev muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Qəmər Seyfəddinqızı yubiley tədbirinin yüksək səviyyədə təşkil olunduğunu vurğulayaraq başda rektor Vilayət Vəliyev olmaqla AzTU-nun kollektivinə öz minnətdarlığını bildirdi.

Yubiley tədbiri AzTU tələbəsinin ifasında "Çırpınırdı Qara dəniz..." mahnısının sədaları  altında yekunlaşdı.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/798989.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR