Mailyan bir otaqda, Həsənli digərində... - Vaşinqtonda Bakıya qarşı erməni oyunu

Mailyan bir otaqda, Həsənli digərində... - Vaşinqtonda Bakıya qarşı erməni oyunu
18:08 4 Noyabr 2019
67 Digər
Ölkə mətbuatı
A- A+

Bir neçə dəfə Azərbaycanda müxalifət adına iddia edən qrupun – Milli Şura/AXCP və bu qrupa rəhbərlik edənlərin erməni diasporu/lobbisi ilə ortaq hərəkət etdiyi haqda yazmışıq. Müşahidələrimiz “milli demokratların” hakimiyyətə gəlmək uğrunda Azərbaycana qarşı fəaliyyətdə ya birbaşa, ya da dolayısı ilə bu ölkənin düşmənlərinin də olduğu ssenarilərdə yer aldığını, yaxud erməni lobbisinin hazırladığı ssenarilərin icraçıları rolunda çıxış etdiklərini göstərir.

ABŞ-da Ramis Yunus, Avropada Arif və Leyla Yunuslar, eləcə də məlum separatçılar, bu çətirin altında toplanan “mühacir”lər, Milli Şura və AXCP və onların yaxın ətrafı... Bu məkri oyunların vasitəçiləri və icraçıları bunlardır. Azərbaycana qarşı tətbiq olunmasına cəhd edilən bu oyunların arxasında erməni diasporu/lobbisi ya birbaşa, ya da dolayısı ilə yer alır.

Və erməni diasporu/lobbisi üçün əsas hədəf rəsmi Bakının “qollarını qandallamaq”, “demokratiya” adı altında təzyiqlərin edilməsi və mümkünsə sanksiyaların tətbiqidir.

Vasitəçi və icraçı qismində iştirak edən Azərbaycan soyadı daşıyanlar isə yeganə hədəfi hakimiyyətə gəlməkdir, hansı yolla olursa olsun...

Bir neçə gün öncə - oktyabrın 31-də Vaşinqtonda Milli Mətbuat
Mərkəzində təşkil olunan “Azerbaijan: Peaceful protests and torture” adlı tədbir bu prosesdə sonuncu halqalardan biri idi.

Oktyabrın 19-da Milli Şuranın uzun müddətdən sonra israrla qanunsuz aksiyaya əl atması erməni lobbisinin Azərbaycana qarşı “demokratiya” üzərindən təşkil etdikləri hücum ssenarisində kiçik də olsa yeni mərhələyə keçid cəhdi idi. (Bakıda “qanlı” ssenarilərin müəllifləri və “siyasi mühəndislik” oyunu).

Noyabrın 2-də bu cəhd davam etdiriləcəkdi, lakin oktyabrın 31-də Mili Şuranın sədri, hazırda elmi fəaliyyət adı ilə ABŞ-da olan Cəmil Həsənlinin müraciətindən sonra mitinq qərarı ləğv olundu. Həmin günün axşamı Cəmil Həsənli Vaşinqtonda Azərbaycana qarşı təşkil edilən brifinqdə iştirak etdi. 10-11 nəfərlik tədbirdə Cəmil Həsənli ilə yanaşı, Əli Kərimlinin əsas təbliğatçılarından olan Sevinc Osmanqızı və Amnesty İnternational təşkilatının Avropa və Mərkəzi Asiya üzrə direktoru Daniel Balson da iştirak edirdi. Tədbirin əsas təşkilatçısı isə ABŞ-da yaşayan Ramis Yunus olub.

Cəmil Həsənli çıxışında Azərbaycandan şikayətlənib və qeyd edib ki, “hakimiyyəti dayandıracaq yeganə amil Qərbin sanksiyalarıdır”.

Sanksiya çağırışı çox tanışdır. 2015-ci ildə rəsmi Bakıya qarşı sanksiya layihələrini erməni lobbisinin üzvü olan konqresmen Kristofer Smit irəli sürmüşdü. Onun irəli sürdüyü qətnamə sanksiyasında qeyd olunurdu ki, Azərbaycan rəsmilərinin Qərb ölkələrinə vizası ləğv olunsun və yalnız Qarabağ danışıqlarında iştirak etmək lazım olanda verilsin. Bu, Azərbaycanı Dağlıq Qarabağ münaqişəsində təslimçi sülhə məcbur etmək planı idi. (Azərbaycanı təslimçi sülhə məcbur etmək cəhdi... -). Həmin vaxt Milli Şura/AXCP qruplaşması Smitin “təslimçi layihəsi”ni demokratiyaya dəstək adı altında təbliğ edir, Azərbaycanın ictimai rəyi üzərində manipulyativ fəaliyyətlər həyata keçirirdi.

Bu, məkrli cəhd baş tutmadı, lakin erməni lobbisi Bakının “qollarını qandallamaq” planını heç vaxt rəfə qaldırmayıb. Kristefor Smitin məlun layihəsindən aylar sonra – 2016-cı ilin aprelində Azərbaycan Ordusu işğalçı ölkənin təxribat hücumlarına cavab olaraq, işğal altındakı ərazilərin bir qismini azad etdi. Ermənistanda məğlubiyyət isteriyası bir sıra etirafların da səsləndirilməsinə səbəb oldu. O etiraflardan biri də “Armenianreport” saytında 2016-cı il 19 aprel tarixində dərc olunan “Zərbə arxasınca zərbə: indi də ABŞ-dan” adlı məqalədə var idi: “Azərbaycan Rusiyadan, İsraildən və bir çox ölkədən rahat şəkildə silah alaraq ordusunu gücləndirdi. Amma bizim hakimiyyətimiz buna qarşı heç nə edə bilmədi, ən yaxşı halda susdular. Ermənistanda hakimiyyət artıq çoxdandır ölkənin təhlükəsizliyi məsələsini diasporun çiyinlərinə yükləyib. Hansı ki, diaspor Azərbaycana qarşı demokratiya çağırışları ilə dünyanın diqqətini bura cəlb edəcək və rəsmi Bakının qollarını qandallayacaqdılar. Bizə söz verdilər ki, Bakıya qarşı ən sərt sanksiyalar tətbiq olunacaq. Haradadır o sanksiyalar?! Onlar yoxdur”.

Hadisələr təsdiqləyir ki, erməni diasporu\lobbisi Azərbaycana qarşı sanksiyalar tətbiq edilməsi üçün uzun müddətdir çalışır, özlərini “milli demokratlar” adlandıranlar isə “bəlkə hakimiyyətə gəldik” ehtirası ilə bu prosesdə icraçı rolunda çıxış etməyə razılaşıblar.

31 oktyabrda Vaşinqtonda keçirilən tədbir öncəsi və tədbirdə baş verənlər də bunu bir daha təsdiqləyir.

Anti-Azərbaycan tədbirindən iki gün öncə - oktyabrın 29-da ABŞ Konqresinin Nümayəndələr Palatası qondarma “erməni soyqırımı” haqda qətnamə qəbul etdi. Bu, qardaş Türkiyənin milli siyasətinə qarşı təzyiq gedişidir. “Milli demokratlar” – nə Əli Kərimli, nə Cəmil Həsənli, nə də digərləri bu məsələdən bir cümlə belə yazmadı.

Oktyabrın 30-da Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş torpaqlarında yaradılan separatçı rejimin “xarici işlər naziri” Masis Mailyan Konqres binasının zallarından birində Azərbaycana qarşı çıxışlar edirdi. “Milli demokratlar” yenə ağızlarına su alıb oturmuşdular. Hətta bu məsələyə görə Azərbaycanın ABŞ-a nota verməsi bu qrupun trolları tərəfindən sosial şəbəkədə lağlağı mövzusuna çevrildi. Milli məsələlərdə əyani satqınlar edənlər Vaşinqtonda Azərbaycana qarşı sanksiya tətbiq edilməsi üçün Qərbin qarşısında “diz çökmüşdülər”.

Məlum tədbirdə türk diplomatı bu dizi yerdən qalxmayanlara əsl vətənpərvərlik nümunəsi göstərdi. Cəmil Həsənli “Azərbaycanın ən böyük problemi internet azadlığının olmamasıdır” deyəndə, Türkiyənin ABŞ-dakı səfirliyinin nümayəndəsi istehza ilə belə müdaxilə edib: “Amma bizdə olan məlumata və xalqın fikrinə görə, Azərbaycanın ən böyük problemi Qarabağdır”. Cəmil Həsənli və Osmanqızının Azərbaycanı FETÖ ilə əməkdaşlıqda günahlandırımasına da türk diplomat sərt cavab verib. O, FETÖ ilə bağlı ittihamları rədd edərək, Azərbaycanın Türkiyənin yanında olduğunu, ən birinci dəstək göstərənlərdən biri olaraq müvafiq məktəbləri bağladığını qeyd edib və bu dəstəyə görə Azərbaycan hökumətinə təşəkkürünü ifadə edib.

Türkiyəli diplomat Cəmil Həsənli və digər çıxışçılardan oktyabrın 30-da separatçı Dağlıq Qarabağ rejiminin nümayəndəsinin Konqresin binalarının birində keçirdiyi tədbirə etiraz etmək üçün yığışmış Azərbaycan icmasına niyə qoşulmadıqlarını soruşub. Buna cavabları olmayan Cəmil Həsənli və digərlərinin əlindən türk diplomatın vətənpərvərlik dərsini “hakimiyyətin oyunu” adlandırmaqdan başqa heç nə gəlmir.Cəmil Həsənli yazır ki, “Türkiyəli diplomat Azərbaycan hakimiyyətinin vəkili kimi çıxış edib”.

Göründüyü kimi, onların məntiqinə görə milli məsələlər və Qarabağ haqda kim soruşursa, deməli, “rejimin vəkilidir”. Çünki milli maraqların müdafiəsi “diz çökdükləri” dairələrin maraqlarına uyğun deyil.

Asif Nərimanlı


Xəbərin orijinal ünvanı: https://publika.az/news/nida_tehlil/295108.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR