Şimal rayonlarında ağac əkilərkən yerin seçilməsinə çox diqqət yetirilməlidir - Mütəxəssis rəyi (FOTO)

Şimal rayonlarında ağac əkilərkən yerin seçilməsinə çox diqqət yetirilməlidir - Mütəxəssis rəyi (FOTO)
10:29 5 Noyabr 2019
63 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə noyabr ayında bir gündə indiyədək görünməmiş sayda - 650 min ağac əkiləcək.

Trend-in məlumatına görə, ağacların necə əkilməsi və əkilən ağacların bitiş faizinin yüksək olması üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əkinçilik üzrə mütəxəssisi Rəhim İbrahimov şimal rayonlarının dağlıq və dağətəyi ərazilərində meyvəcinsli ağacların əkin qaydaları, təbii şərait və relyefə uyğun ağac seçimləri, mütləq olaraq yerinə yetirilməsi vacib sayılan texniki göstəricilər barədə tövsiyələr verib.

- Şimal rayonlarında hansı meyvəcinsli ağaclar əkilməlidir?

- Şimal rayonlarında yerli iqlim şəraitinə uyğun armud, yunan qozu, gilas, fındıq, şabalıd, gilənar, gavalı, alça, ərik, alma, şaftalı və s. ağaclar əkilir.

- Meyvəcinsli ağacları əkərkən nələrə diqqət yetirilməlidir?

- Ən əsası yerin seçilməsinə diqqət yetirilməlidir. Ərazinin mailliyi 10 dərəcədən yuxarı olduqda əkin terras üsulu ilə (pilləkənvari) aparılmalıdır. Bu üsul ilə əkini aşağı yamaclarda aparmaq olmaz. Çünki burada soyuq hava əsasən aşağı hissələrdə toplanır və nəticədə ağaclar inkişaf etmir. Ağacın kök sisteminin yaxşı formalaşması üçün torpaq 1 m dərinlikdə yumşaq, 2-2,5 m dərinlikdə isə nəmli olmalıdır. Ting əkilərkən 40-50 sm dərinlikdə çalalar qazılmalı, çala kənardan gətirilən münbit torpaq (torpaq, qum və üzvi gübrədən ibarət qarışıq) ilə doldurulmalıdır. Cinslərindən asılı olaraq meyvə tingləri 5x4, 5x3, qoz, fındıq isə 8x8, 10x10 sxemlərində əkilməlidir.

Dağlıq və dağətəyi ərazilərdə əkinin erkən yazda aparılması daha məsləhətdir. Əgər tinglər payız mövsümündə əldə olunubsa, yazda əkmək üçün tingləri müvəqqəti basdırmaq lazımdır. Əkiləcək tinglər 2 illik olmalıdır. Tinglərin kök boğazı ən azı 10-12 mm, kök sistemi isə 30-35 sm olmalı, əkilməmişdən qabaq mil kökləri kəsilməlidir ki, ağac yaxşı inkişaf etsin.

Ağacların yaxşı inkişaf etməsi və bol məhsul verməsi üçün mütləq hər il onlara üzvi və mineral gübrə verilməlidir. Həmçinin azot, fosfor və kalium gübrələrindən də istifadə etmək olar. Əgər ağac zəif inkişaf edirsə azot, məhsulu zəifdirsə fosfor, meyvəsi kiçikdirsə, soyuğa və quraqlığa davamlılığı zəifdirsə kalium gübrəsi vermək vacibdir. Tingin boyu inkişaf dövründə 60-70 sm inkişaf edibsə, gübrənin verilməsi dayandırılmalıdır. Suvarma hava şəraitindən asılı olaraq, budama isə 2-ci ildən sonra bütün meyvə ağaclarında olduğu kimi aparılmalıdır.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/society/3144097.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR