Konstitusiya Məhkəməsində 20 Yanvar şəhidlərinin xatirəsi yad edilib

Konstitusiya Məhkəməsində 20 Yanvar şəhidlərinin xatirəsi yad edilib
17:33 16 Yanvar 2015
87 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 16 yanvar, AzərTAc
Yanvarın 16-da Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsində 20 Yanvar faciəsinin 25-ci ildönümü ilə əlaqədar faciə qurbanlarının xatirəsini anma mərasimi keçirilib.
AzərTAc xəbər verir ki, Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev tədbiri açdıqdan sonra şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Qanlı Yanvar hadisələrinin mahiyyətindən söhbət açan Fərhad Abdullayev bildirib ki, bu terror aktı Azərbaycanın ərazi bütövlüyünü pozmaq cəhdlərinə, keçmiş SSRİ rəhbərliyinin ölkəmizlə bağlı apardığı qərəzli siyasətə, yerli rəhbərliyin xalqımızın mənafeyinə zidd mövqedə durmasına qarşı etiraz əlaməti olaraq küçələrə çıxmış dinc əhaliyə divan tutmaq məqsədi ilə törədilib. Bakıya və respublikanın digər rayonlarına sovet hərbi hissələrinin yeridilməsi imperiyanın yürütdüyü siyasətin iç üzünü göstərdi. Dinc əhalinin kütləvi etiraz aksiyalarının ağır hərbi texnikanın köməyi ilə vəhşicəsinə dağıdılması təkcə süquta uğramaqda olan sovet siyasi sisteminin qorunması cəhdi kimi deyil, həm də azərbaycanlıların tarixi torpaqlarından sıxışdırılıb çıxarılması ilə bağlı imperiyanın əsrlərlə apardığı siyasətin davamı idi.
Qeyd edilib ki, o zaman Azərbaycanda siyasi, iqtisadi böhran hökm sürürdü. Keçmiş sovet rəhbərliyi ermənilərin təsiri altında Azərbaycana qarşı böyük kampaniya aparırdı. Onların məqsədləri insanları qorxutmaq, Azərbaycanda azadlıq hərəkatını boğmaq idi. Vəziyyət elə bir həddə çatmışdı ki, artıq Azərbaycanın bir dövlət kimi mövcud olması şübhə altında idi. Bu, Ermənistanın Azərbaycana qarşı məkrli siyasətini həyata keçirmək məqsədi daşıyırdı.
Konstitusiya Məhkəməsinin sədri bildirib ki, 20 Yanvar şəhidləri ilə bağlı Bakıda keçirilən izdihamlı matəm mitinqində milyonlarla insanın iştirak etməsi Azərbaycan xalqının azadlıq səsi, haqq, ədalət, demokratiya və müstəqillik uğrunda mübarizə əzmini göstərirdi.
Vurğulanıb ki, o zamanlar Azərbaycanın qəhrəman oğlu, ümummilli lider Heydər Əliyev də xalqını bu ağır günlərdə tək qoymayaraq, yanvarın 21-də ölkəmizin Moskvadakı daimi nümayəndəliyinə gələrək terror aktını pisləyən bəyanatla çıxış edib. Dahi şəxsiyyət özünü və ailə üzvlərinin həyatını təhlükəyə məruz qoyaraq və böyük cəsarət göstərərək 20 Yanvar faciəsinə siyasi qiymət verib, onun hüquqa, demokratiyaya, humanizmə zidd olduğunu, o zamankı SSRİ və respublika rəhbərlərinin günahı və xəyanəti üzündən törədilmiş cinayət olduğunu göstərib. Azərbaycanda xalqı milli birliyə çağırışda, azadlıq hərəkatında ulu öndər Heydər Əliyevin həmin bəyanatının çox böyük rolu oldu.
Ümummilli Liderin 1993-cü ildə yenidən siyasi hakimiyyətə qayıdışından sonra 20 Yanvar faciəsinin baş verməsinin səbəblərinin araşdırılması və onu törədənlərin məsuliyyətə cəlb olunması məsələsi istiqamətində mühüm addımlar atıldı, qanlı qırğının xalqımızın tarixində yeri və rolu, dünya ictimaiyyətinə çatdırılması istiqamətində mühüm işlər görüldü. Məhz Heydər Əliyevin təşəbbüsü və təkidi nəticəsində 20 Yanvar faciəsinə dövlət səviyyəsində hüquqi-siyasi qiymət verildi.
Ulu Öndərin şəhid ailələrini və əlilləri dövlət qayğısı ilə əhatə etdiyini vurğulayan Fərhad Abdullayev deyib ki, onun siyasi xəttini uğurla davam etdirən Prezident İlham Əliyev də şəhid ailələrinin, əlillərin problemlərinin dövlət səviyyəsində həllini mühüm vəzifələrdən biri kimi qarşıya qoyub.
Azərbaycanın əldə etdiyi uğurlardan, keçdiyi inkişaf yolundan danışan Konstitusiya Məhkəməsinin sədri qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz bu gün öz inkişafı, dünyada qazandığı nüfuzu, bölgənin ən qüdrətli və təhlükəsiz dövlətinə çevrilməsi ilə düşmənə layiqli cavab verir. Qazanılan bu uğurlar əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş uzaqgörən, strateji siyasətin nəticəsidir. Ölkəmiz mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi edir. Azərbaycan özünü dünyaya sülhsevər və etibarlı tərəfdaş kimi göstərir.
Ermənistan isə bu gün dərin böhran içərisində yaşayır, beynəlxalq layihələrdən təcrid olunub. Ermənistan Azərbaycanla heç bir sahədə rəqabət apara bilməz. Bu gün Azərbaycan öz gələcəyinə inamla baxır, ölkəmiz gündən-günə inkişaf edir, ordumuz güclənir.
Fərhad Abdullayev deyib ki, artıq Qanlı Yanvar hadisələrindən 25 il ötür. Hər il biz həmin dəhşətli hadisələri xatırlayırıq. Bu həm dövlətin, həm də xalqın həmin hadisələrə münasibətidir. Azərbaycan xalqı azadlıq uğrunda canlarını qurban verən cəsur Vətən övladlarının qəhrəmanlıq mübarizəsini böyük hörmət və ehtiramla əziz tutur, onların igidliyini yüksək qiymətləndirir. Şəhidlərimizin qəhrəmanlıqları əbədi olaraq xalqımızın yaddaşına həkk edilib. Onların qanı bahasına qazanılan müstəqilliyimizi qanımızla və canımızla qorumalı, onu daimi, əbədi və dönməz etməliyik. 20 Yanvar hadisələrindən sonra Azərbaycanda insanların müstəqil yaşamaq arzusu artıb, milli birlik daha da güclənib. Ona görə, hər birimiz həmin hadisələrdən nəticələr çıxarmalıyıq.
Vurğulanıb ki, dövlət başçısı İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasət Azərbaycanın mövqeyini beynəlxalq aləmdə möhkəmləndirir. Artıq respublikamız sivil və inkişaf etmiş ölkələrin sırasında olmaqla beynəlxalq birliyin yüksək etimadına malikdir. Müasir dünyadakı ən effektiv bu siyasət hər bir Azərbaycan vətəndaşında işğal edilmiş torpaqların qeyd-şərtsiz azad olunmasına əminlik yaradır.
Anma mərasimində AzərTAc-ın hazırladığı “20 Yanvar: Tarixin qan yaddaşı” sənədli filmi də nümayiş etdirilib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR