Azərbaycan neftinin büdcə qiyməti niyə azaldılıb?

Azərbaycan neftinin büdcə qiyməti niyə azaldılıb?
10:07 7 Noyabr 2019
61 Digər
Ölkə mətbuatı
A- A+

2020-ci ilin dövlət və icmal büdcələrinin layihələrində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 55 ABŞ dolları nəzərdə tutulub.
“Report”un məlumatına görə, bu, neftin 2019-cu ildəki büdcə qiyməti ilə müqayisədə 5 dollar azdır.
Büdcə layihələrinin hazırlandığı Maliyyə Nazirliyində qiymət üzrə proqnozun azaldılmasını qlobal iqtisadi artımın yavaşlaması fonunda “qara qızıl”a tələbatın azalması, onun ucuzlaşması ehtimalı ilə izah edirlər. Məsələn, gələn il Beynəlxalq Valyuta Fondu neftin 1 barelinin orta satış qiymətinin, təxminən, 58 dollar olacağını proqnozlaşdırır. Odur ki, Azərbaycan hökuməti ehtiyatlı davranmağa qərar verib. 
"İcmal büdcəsinin gəlirlərinin 52,7%-i neft gəlirləri hesabına formalaşdığına görə neft qiymətlərindəki mümkün azalma büdcə gəlirlərinin azalmasına və büdcə kəsirinin artmasına təsir edəcək. Əgər 2020-ci ildə neftin qiyməti 40 dollara enərsə, icmal büdcəsinin gəlirləri proqnoz göstərici ilə müqayisədə 16,6% azala bilər. 
Mümkün qiymət azalmasının dövlət büdcəsi gəlirlərinə əhəmiyyətli təsiri isə gözlənilmir. Belə ki, büdcənin neft gəlirlərinin əsas hissəsini Azərbaycan Dövlət Neft Fondundan transfert təşkil edir ki, bu məbləğ də büdcə tərtibi zamanı xarici valyutada deyil, manat ifadəsində müəyyən olunub. Əgər gələn il neftin qiyməti 40 dollara enərsə, dövlət büdcəsinin gəlirləri proqnoz göstərici ilə müqayisədə cəmi 1,6% azala bilər. 
Neftin qiymətlərinin enişi ortamüddətli dövrdə də davam edərsə, bunun dövlət büdcəsinin gəlirlərinə mənfi təsiri daha əhəmiyyətli ola bilər. Belə ki, büdcə qaydasına əsasən xərclənə bilən neft gəlirlərinin yuxarı həddi (habelə, ARDNF-dən büdcəyə transfertin yuxarı həddi), ölkənin xalis maliyyə aktivləri və icmal büdcənin proqnozlaşdırılan neft gəlirləri əsasında müəyyən olunur ki, ortamüddətli dövrdə icmal büdcənin neftin gəlirlərinin azalması Fonddan dövlət büdcəsinə transfertin məbləğini azaltmaqla, dövlət büdcəsinin neftin gəlirlərinə təsir edə bilər. Regionda geosiyasi gərginliklərin artması, bir sıra əsas ticarət tərəfdaşlarına sanksiyaların tətbiqi büdcə gəlirlərinə təsir edə biləcək risklərdəndir. 
Belə ki, əsas ticarət tərəfdaşı ölkələrin iqtisadiyyatlarında aktivliyin azalması ölkənin qeyri-neft sektorunun inkişafına, o cümlədən qeyri-neft ixracına mənfi təsir göstərməklə bu sahədən olan büdcə daxilolmalarının azalmasına gətirib çıxara bilər", - deyə Nazirlik bəyan edib. 
"Hökumət özünü sığortalayır"
Neft Araşdırmaları Mərkəzinin direktoru İlham Şaban deyir ki, hökumət neftin büdcə qiymətini 55 dollar götürməklə özünü sığortalayır: "Azərbaycan hökuməti gələn il neftin bu illə müqayisədə 4-5% ucuzlaşacağını proqnozlaşdırır. Beynəlxalq enerji agentlilkəri, beynəlxalq maliyyə institutları da bu proqnozları səsləndirir. Baxmayaraq ki, neftə olan tələbat kifayət qədərdir və dünyada gündəlik 100 milyon barel neft hasil edilir, ancaq cari il üçün neftin orta qiyməti 65 dollar ətrafında proqnozlaşdırılırdısa, gələn il üçün bu qiymətin 62 dollara düşməsi proqnoz edilir”.
Ekspertin fikrincə, bu da ondan irəli gəlir ki, dünya iqtisadiyyatının artım proqnozlarına yenidən baxılır və inkişaf tempinin əvvəlki proqnozlardan aşağı olacağı gözlənilir: “Daha aşağı sürətlə inkişaf isə enerjiyə olan tələbatın əvvəlki tempdən aşağı səviyyədə olması deməkdir. Neftin aşağı həcmlərlə istehlakı isə təbii ki, onun qiymətində özünü əks etdirməlidir. Əgər biz dünya iqtisadiyyatının inkişafını cari ildə ötən illə müqayisə etsək, ən böyük istehlak bazarları olan Çin, ABŞ və Avropa İttifaqı ilin 9 aylıq yekunları ilə bağlı yaydığı məlumatlarda hər bir ölkə üzrə bir neçə bənd azalma tempi qeydə alınıb. Nəticə etibarı ilə “Brent” markalı neftin qiyməti 70 dollar, Azərbaycanın ixrac etdiyi neftin qiyməti isə Azərbaycan Dövlət Neft Fondunun açıqladığı kimi 71,3 dollar idisə, cari ilin birinci yarısında bu qiymət artıq 65 dollara düşüb. İlin ikinci yarısında, yəni son 4 ayda qiymətlər ilin ilk yarısı ilə müqayisədə daha aşağı istiqamətə üz tutub. Oktyabr ayında biz neftin qiymətinin 60 dollardan aşağı səviyyədə olduğunu gördük”.
İ.Şaban bildirib ki, artıq bir sıra bazarlara siqnallar gəlir və bu səbəbdən neftin qiyməti 63 dollara qədər yüksəlib: “Ancaq burada da bir stabillik yoxdur. Qarşıda Neft İxrac Edən Ölkələr Birliyinin (OPEC) konfransı olacaq və konfransla bağlı bazara təsir edə biləcək müxtəlif ölkələrin neft nazirləri, hökumət başçıları və istərsə də dövlət rəsmilərinin bəyanatları səsləndirilir. Bütün bunlar isə neftin qiymətindəki volatilliyi artırır”.
Mütəxəssis hesab edir ki, ancaq OPEC-in konfransından sonra dekabrın birinci həftəsində neftin qiymətlərində stabilik yaranacaq: “İstənilən halda biz cari ildə neftin qiymətlərinin ötən illə müqayisədə 10% aşağı düşməsini müşahidə edirik. Hökumət də özünü sığortalamaq üçün neftin büdcə qiymətini 55 dollar götürüb. Son 15 ildə Azərbaycanda neftin büdcə qiymətinin proqnozlaşdırmaları 5 dollar artım və yaxud azalma ilə müşahidə edilir”.

Xəbərin orijinal ünvanı: https://report.az/analitika/azerbaycan-neftinin-budce-qiymeti-niye-azaldilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR