"Məni sevinclə xatırlayın..." - FOTO

"Məni sevinclə xatırlayın..." - FOTO
01:32 8 Noyabr 2019
Ölkə mətbuatı
A- A+

Nikolay Karaçensov həyatı sevirdi və onun uğrunda da sona qədər mübarizə apardı

Milli.Az kaspi.az-a istinadən yazını təqdim edir. 

Yaşasaydı noyabrın 1-də Rusiyanın Xalq artisti Nikolay Karaçensovun 75 yaşı tamam olacaqdı. Ancaq onsuz keçən yubileyini ailəsi və sənət dostları məzarının üzərində qoyulan abidəsinin önündə qeyd ediblər. Həyat yoldaşı Lyudmila Porqina aktyorun arzusunu reallaşdıraraq "Məni sevinclə xatırlayın..." sözlərini onun qəbirüstü abidəsinə həkk etdirib. Aktyor istəyirdi ki, onu həmişə həyatsevər, mehriban, xeyirxah, zarafatcıl insan kimi xatırlasınlar... 
 
Teatr və kinonun əfsanəsi
 
Nikolay Karaçensov - sovet və Rusiya teatr və kinosunun əfsanəsi idi. Tamaşaçılar onu "Nə yardan doyur, nə əldən oyur" "Yunona və Avos", "Kaputsinlər bulvarından gələn adam", "Elektronikanın macəraları" filmlərindən yaxşı tanıyırlar.

Nikolay Petroviç moskvalı idi. Yaradıcı ailədə böyüyüb. Atası Pyotr Yakovloviç RSFSR-in Əməkdar rəssamı idi və uzun illər məşhur "Oqonyok" jurnalında çalışmışdı. Anası Yanina Yevqeniyevna Brunak Moskvanın nüfuzlu teatrlarında quruluşçu baletmeyster işləyirdi. Ölkənin bir çox məşhur teatrlarında tamaşalar səhnələşdirmişdi. Ancaq valideynlərinin nikahı uzun sürmədi. Anası bütün ölkəni gəzdiyi üçün Kolyanı internata verməyə məcbur oldu. Ancaq o, boş vaxtlarını oğlu ilə birlikdə keçirirdi. 

Valideyn genləri hələ məktəb illərindən Nikolayda da özünü göstərməyə başlamışdı. O, bədii özfəaliyyət müsabiqələrində fəal iştirak edirdi. Yuxarı siniflərdə isə uşaq teatr qrupunun iştirakçısı idi. Məktəbi qurtaranda sənət seçimi ilə üz-üzə qalanda o taleyini teatr və kino ilə bağlamaq qərarına gəldi.

Moskva Bədaye Teatrının məktəb- studiyasına daxil oldu. İstedadlı oğlan ən yaxşı məzunların onluğuna düşdü və "Lenkom" Teatrına dəvət olunaraq bütün ömrünü bu sənət ocağına həsr etdi. İstedadlı aktyor teatr səhnəsində bənzərsiz obrazlar yaratdı. Tamaşaçını cəlb etmək, onun məhəbbətini qazanmaq üçünsə aktyora yalnız anlar lazım oldu. İlk rolundan sonra gəncə baş qəhrəmanları həvalə etdilər. 
 
Sevgi macəraları
 
Nikolay Karaçensov 1960-cı illərdə kino ekranlarında göründü. "Böyük oğul" filmində Yevgeni Leonov, Mixail Boyarski, Svetlana Kruçkova və Natalya Eqorova kimi tanınmış aktyorlarla çəkildi. Bu gün də həmin filmə milyonlarla tamaşaçı baxır.

1970-ci illərin ikinci yarısında Nikolay Karaçensov sovet kinosunun ən çox sevilən aktyorlarından idi. Tamaşaçılar onun ekranda görünməsini səbirsizliklə gözləyirdilər. Aktyorun filmoqrafiyasında 100-dən çox film yer alıb. 

Filmlərində kaskadyorların əməyindən imtina edir, bütün turyukları özü yerinə yetirirdi. O, müğənniliklə də məşğul olurdu. Gərgin qrafikinə baxmayaraq, həmişə festivallarda, münsiflər heyətinin üzvü seçilirdi. Geniş auditoriya üçün çoxlu mahnılar ifa etmişdi. Çəkildiyi filmlərdə də mahnılarını özü oxuyurdu. Ona görə Karaçensovun mahnıları çəkildiyi bədii lentlərinin vizit kartı idi. 

Nikolay Karaçensov 38 illik karyerası dövründə teatr və kinoda saysız-hesabsız rollar oynadı. Ən yaxşı kino işlərini aktyor özü dəyərləndirirdi. "Kinoda ona görə çəkilməmişəm ki, məni küçədə tanısınlar. Ona görə çəkilmişəm ki, insanlara sevinc gətirim" - deyə aktyor bildirirdi. Buna görə aktyor "Həyat dərsləri" filmini yüksək qiymətləndirirdi. 

Aktyorun şəxsi həyatı da karyerası kimi uğurlu olub. 1978-ci ildə doğulan oğlu Andrey valideynlərinin yolunu davam etdirmədi, vəkilliyi seçdi. 

Xarizmatik və məşhur aktyorun həyatında çoxlu sevgi macəraları olduğu deyilir. Həmin qadınların çoxu isə məşhur aktrisalar olub. Həyat yoldaşı Lyudmila Polqina ilə rastlaşana qədər onun həmkarı Svetlana Savalyeva ilə macərası vardı. Sonra Olqa Kabo, rəqqasə Marina Şirşikova və İrina Qribulina ilə əlaqələri barədə söhbətlər gəzdi. Ancaq bunların, sensasiya axtaran jurnalistlərin uydurması olub-olmadığını təkcə aktyor özü bilə bilərdi. O, bütün karyerası boyunca hay-küylü məclislərdən qaçdı. Ancaq ailə çərçivəsində şənliklərdən heç vaxt imtina etmirdi. Ailə ocağı ona daha doğma idi. "Özümü ən çox ailəmin yanında rahat hiss edirəm" deyirdi.

Aktyorun özünəməxsus görkəmi qadınları məftun edirdi. Düzdür, ilk baxışdan o, xoşa gəlməyə bilərdi, ancaq səhnəyə çıxandan sonra onu sevməmək mümkün deyildi. "Lenkom" Teatrının gənc aktrisası Lyudmila Porqina da ona belə vuruldu. Nikolay Karaçensov ilə tanışlığı zamanı o, kaskadyor Viktor Korzunla evli idi. "Nə əhəmiyyəti var, əgər qadın başa düşsə ki, onun qəlbi əsl sevgi tapıb, onda həyatını dəyişməlidir" - deyərək 1975-ci ildə Nikolay Karaçensovla əlaqələrini rəsmiləşdirdi. Bu nikah möhkəm və uzunömürlü oldu. 

Onlar bir teatrda işləyirdilər. Lyudmilanın karyerası uğurlu idi. Ancaq o, qərar verdi ki, ailədə hər şeyin normal getməsi üçün ərinin yaradıcılıq potensialının açılmasına çalışmalıdır. Nikolay Karaçensov həmişə deyirdi ki, bu "qurban" olmasaydı, o daha böyük uğurlar əldə edə bilməzdi. 

Karaçensov yaş tanımayan azsaylı aktyorlardan idi. Məsələn, "Yunon və Avos" rok operasında qraf Rezanov rolunu düz 25 il oynadı. Əgər başına faciəli hadisə gəlməsəydi, o tamaşaçıları sevindirməkdə davam edəcəkdi... 
 
Həyat uğrunda
 
2005-ci ilin 28 fevralında aktyor öz avtomobili ilə ölüm xəbərini eşitdiyi qayınanasının cənazəsinə gedərkən qəzaya düşdü. Ağır kəllə-beyin travması alan aktyor əməliyyat olunduqdan sonra bir aya yaxın komada qaldı. Ancaq həkimlərin səyi nəticə verdi, aktyor özünə gəldi. Uzunmüddətli bərpa prosesi Nikolay Karaçensovu həyata qaytardı. Hətta 2007-ci ildə "Göydən gələn ulduzlar" adlı qala-konsertin iştirakçısı kimi repertuarından ibarət diskinin təqdimatını keçirdi. Həmin vaxt aktyora kömək etmək üçün dostları, o cümlədən Mixail Boyarski, Aleksandr Marşal, Oleq Qazmanov, Layma Vaykule də gəlmişdi.

Düzdür, qəzadan sonra aktyorun nitq və hərəkətini bütünlüklə bərpa etmək mümkün olmadı. Ona görə də aktyorluq karyerasını davam etdirə bilmədi. 2011-ci ildə İsraildə, Çində keçdiyi bərpa kursları da, onun sağlamlığının tam bərpasına kömək etmədi. Həyat yoldaşı Lyudmila Polqina ərinin ağciyərlərindəki şişdən əziyyət çəkdiyini deyirdi. Müayinələr şişin bədxassəli olduğunu göstərmişdi. Hətta aktyorun səhhətinin qəfil pisləşməsi və onun ölümü haqqında mətbuatda xəbərlər də yayıldı. Üstündən düz 12 il keçəndən sonra 2017-ci ilin 27 fevralında Nikolay Karaçensov yenidən qəzaya düşdü. Həyat yoldaşına məxsus avtomobil Moskva yaxınlığında "Qazell"lə toqquşdu. Aktyorun içərisində olduğu maşın çevrildi və onu təcili yaxın klinikaların birinə yerləşdirdilər. Karaçensova beyin silkələnməsi diaqnozu qoyuldu. 

Nikolay Karaçensov xəstəliklə 13 illik mübarizədən sonra - 73 yaşında Moskvanın Onkoloji xəstəxanasında vəfat etdi. Həyat yoldaşı onun böyrəklərinin imtina etdiyini bildirdi. 

Ölümünün sabahısı günü aktyorun ad günü qeyd olunacaqdı. Ömrünün son dəqiqələrində o, xəstəxanada doğma və sevimli insanlarla əhatə olunmuşdu. Həyat yoldaşı, oğlu Andrey, gəlini və nəvələri aktyorla vidalaşa bildilər.

Həyat yoldaşı Lyudima Poliqina ərinin ölümündən sonra özünü tənha hiss etdiyini deyir: "Ölümü ərəfəsində mənə dedi: "Yadında saxla, sevgi heç zaman qurtarmır. Bu enerji heç vaxt ölmür" - deyə Lyudmila Andreyevna xatırlayır: "Düzdür, mən tək deyiləm, yanımda dostlarım, oğlum, gəlinim, nəvələrim var. Hamı məni sakitləşdirməyə çalışır. Ancaq Nikolayın boşluğunu heç nə doldura bilmir. Biz birlikdə 45 il ömür sürdük. Bilirəm, onun kənar macəraları olmuşdu, amma nikahdankənar uşaqları yox idi. Dişləri onun dişlərinə oxşayan uşaqlar uşaq evlərindən ona məktub yazırdılar. İnsanlar eynidir, onlar əlbəttə, belə bir atalarının olmasını istəyirdilər. Kolyanın da uşaqlığı internatda keçmişdi, ona görə ailə onun üçün müqəddəs idi. O, mənə hər gün gül və hədiyyələr alırdı. Bir dəfə qastrolların birindən brilyant boyunbağı gətirmişdi. Boynuma taxıb "İstəyirəm ki, həmişə sən mənim yanımda olasan" - dedi. Mənsə "Sən məni zəncirə saldın, ancaq brilyantla" - deyə güldüm. Bir dəfə restoranda mən bir tanışla rəqs etdim. Kolya yaxınlaşıb "Sən yorulmadınmı, əzizim" deyincə, mən onun qısqanclığını başa düşdüm və dərhal yerimə keçdim. Qoy məni şən dul qadın adlandırsınlar. Amma mən xoşbəxtəm. 45 il sevgi içərisində yaşamaq hər kəsə nəsib olmur. Buna görə mən niyə kədərlənməliyəm? Onsuz da mən də öləcəyəm və onun yanına gedəcəyəm. Mən indi Kolya ilə yaşadığım illərin xatirələri ilə təskinlik tapıram. Məsələn, Parisə gedirəm, "Yunona və Avos"un qastrolunun keçdiyi küçələrdə addımlayıram. Onda Kolya tamaşadan sonra onu dahi adlandıran Pyer Kardinin əlini öpmüşdü. Biz tamaşadan sonra həyatın şərəfinə badə qaldırmışdıq. Çünki Kolya həyatı sevirdi və onun uğrunda da sona qədər mübarizə apardı..."

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/800111.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR