Əsərləri anlaşılmadı, özü isə dueldə öldürüldü - Riyaziyyat dahisinin dramı

Əsərləri anlaşılmadı, özü isə dueldə öldürüldü - Riyaziyyat dahisinin dramı
17:57 9 Noyabr 2019
100 Dünya
Ölkə mətbuatı
A- A+

Ölümündən 77 il sonra Fransa Elmlər Akademiyasının katibi onun haqda deyəcəkdi: "Yanlış anlaşıldığı, akademiyadan qovulduğu üçün fəxarət yerimiz olan Qaluanın dühasından üzr istəyirik".

Şübhəsiz ki, riyaziyyat tarixində Evarist Qalua qədər dramatik həyat yaşamış çox az elm adamı var. Çəkinmədən siyasət meydanında respublikaçıların sırasında yerini alan Qalua təkcə inqilabçı kimi yox, riyaziyyat dünyasını silkələyən kəşfləri ilə də bir dahidir.

Milli.Az Teleqraf.com-a istinadən fransız riyaziyyatçı Evarist Qalua haqda yazını təqdim edir.

Evarist Qalua 1811-ci ildə Nikolas-Qabriel Qalua və Adelayda-Mariya cütlüyünün ailəsində doğulub. Atası qəsəbədə Liberal Partiyanın üzvü olan bir respublikaçı idi. 1814-cü ildə qəsəbənin bələdiyyə sədri seçildi. 1829-cu ildə isə qəsəbənin rahibi ilə şiddətli siyasi çəkişmədən sonra Qaluanın atası intihar edərək həyatına son qoydu.

Hüquqşünasın qızı olan anası latın və klassik ədəbiyyat oxucusu idi. Oğlunun ilk on illik təhsilini özü verdi.

Müəllimlərə atılan silgi

Qalua on dörd yaşında olanda riyaziyyata ciddi maraq göstərməyə başladı. Hələ on beş yaşında olarkən Jozef Lui Laqrancın tənliklərin cəbri həlli üzərindəki düşüncələri kimi onu tənliklər nəzəriyyəsinə yönəldəcək kitabları oxuyurdu.

Riyaziyyatdan başqa digər dərslərinə ciddi yanaşmaması səbəbindən məktəbdə müvəffəqiyyət qazana bilmirdi. Qalua 1828-ci ildə hazırlıqsız o dönəmdə Fransanın ən məşhur ali məktəbi olan Politexnik İnstitutunun imtahanlarında özünü yoxladı, izah səbəbindən uğursuzluqla üzləşdi. Amma həmin il başqa bir riyaziyyat institutuna (Ecole Normale) daxil oldu.

1829-cu ildə atasının intiharından bir neçə gün sonra Qalua Politexnik İnstitutuna girmək üçün bəxtini növbəti dəfə sınasa da, bu baş tutmadı. Qalua məsələləri geniş açıqlama vermədən izah edirdi, bu da müəllimlərin düşüncələrinin qarışmasına səbəb olurdu.

Bundan qəzəblənən Qalua imtahan komissiyasının üzvləri ilə mübahisə edirdi. İmtahanlardan birində müəllimlərə silgi atmışdı.

Paris yenidən barrikadaların arxasında

1830-cu il Fransada inqilab küləklərinin yenidən əsdiyi bir dövr idi. 1824-cü ildə XVIII Luisin ölümündən sonra hakimiyyətə gələn X Çarlz böyük qardaşının aristokratiya və sərmayədar sinif arasındakı tarazlıq siyasətindən imtina edərək aristokratiya və kilsəni gücləndirən xətt götürmüşdü. Bu siyasi addımlar xalqın kəskin reaksiyası ilə qarşılandı və X Çarlzın 1830-cu ildə parlamenti dağıtması səbir kasasını daşıran son damla oldu - Parisdə yenidən inqilab barrikadaları qurulmuşdu.

Gənc riyaziyyatçı həmin dövrdə inqilabçı Xalqın Dostları dəstəsinə və Milli Topçular Alayına qoşuldu. Həmin dönəmdə riyaziyyat fəaliyyətini davam etdirən Qalua bundan əvvəl rədd edilən iki yazısından sonra axırıncı dəfə "Kökləri olan tənliklərin həll olunma şərtləri haqqında" başlıqlı elmi məqaləsini Fransa Elmlər Akademiyasına təqdim etdi.

Həbsxana həyatı

Evarist Qalua akademiyadan cavab gözləyərkən inqilabi mübarizəni də davam etdirirdi. Mayın 9-da respublikaçıların mitinqinə və şam yeməyinə qatıldı. Yemək masasında qədəhinin üstünə bıçaq qoyaraq Kral Luis Filippə qədəh qaldırmağı təklif etdi. Səhəri gün polis Qaluanın mənzilinə basqın edərək onu həbs etdi. Bir aylıq həbsdən sonra sərbəst buraxıldı.

Qalua bu dəfə Luis Filippin qadağan etdiyi Topçular Alayına üzv olduğu üçün saxlanıldı və altı aylıq həbs cəzasına məhkum olundu. Həbsdə olarkən akademiyanın katibindən elmi məqaləsinin cavabını aldı. Lakin reaksiya yenə mənfi idi. Katib Qaluadan gördüyü işlərin izahını tələb edir və bu cavabı almayana qədər məqalənin yayımlanmayacağını deyirdi.

Həbsxana həyatı və akademiklər dünyası tərəfindən anlaşılmama Qaluanın səhhətinə pis təsir etdi və bu səbəbdən 1832-ci ildə xəstəxanaya yerləşdirildi. Burada respublika tərəfdarı Yeva Sorellə tanış oldu və ondan xoşu gəldi.

Yevanın sevgilisi ilə dueldə

Parisdə qorxunc xolera virusunun yayılması başa çatdıqdan və səhhəti normallaşandan sonra Qalua sərbəst buraxıldı. Bir neçə gün sonra isə gecə vaxtı Yeva ilə sevgi münasibətlərinin olduğunu deyən şəxs prospektdə Qaluanın qarşısını kəsdi. Aralarında mübahisə yarandı və səhəri gün üçün onu duelə çağırdı. İddiaya görə, həmin şəxs Yevanın sevgilisi deyildi, Qaluanı aradan götürmək üçün polis tərəfindən göndərilmiş agent idi.

Duel təyin olunduqdan dərhal sonra Qalua evə qaçdı, riyaziyyatçıların etirazına səbəb olan və akademiya tərəfindən dəfələrlə rədd edilmiş elmi işlərinin başına keçdi. Səhərədək bütün işlərini yenidən nəzərdən keçirib, üzərində işlədi və nəticələri məktub kimi dostu Ogüst Şevalyeyə göndərdi.

Ölümdən sonra əbədi doğulma

İki duelçi axşamtərəfi saat beşdə görüşdülər. Bir neçə dəqiqə sonra isə qarnından vurulan Qalua yerə yıxıldı. Səhəri gün - 1832-ci il 31 may tarixində gənc dahi həyata gözlərini yumdu.

Evarist Qaluanın elmi əsərlərinin taleyi öz taleyindən daha yaxşı idi. Çünki Şevalye məktubları aid olduğu yerlərə çatdırmışdı. Ölümündən bir il sonra "Revu" ensiklopediyasında Qaluanın əsəri dərc olundu. Nəhayət, 1870-ci ildə riyaziyyatçı Mari Enmon Kamil Jordan Qaluanın nəzəriyyəsini öz kitabına əlavə etdi və gənc dahinin fikirləri ölümsüzlüyə qovuşdu.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/800804.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR