Personajlarının həyatının heyrət doğurduğu hekayə - YENİ SAKİN

Personajlarının həyatının heyrət doğurduğu hekayə - YENİ SAKİN
15:05 11 Noyabr 2019
Ölkə mətbuatı
A- A+

Milli.Az son zamanlar sosial şəbəkələrdə fenomenə çevrilmiş Əfsanə Məryəm Sıla adlı azərbaycanlı gənc yazıçının "Yeni sakin" adlı daha bir hekayəsini təqdim edir:

- Evdə tapılan adam deyildi. Bəlkə də yadından belə çıxmışdı məni alıb soyuducuya atdığı. O qədər qaldım ki orada, axırda son istifadə...

- Aaa... Gül!

Həmsöhbəti qəfildən az qala qışqıraraq onun sözünü kəsdi. Bərəlmiş gözləri ilə gah ona, gah da onun arxa tərəfində bir istiqamətə mat-mat baxırdı.

- Əşşi... Nolsun?! Yəqin sünidir, ya da solub daha, gətirib tullayıblar bura.

Həmsöhbətinin heyrəti hələ də keçməmişdi:

- Yox ee, nə süni, nə solmuş?! Lap təptəzə güldür. İndicə gətirib atdılar. Dön bir baax.
Bezgin halda çönüb arxaya baxdı. Bu dəfə o özü də heyrətini gizlədə bilmədi. 

- Aaaa... Bunu niyə bura atıblar?

Azərbaycanda sosial şəbəkələrdə fenomenə çevrilmiş HEKAYƏ - GÖZƏGÖRÜNMƏZ QADIN

Tər qızıl güllərdən zövqlə bağlanmış buket küskün-küskün düşdüyü bu vahiməli, iyrənc yerə baxır, şahzadə ədasıyla əlini-ətəyi yığıb kirlənməməyə çalışırdı.

Təəccüblə seyr edən ağzı açılmamış konserv qabı bu dəfə onu heyrətə salan sualı gülün özünə verdi: 

- Yaxşı, bizi bildik. Səni niyə atıblar bura?

Ağlamamaq üçün özünü güclə saxladığı səsinin titrəməsindən hiss olunurdu çiçəyin:

- Bilmirəm, - dedi.

Bu qəribə mənzərəyə artıq oranın bütün sakinləri toplanıb heyrətlə baxırdı. Yalnız 1/3-i yeyilmiş qarpız, boş şirə şüşələri, kiflənmiş soğan, kartof, solmuş göyərtilər və daha "kimlər", "kimlər"...

Gül burdakıları izləyib, bəlkə bir az da özünü onlarla muqayisə edib danışmaq, açıqlama vermək ehtiyacı duydu. Onların halı göz qabağındaydı. Bəs özü? Axı onu necə atmaq olardı?! 

- Mən Bilik Günü öncəsi bağlanıb hazırlanmış, vitrinə düzülmüş buketlərdən biri idim. Hamımız özümüzü dükanın ən gözəl buketi hesab edirdik. Hətta bu barədə mübahisəmiz də olurdu. 
Dünən dükana bir ana və balaca qızı gəldi. Qız içəri girən kimi elə bil o dəqiqə gözü məni tutdu. Gəlib yaxınımda durdu. Həsrətlə mənə baxdı. Mən də ona baxıb gülümsədim. Yanımda durmuş rəqiblərimə də göz süzdürüb onlardan üstün olduğumu vurğulamağı da unutmadım.
 Amma qızın anası mən tərəfə gəlmirdi ki, gəlmirdi. Məndən qat-qat görkəmsiz, qat-qat kiçik buketlərə baxır, qiymətlərini soruşur, qərar verməkdə çətinlik çəkirdi. Nəhayət, balaca qızcığaz anasına yaxınlaşıb ətəyini dartışdırmağa başladı. Əli ilə məni göstərib:

- Ana, buuu... Bunu istəyirəm! - dedi.

Qadın satıcıdan qiymətimi öyrənəndən sonra tutuldu. Qızının qarşısında çöküb:

- Amma bu çox bahadır, qızım. Gərək bütün pulumuzu buna verəm.

Qızın yerə dikilmiş dolmuş gözləri yola gəlmədiyini göstərirdi. Bir azdan gözlərindən dükanın yerinə damlayan göz yaşları anasına çarə buraxmadı. Satıcıya yaxınlaşıb asta səslə:

- Bir az endirim etsəniz olarmı? - dedi.

Onun bayaqdan xeyli gülün qiymətini soruşub yenə də qərar verə bilməməsindən təngə gəlmiş satıcı soyuq və kəskin cavabladı sualı:

- Olmaz, xanım! Elə bunlar ən endirimli qiymətlərdir. Aşağı yeri yoxdur!

Ana yenə yola gətirmək ümidi ila qızına yaxınlaşdı:

- Gülüm, bax mən bunu alsam, gərək sənə o bəyəndiyin bantları almayam, ayın sonuna qədər sənə məktəb xərcliyi verməyəm. Pulum qalmır axı, ana qurban...

Qız artıq hıçqıraraq:

- İstəmirəm heç nə!!! Bantları da, xərcliyi də istəmirəm! Bu buketi istəyirəm! - dedi. 

Nəhayət, ana çarəsiz qalıb məni aldı və mən ana və qızı ilə birgə onların balaca mənzilinə yollandım.

Hamı gülün hekayəsini maraqla dinləyir, hekayənin sonunu, bura necə gəlib çıxdığını bilməyə tələsirdi. Gülsə davam edirdi:

- İnanırsız, o gecə yatmadı o qızcığaz. Başıma dolandı, mənimlə söhbət etdi, əzizlədi, balaca əlləri ilə sığalladı. "Müəlliməm sevinəcək, sən çox gözəlsən," - deyirdi. "Onun çox xoşuna gələcəksən,"- deyirdi.

Səhəri gün məni qucağına alıb məktəbə apardı balaca qız. Elə fəxrlə, qürurla addımlayırdı ki, sanki çox böyük bir zəfərə imza atmışdı. Doğrudan da, axı o müəlliməsinə ən gözəl buketi verəcəkdi. Verdi də...

Gül başını aşağı salıb susdu...

Maraq içində onu dinləyənlər yerbəyerdən dilləndi:

- Bəs sonra???

- Sonra noldu??? 

ƏSİR GÜL - Sosial şəbəkələrdə fenomenə çevrilmiş daha bir HEKAYƏ

Səsi titrəyərək son cümlələrini dedi gül:
- Heç nə! O da məni bura atdı... Dedi ki, bu nədir eee, hərəsi bir buket götürüb gəlib üstümə?! Buna verilən pulu özümə versəydilər, nolardı sanki?!

Dinləyicilər təəssüflə kökslərini ötürüb ona təsəlli verməyə başladı. Sonra gülün kefini açmaq üçün hərə öz hekayəsini danışmağa başladı. Gül isə demək olar ki, heç dinləmir, onlarla bir tutulmasını, belə bir yerə atılmasını heç cür qəbul edə bilmirdi.

Öz hekayəsini danışıb tamamlayan qarpız, sonda üzünü gülə tutub:
- Yəni ki, ürəyini sıxma. Sən tək deyilsən, - dedi.

Onun özü ilə gülü bir tutması lap hövsələdən çıxardı gülü. Qəzəblə:
- Siz başqa, mən başqa. Sizi atmaları aydındır. Məni necə ata bilərlər?!

Bu söz sakinlərin hamısına ağır gəldi. Yerbəyerdən dillənməyə, etiraz etməyə başladılar. Səs-küy bir-birinə qarışdı: 
- İndi olmasa da, solanda onsuz da yerin bura idi.
- Sən gülsən yeyiləsi, içiləsi bir şey deyilsən. Bizi vaxtında xarab edib yararsız hala salmasalar, burda nə işimiz vardı ki?!
- Hə elə onu de. Sən isə əvvəl-axır bura gələcəkdin.

Mübahisə get-gedə qızışırdı. Səsdən qulaq tutulurdu. Elə bu vaxt zibil qabına kimsə yaxınlaşdı. Bir torba tullayıb getdi. Hamı maraqla yeni sakinə yönəldi. Yaxınlaşıb baxdılar. Torbada azacıq boyatlaşmış bütöv bir çörək göründü və araya sonsuzluq qədər uzun bir sükut çökdü...

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/culture/801382.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR