Yer planeti 18 milyard kilometr aralıdan mesaj aldı

Yer planeti 18 milyard kilometr aralıdan mesaj aldı
16:52 11 Noyabr 2019
Ölkə mətbuatı
A- A+

Amerikanın "Voyacer-2" planetlərarası aparatının Yer kürəsinə ulduzlararası fəzadan göndərdiyi məlumatları alimlər araşdırıblar.

Milli.Az Sputnik Azərbaycan-a istinadən bildirir ki, bu barədə Amerika Aerokosmik Agentliyinin (NASA) saytında bir neçə məqalə dərc olunub. 

Aparatın heliosferdən keçərkən mütəxəssislərə göndərdiyi məlumatlar barədə Nature Astronomy jurnalı bəhs edir. Məlumatlar iki ədəd plazmanın öyrənilməsi üçün, iki ədəd enerji hissəciklərinin aşkar edilməsi üçün və bir ədəd maqnit sahəsi sensoru olmaqla ümumilikdə 5 qurğudan əldə edilib. Alimlər deyirlər ki, bu məlumatlar Günəşin yaratdığı mühitin "sahil xətti"nin təsvirini qurmağa kömək edəcək. 

​Eyni zamanda, "Voyacer"dən alınan məlumat lokal ulduzlararası fəzadakı plazmanın heliosferin içindəki plazmadan daha sıx, eləcə də temperaturunun daha aşağı olduğunu təsdiqləyib. Bəlli olub ki, ulduzlar arasındakı fəzada da kosmik şüalar, başqa sözlə desək, partlayan ulduzlardan güclü təkan alan hissəciklər var. NASA-nın mütəxəssisləri bildirirlər ki, heliosfer Yer kürəsini bu cür şüaların 70%-nin təsirindən qoruyur.

Kosmik zondun göndərdiyi məlumatlar heliosferin hüdudlarını müəyyənləşdirməyə kömək edir. Bu sərhəd bizim ulduzumuzun aktivliyindən asılıdır.

​​"Voyacer-2" Günəş sistemini 2018-ci ilin dekabrında tərk edib. Hazırda o, planetimizdən 18 milyard km aralıda yerləşir. "Voyacer-2" Günəş sisteminin 4 nəhəng planetinin yanından keçən ilk aparatdır. O, Yupiterin 3, Saturnun  4, Uranın 11, Neptunun 6 yeni peykini aşkarlamağa kömək edib. Son iki planetin yaxınlığından isə "Voyacer-2"dək hələ heç bir kosmik aparat keçməyib.

"Voyacer-2" NASA tərəfindən 1977-ci il avqustun 20-də Günəş sisteminin uzaq planetlərinin öyrənilməsi məqsədilə kosmosa buraxılıb. Onun ulduzlararası fəzaya çatması üçün 40 il vaxt gərək olub. 

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/hitech/800801.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR