Çin Avropaya Azərbaycandan gedir

Çin Avropaya Azərbaycandan gedir
11:05 12 Noyabr 2019
Ölkə mətbuatı
A- A+

Avrasiyannın tarixinə yazılacaq hadisə yaşandı. "Bir kəmər, bir yol" layihəsi çərçivəsində Çində yola çıxan, Bakı-Tbilisi-Qars dəmiryol marşrutu ilə hərəkət edən və "Marmaray" tunelindən yararlanaraq Avropaya dayanmadan keçəcək ilk yük qatarı "Marmaray"ı keçib.

Çinin Şian şəhərindən yola çıxan "China Railway Express" ("Çin Dəmiryolu Ekspresi") Ankarada Türkiyənin rəsmi şəxsləri tərəfindən qarşılanaraq yola salınandan sonra "Marmaray" tunelinə daxil olub. İstanbuldakı "Ayrılıq Çeşmesi" stansiyasına çatan qatar Üsküdar, Sirkeçi, Yenikapı və Kazlı çeşme stansiyalarını keçərək Zeytunburnuna çatıb. Uzunluğu 820 metr təşkil edən, konteyner yüklü 42 vaqondan ibarət olan qatar Avropaya və eyni zamanda, tarixə keçib.

Çindən Avropaya fasiləsiz hərəkət edən ilk yük qatarı olan "China Railway Express" 2 qitə, 10 ölkə, 2 dənizi aşaraq 11483 kilometrlik yolu 12 gündə qət edəcək, sonucda Çexiyanın paytaxtı Praqaya çatacaq.

Yüklərin Bakı-Tiflis-Qars dəmiryol marşrutu ilə daşınması, İstanbuldakı "Marmaray" tunelindən yararlanmaqla ortaq nəqliyyat dəhlizi ilə daşınması digər beynəlxalq marşrutlarla müqayisədə zamana və maliyyəyə xeyli qənaət etməyə imkan verir.

Digər olay isə Ümumçin Xalq Nümayəndələri Yığıncağı Daimi Komitəsinin Sədri Li Canşu Azərbaycana rəsmi səfəri idi. Çindən gələn yüksək rütbəli rəsmi şəxs Azərbaycan prezidenti İlham Əliyev tərəfindən qəbul olunmuşdu.

Görünən odur ki, dünyanın əsas supergüclərindən biri olan Çinin Azərbaycana səfərləri intensivləşib. Belə ki, təxminən bir ay əvvəl Çinin siyasi-iqtisadi yöndə fəaliyyət göstərən bir sıra təmsilçiləri də Bakıda səfərdə oldular. Həmin vaxt ölkəmizə Xarici Ölkələrlə Dostluq üzrə Çin Xalq Assosiasiyasının nümayəndələri gəlmişdi.

Bu səfərlər fonunda iki ölkə arasında yeni-yeni razılaşmalar, müqavilələr imzalanıb. Bir sözlə, Bakı ilə Pekin arasında əlaqələr möhkəmlənir. Bakı ilə Pekin arasında əlaqələrin güclənməsində hər iki ölkənin fundamental məsələlərdə ortaq mövqedən çıxış etmələri mühüm rol oynayıb.

Son dövrlər Azərbaycanla Çin arasında münasibətlər dinamik inkişaf tempinə malikdir. Hər iki dövlət Çinin çöhtəşəm layihəsi olan "Bir kəmər, bir yol" layihəsində yaxından iştirak edir. Xüsusən də iki ölkə arasında iqtisadi əlaqələrin inkişafı sahəsində geniş imkanlar mövcuddur.

Heydər Əliyevin ilk səfərlərindən biri məhz Çinə olmuşdu. Eyni zamanda, prezident İlham Əliyev Cənubi Qafqazdan Çinin "Bir kəmər, bir yol" layihəsinə dəvət alan yeganə lider olub. Bunu Bakıda olarkən Çin nümayəndə heyəti də qeyd edib.

Fundamental məsələlərdə Pekinlə Bakı ortaq mövqedən çıxış edir. Ölkəmiz üçün fundamental məsələ ərazi bütövlüyü məsələsidir. Azərbaycan vahid Çin ideyasını dəstəkləyir. Anoloji olaraq Pekin də birmənalı şəkildə Azərbaycanın ərazi bütövlüyünə dəstək verir. Bu da iki dövlətin mövqeyini siyasi baxımdan yaxınlaşdıran həlledici amildir. Çin dünyanın nəhəng iqtisadiyyatına malikdir, bu sahədə ABŞ-a rəqib olan bir dövlətdir.

Çin üçün Azərbaycanın, xüsusən də iqtisadi rolu mühüm əhəmiyyət kəsb edir. Nəzərə alsaq ki, Çin enerji ehtiyatlarının kasad olduğu ölkələrdəndir, bu baxımdan Bakı ilə Pekinin enerji təminatı sahəsində əməkdaşlığı üçün də yaxşı perspektivlər var. Təkcə neft deyil, qeyri-neft sahəsində də əməkdaşlıq üçün potensial imkanlara malikik. Xüsusən də turizm sahəsində əlaqələrin inkişafı nəzərdən keçirilən məsələlər sırasındadır. Bütövlükdə siyasi dialoqun yüksək səviyyədə olması, xüsusən də son zamanlar Çindən ölkəmizə gələn nümayəndə heyətinin artması, Pekinin Azərbaycana yeni səfirinin təyin edilməsi, iki ölkə arasında daha uğurlu gələcək perspektivlər üçün olduqca vacibdir.

Çinlə əlaqələrimizin yüksək olması Azərbaycan üçün iqtisadi baxımdan olduqca əlverişlidir. Azərbaycan qeyri-neft sektorunun inkişafında maraqlıdır. Turizm isə bu sektorda həlledici sahələrdən biri sayılır. Dünyada 130 milyondan çox çinli turist var. Bu mənada həmin turistlərin də Azərbaycana cəlb edilməsində maraqlıyıq. Həmin tendensiya inkişaf etməkdədir. Çin ali rəhbərliyilə Azərbaycan ali rəhbərliyi arasında əlaqələrin intensivliyi nəticə etibarı ilə ölkəmizə bu dövlətdən nəhəng investorların gəlməsini daha da aktuallaşdırır. Kənd təsərrüfatı sahəsində əlaqələrin inkişafı istiqamətində də fikir mübadiləsi aparılıb. Hesab edirəm ki, bu əlaqə və təmasların yüksəlməsindən bütün tərəflər qazanır. Xüsusən də bu, Azərbaycanın maraq dairəsində olan bir məsələdir, Çinlə bütün sahələrdə əməkdaşlığın genişlənməsi milli maraqlarımıza tam cavab verir.

Azərbaycan isə "Şərq-Qərb" nəqliyyat dəhlizinin kilid parçasına çevrilir.

Çinin beynəlxalq münasibətlər sistemində artan rolu, yeni regionlara çıxış əldə edərək iddialı iqtisadi layihələr həyata keçirməsində özünü büruza verir. Tarixi İpək Yolunun yenidən bərpasına hədəflənən "Bir Kəmər, Bir Yol" (One Road One Belt) layihəsi, Çin məhsullarının bir neçə istiqamətdə qərb bazarlarına çıxarılmasını təmin edərək, rəsmi Pekinin dünya iqtisadiyyatında dominantlığını gücləndirmək məqsədi daşıyır. Layihənin dəhlizi Mərkəzi Asiya - Cənubi Qafqaz regionundan keçdiyi üçün, "Bir kəmər, bir yol" çərçivəsində Azərbaycanın önəmi təbii olaraq, nəzərdən yayına bilməz.

Cari ilin aprel ayında Prezident İlham Əliyevin Cənubi Qafqazdan "Bir kəmər, Bir yol" layihəsi ilə bağlı təşkil edilən foruma dəvət alan yeganə lider olması, rəsmi Pekinin, ölkəmizi regionda əsas siyasi və iqtisadi tərəfdaşı hesab etdiyini göstərir. Son illərdə Ələtdə Beynəlxalq Limanın və Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istifadəyə verilməsi, ölkəmizi, Mərkəzi Asiyanı qərblə (Türkiyə və Avropa İttifaqı), Cənubi Asiyanı (İran və Hindistan) isə şimalla birləşdirən nəqliyyat qovşağına çevirir. Azərbaycanın planlanan bütün nəqliyyat infrastruktur layihələrini uğurla həyata keçirməsi, "Bir kəmər, bir yol" layihəsidə ölkəmizə etibarlı tərəfdaş imici qazandırmışdır. Bir neçə ay öncə, Bakı Limanına səfəri edən Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri, Sun Taonun fikrincə, Azərbaycan qlobal nəqliyyat zəncirində önəmli geosiyasi mövqeyə malikdir və Çin hökumətinin reallaşdırdığı "Bir kəmər, bir yol" layihəsi üçün Bakı Limanı mühüm əhəmiyyət kəsb edir . Müasirləşən nəqliyyat infrastrukturu, sabit və davamlı inkişaf edən sosial-iqtisadi vəziyyəti və coğrafi cəhətdən spesifik ərazidə yerləşmə, ölkəmizi Çinin regionda əsas tərəfdaşına çevirir. Adıçəkilən layihə çərçivəsində ölkəmizin qazanacağı iri həcmli gəlirlər, Azərbaycanın daha da inkişaf etməsinə və qlobal ticarətdə önəmli tranzit ölkəyə çevrilməsinə yol açacaq. Bu faktor geosiyasi proseslərdə Azərbaycanın tədricən sözünün çəkisinin artmasına gətirib çıxara bilər.      

Çinin paytaxtı Pekində keçirilmiş "Bir kəmər, bir yol" (One Belt, One Road) beynəlxalq forumunu xatırlayaq.

126 ölkə və 29 beynəxalq təşkilatın qoşulduğu layihənin miqyasını, onun dünya iqtisadiyyatında tutacağı yeri və ən mühümü - Azərbaycana verəcəyi xeyri dərk etməyənlər də var.

Halbuki aprelin 25-27-də Pekində keçirilən ikinci "Bir kəmər, bir yol" Beynəlxalq Forumunda iştirak edən kompaniyalar 64 milyard dollar məbləğində sazişlər imzalayıblar.

Bu barədə Çin lideri Si Cinpin Forumun yekunlarına həsr olunmuş mətbuat konfransında demişdi.

Onun sözlərinə görə, Forumun gedişində tərəflər 283 layihə üzrə konsensusa gəlib, o cümlədən hökumətlərarası razılaşmalar və praktiki əməkdaşlıq üzrə sazişlər imzalayıb.

Aprelin 25-27-də Pekində keçirilən ikinci "Bir kəmər, bir yol" Forumunda 37 dövlət və hökumət başçısı iştirak edib.

Layihə formatında olan konsepsiya Mərkəzi Asiya, Avropa və Afrikanın 60-dan çox ölkəsini birləşdirən mövcud ticarət-nəqliyyat dəhlizlərinin təkmilləşdirilməsi və yenilərinin yaradılması, həmin ölkələrlə Çin arasında ticarət münasibətlərinin inkişafına yönəlmiş beynəlxalq təşəbbüsüdür. "İpək Yolu İqtisadi Kəməri"nin formalaşdırılması ideyası Çin lideri Si Cinpin tərəfindən irəli sürülüb və ilk dəfə onun 2013-cü ilin sentyabrında Qazaxıstana rəsmi səfəri çərçivəsində Astanadakı çıxışı zamanı səsləndirilib.

"Bir kəmər, bir yol" layihəsinin reallaşması nəqliyyat dəhlizlərinin inkişafı baxımından çox mühümdür. Söhbət Asiyadan Avropaya, xüsusən də Çindən Avropaya daşınmadan gedir. Bu layihənin reallaşması üçün tələb olunan investisiyanın həcmi də kifayət qədər çoxdur. Çin 225 milyard dollar sərmayə qoyub.

"Bir kəmər, bir yol" multinəqliyyat növlərindən istifadə edilməsinə imkan yaradacaq. Qlobal layihə Asiya və Avropa arasındakı ticarət dövriyyəsinin artmasına yol açacaq. Bu layihə Azərbaycana da böyük iqtisadi dividendlər qazandıracaq. Ölkəmiz "Bir kəmər, bir yol" vasitəsilə beynəlxalq yükdaşımalardan böyük gəlir əldə edəcək. Bu məqsədlə Azərbaycan hökuməti Qazaxıstan və Gürcüstanla yükdaşımalar üçün vahid tarif əldə edib. Ölkəmiz yükdaşımalar sahəsində müasir infrastruktur yaradıb. Xüsusən də Xəzərin hüquqi statusunun müəyyənləşməsi də bu işin reallaşmasına təsir edən amildir. Qeyri-neft sektorunun inkişafı ilə yanaşı, beynəlxalq yükdaşımalarda ölkəmizə böyük valyuta daxil olacaq.

Azərbaycanın sürətli iqtisadi inkişafı bizə ölkəni transformasiya etməyə kömək etdi. Ötən on beş ildə iqtisadiyyatımız üç dəfədən çox artıb. Yatırılan 260 milyard dollar həcmində sərmayə bizə ölkəmizi müasirləşdirməyə və müasir infrastrukturu, o cümlədən nəqliyyat sahəsində infrastrukturu yaratmağa kömək edib. Azərbaycanın çox aşağı səviyyədə xarici borcu var. Bu, bizim ümumi daxili məhsulun təxminən 19 faizini təşkil edir. Bizim ehtiyatlarımız xarici borcumuzdan beş dəfə çoxdur. Azərbaycanın builki iqtisadi göstəriciləri artımın olduğunu nümayiş etdirir. Ümumi daxili məhsul 3 faiz artıb, inflyasiyanın səviyyəsi 2,1 faizdir və iqtisadiyyatın şaxələnməsi bizim əsas məqsədlərimizdən biridir.

Çin Azərbaycanın qeyri-neft sektorunun inkişafına böyük investisiyalar yatırmaqla yanaşı, ölkəmizə qeyri-neft sektoru məhsullarının ixracı üçün özünün geniş bazarlarını açır. Azərbaycan qeyri-neft sektorunun inkişafı istiqamətində daha böyük nailiyyətlər əldə etdikcə Çin-Azərbaycan münasibətlərinin inkişafı daha sürətlənəcək və daha geniş miqyasa malik olacaq. Çin-Azərbaycan münasibətlərində baş verən inkişaf iki ölkə arasında ticarət dövriyyəsinin də artmasına səbəb olub. Bunun nəticəsidir ki, artıq Çin Azərbaycanın 4 ən böyük ticarət tərəfdaşından biridir.

Azərbaycanın potensialı, ciddi və genişmiqyaslı perpsektivləri təki.

"Bir kəmər, bir yol" layihəsi çərçivəsində Çinin tərəfdaş ölkələrə ayırmağa hazırlaşdığı kreditlərin ümumi həcmi 1 trilyon dollardan artıqdır.

Adıçəkilən layihə çərçivəsində ölkəmizin qazanacağı iri həcmli gəlirlər Azərbaycanın daha da inkişaf etməsinə və qlobal ticarətdə önəmli tranzit ölkəyə çevrilməsinə yol açacaq. Bu faktor geosiyasi proseslərdə Azərbaycanın tədricən sözünün çəkisinin artmasına gətirib çıxara bilər.

Elçin Alıoğlu
Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/economy/801545.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR