Bombaların rənglədiyi səma altında HİND FİLMİ - ROMANTİK, DRAMATİK, FANTASTİK...

Bombaların rənglədiyi səma altında HİND FİLMİ - ROMANTİK, DRAMATİK, FANTASTİK...
12:38 12 Noyabr 2019
104 Digər
Ölkə mətbuatı
A- A+

Leyla Sarabi

Tanrı qadını qorumaq istəyəndə, ona oğul övladı bəxş edir.

İnandınız? Alisanın möcüzələr dünyasına and olsun ki, cəfəngiyatdır. Artıq plasentaya bürünmüş embriona da məlumdur ki, cinsiyyət, potensial atanın xromosom tənliyi ilə hesablanır. Yəni zaman və məkan tələbindən doğan təbiət hadisəsi... Amma mənim oğlumun doğuluş reseptində 20 qram da olsa möcüzə tamı var. Çünki mənim uşaqlıqdan oyun yoldaşlarım savaş oğlanları olub. Çünki mən qızlarla əyləncəli zaman keçirmək sxemi qurmamışam körpəlikdən. Çünki həyatımın xromosom tənliyinın həlli oğlanlara bərabər olub.

Min doqquz yüz ən məsumumcu illərim idi. Ömrümün 12-ci trimestrini arxamızca cırıldayan darvazamızdan uzaqlarda haqlayırdım. Valideynlərimin Allahın yasin oxuduğu şəhərlərindən əllərini üzməyə ürəkləri əl vermirdi. Atamın vəzifəsi işimizə yaramışdı. Ətraf kəndlərin birində hərbi hissəyə bitişən otağa sığınmışdıq. Atam günəşi gözləmədən oyanıb Ağ şəhərin qara damlarına tələsirdi. Səhranın günəşi alovunu üstümüzə ağlayan kimi anam məni hərbi hissənin yanındakı kəndli qadının evində gizlədib, damları baş daşına dönən vətənində yarım qalan işinə qaçırdı. Bacımı nənəmgil Bakıya qaçırmışdılar. Mən anamsız qala bilmirdim, ayırmağa güllələrin də gücü yetməmişdi. Anam məni özü ilə Ağdama aparmağa qorxurdu. Ona görə pul qarşılığında məni həmin qadına əmanət edirdi. Evində 3 oğlan böyüdürdü adını unutduğum qadın. Mən ən çox da kiçiklərlə oynayardım. Sevimli işimiz həyətdəki böyük çəlləkdən qan qırmızısı kələm turşusu qoparıb evə qaçmaq idi.

Uşaqlıq çağında 1 yaş fərq 10 ilə bərabərdir axı. Bəzən mən çəlləyin rəngini xatırlayıb, gülüşünü unutduğum o qadının südəmər oğlunu ana qayğısı ilə susdurmağa çalışardım. O, ağladıqca, məntiqsiz göz yaşlarından mənim də meylim çəkərdi. Amma qürurumu duzlu suya dəyişməzdim. Məgər bizi qadın edən kişilərin acizliyidir?

Anam hər axşam iftar vaxtı işdən geri dönərdi. Biz yenə dörd divarın arasında gizlənərdik. Evimizdə geyindiyi mavi butalı xalatı da burada əsgər formasına bənzəyirdi. Əslində o otağı sevgimizlə lap muzeyə döndərmişdik. İlk xatırladığım yuxumu da orada görmüşdüm. Şübhəsiz, rəngli yuxularımla bəzədiyim o buz otaq çoxdan torpağa qarışıb, mənim məsum xəyallarımı tanklar xıncımlayıb, güllələr qanadıb.

Bir dəfə də xəbər yayıldı ki, yenə ağır atışma olub. Dayım bu yaşımdan biraz kiçik olardı. Ağdamın mərkəzində işləyirdi. Anam çox zəng vurdu, cavab verən olmadı. Əlimdən bərk yapışıb dayımın iş yerinə qaçdı. Anamın addımına ayaq uzada bilmirdim. Tez-tez çınqıllı yolda dizim yerə gəlirdi. Mənim dizlərim qanayırdı, anamın ürəyi...

Həmin gün bəla dayımdan yan keçmişdi. Amma atışmada telefon xətləri qopmuşdu. Biz geri qayıdırdıq. Anam ayaqlarımı sığallayırdı, mən onun əllərini...

Bir müddət sonra qonşu otağa gənc ailə köçdü. Komandirin kənddən gələn qohumları idi. Vicdanıma kor baxım ki, hamısının adını xatırlayıram. Artıq günümün böyük hissəsi ailənin oğlu Viceylə (anası hind kinolarına sevdalı idi) keçirdi. Bombaların rənglədiyi səma altında boş patronlar axtarırdıq. Ömrümün bu dövrü əsl hind filmi idi. Romantik, dramatik, fantastik... Yox Vicey mənim ilk eşqim deyildi. Dediyim kimi həm yaşca məndən balaca idi, həm də 4 yaşlı vəhşi eqom onun əyalət uşağı olduğunu şüuruma yaxmac eləyirdi. Biz qaldığımız ərazinin önü çox geniş əkin sahəsi idi. Lap uzaqlarda isə hər gün vaqon qatarı keçirdi. Mən o qatarla bacımın yanına gedib geri dönməyəcəyimi xəyal edirdim. İllər sonra elə həmin qatar anamı bizdən alıb aparacaqdı.

Viceyin anası hamilə idi. Bir gecə iniltisinə ayıldıq. Hərbi hissənin həkimi gəldi. Körpəni dünyaya gətirdilər. Mən qaranlıq otaqda ilk dəfə insan doğuluşuna şahid oldum.

Qaçqınlığın ocağına doğulan körpənin adını da adımla cütləşdirib Lalə qoydular. Ən azı mənə hacət olmayan şirin yalan söylədilər.

Lalə hələ əl körpəsi ikən biz Bakıya köçdük. Sonra anam buxarlanıb fəzaya köçdü. Biz hələ ki, Bakıdayıq. Bəzən bir oğlanın məntiqsiz göz yaşlarını silirəm, bəzən boş patron toplayıram. Mən onun savaşlarda ölməyini istəmirəm!


Xəbərin orijinal ünvanı: https://publika.az/news/koshe/295864.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR