Heydər Əliyev Beynəlxalq Aeroportunda yeni uçuşların təhlükəsizliyinin idarə edilməsi sistemi tətbiq olunub

Heydər Əliyev Beynəlxalq Aeroportunda yeni uçuşların təhlükəsizliyinin idarə edilməsi sistemi tətbiq olunub
16:52 12 Noyabr 2019
62 Digər
Ölkə mətbuatı
A- A+

“Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası”nın (IATA) Uçuşların Təhlükəsizliyi üzrə Avropa Agentliyinin direktoru Cankarlo Buononun başçılıq etdiyi nümayəndə heyəti Bakıda rəsmi səfərdə olub.
Azərbaycan Hava Yolları” QSC-dən "Report"a verilən məlumata görə, səfərin məqsədi “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsinin (AZANS) və IATA-nın ICAO-nun tələblərinə cavab verən birgə layihəsi – Azərbaycanın hava məkanında üçsəviyyəli uçuş təhlükəsizliyi idarəetmə sisteminin tətbiqinin başa çatdırılmasıdır. Müvafiq razılaşma cari ilin yayında “Azərbaycan Hava Yolları” və “Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası” arasında imzalanıb.
Son bir neçə ay ərzində IATA AZANS Hava Hərəkəti İdarəsinin uçuşların təhlükəsizliyi və risklərin idarə edilməsi sistemində, o cümlədən kadr hazırlığında yüksək standartların tətbiqi üzrə geniş işlər görülüb.
Səfər çərçivəsində qonaqlar AZAL prezidenti Cahangir Əsgərov ilə görüşüblər.
“AZAL IATA-nın tamhüquqlu üzvü olub, bu beynəlxalq təşkilatla aviasiyanın bütün sahələrində və ilk növbədə sərnişin daşımalarının təhlükəsizliyinin təmin edilməsi sahəsində sıx əməkdaşlıq edir. Müasir texnologiyaların tətbiqi bu vacib məsələdə uğurun təməlidir", – Cahangir Əsgərov bildirib.
“Uçuşların təhlükəsizliyinin idarə edilməsi sisteminin tətbiqi ilə bağlı apardığımız birgə işlər Azərbaycan səmasını bütün aviaşirkətlər üçün təhlükəsiz edir. Biz AZANS-a sıx əməkdaşlıq üçün təşəkkür edirik", – Cankarlo Buono qeyd edib.
IATA nümayəndə heyətinin rəhbəri, həmçinin “Azərbaycan Hava Yolları”nın Hava Hərəkəti İdarəsinin sistemləri ilə pilotsuz uçuş aparatlarının idarə edilməsi sistemlərini birləşdirmək təşəbbüsünü dəstəkləmiş (ATM / UTM İnteqrasiyası) və bu məsələnin, xüsusilə, hava limanlarının ərazisində uçuşların təhlükəsizliyinin təmin edilməsində vacibliyini vurğulayıb.
Cahangir Əsgərov bir çox ölkələrin bu vəziyyətdən narahat olduqlarını qeyd edib. Xüsusilə, Böyük Britaniyada hava məkanında dronların qanunsuz istifadəsinin qarşısını almaq məqsədilə “Hava məkanının təşkili və pilotsuz uçuş aparatları” ilə bağlı yeni qanun qəbul edilib. Yaponiyanın Nəqliyyat Nazirliyi, həmçinin bu kimi halların qarşısını almaq üçün təcili tədbirlərin görülməsi barəsində göstəriş verib və hava limanları ərazisindəki dronların aşkarlanması üçün sensor sisteminin alınmasını nəzərdən keçirir.
“Dronların hava limanlarının yaxınlığında uçması bütün dünyada çox aktual problemdir. Bununla əlaqədar, tərəfimizdən Heydər Əliyev Beynəlxalq Aeroportunda “Azəraeronaviqasiya”nın nəzdində Mülki pilotsuz uçuş aparatlarına nəzarət mərkəzinin yaradılması qərarı qəbul edilib”, – AZAL prezidenti bildirib.
Görüş zamanı tərəflər 2020-ci ildə Bakının uçuşların təhlükəsizliyi və uçuş əməliyyatlarına həsr olunmuş ən mühüm beynəlxalq konfranslardan biri – “Safety and Flight Ops Conference”a ev sahibliyi edəcəyini qeyd ediblər. ICAO-nun Baş Katibi Fan Liu və IATA-nın Baş direktoru Aleksandr de Junyakın Azərbaycanın paytaxtına səfəri gözlənilir.
"Dünya mülki aviasiyasının qlobal problemlərinin müzakirə ediləcəyi belə bir mühüm tədbirin Bakıda keçirilməsi Azərbaycanın bu sahədə böyük uğurlarını nümayiş etdirir",– Cahangir Əsgərov bildirib.


Xəbərin orijinal ünvanı: https://report.az/i-nfrastruktur/aeroportda-yeni-ucuslarin-tehlukesizliyinin-idare-edilmesi-sistemi

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR