Cəmiyyət bir daha gördü ki, radikal müxalifət öz qrup maraqları və intriqalardan uzağa gedə bilmir - Ekspert

Cəmiyyət bir daha gördü ki, radikal müxalifət öz qrup maraqları və intriqalardan uzağa gedə bilmir - Ekspert
20:08 12 Noyabr 2019
86 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Samir Əli - Trend:

Müsavat Partiyası da ölkədə radikal aksiyalara cəmiyyətin heç bir maraq göstərməməsi kimi ciddi faktoru nəzərə almadığı üçün Bakının mərkəzində aksiya keçirmək cəhdi ilə fiaskoya uğradı.

Bunu Trend-ə açıqlamasında "Bakı xəbər" qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev deyib.

Onun sözlərinə görə, hakimiyyətin konkret ünvan göstərməsinə baxmayaraq, "Milli Şura" deyilən radikal qurumun təxminən 100-150 nəfərlik aksiyasının iflasa uğramasının ardınca Müsavat üzvlərinin də eyni uğursuz cəhdə əl atması ortaya bir sıra maraqlı məqamlar qoyur: "İcazə verilməyən yerdə Müsavat partiyasının cəmi 10-15 nəfər şəxslə aksiya keçirmək cəhdinin qarşısının alınacağı, aksiyaya ictimaiyyətin heç bir dəstək verməyəcəyi əvvəldən də məlum idi. Çünki ölkədə radikal aksiyalara heç bir sosial sifarişin olmadığı Azərbaycan xalqına çoxdan məlum olan faktdır. Bununla belə, Müsavat bilə-bilə bu uğursuzluğa getməklə əslində xalqın hansı rəydə olduğunu saya almadan hərəkət etdi və "Milli Şura" ilə mənasız rəqabət apardığını sübut etdi".

Ekspert bildirib ki, Müsavat Partiyasının uğursuz aksiyası radikal təşkilatlara xalqın heç bir ümid bəsləmədiyinin bariz nümunəsi oldu: "Şübhə yoxdur ki, cəmiyyət belə aksiyalardan mümkün qədər uzaq dayanmaqla göstərmək istəyir ki, radikalların əsas hədəfinin ölkədə sabitliyi pozmaq, xaos yaratmaqdan ibarət olduğunu yaxşı anlayır. Cəmiyyət bir daha gördü ki, radikal təşkilatlar guya hamının mənafeyinin müdafiəçisi olduğunu iddia etsə də, əslində, öz qrup maraqlarından və intriqalardan uzağa gedə bilmirlər. Aydın görünür ki, ayrı-ayrılıqda uğursuz aksiyalar keçirən Müsavatla "Milli Şura" təmsilçiləri arasında on illərlə davam edən intriqa və çəkişmələr bitməyib və bunun xalq mənafeyi ilə heç bir bağlılığı yoxdur.

Müsavatın son uğursuzluğu başqa bir maraqlı məqamı da üzə çıxardı. Radikallar Boliviyadakı məlum hadisələrin əsassız eyforiyasına qapılaraq reallıq hissini o qədər itirdilər ki, guya Bakıda da insanların həmin hadisələrin təsiri altında fəallaşacaqlarına ümid etdilər. Sonda isə məlum oldu ki, radikalların əsassız eyforiyasına baxmayaraq Azərbaycan xalqı sabitliyi boş vədlərdən və boğazdan yuxarı müxalif mülahizələrdən üstün tutur. Bir daha nümayiş olundu ki, radikallardan fərqli olaraq Azərbaycan xalqı ölkə üçün heç bir yad mübarizə formulunu və ya ssenarini məqbul hesab etmir.

Müsavatın uğursuz piket cəhdinin hakimiyyət orqanlarının rəsmi xəbərdarlığından sonra keçirilməsi növbəti dəfə göstərdi ki, hakimiyyət orqanları prosesləri qanun müstəvisinə çəkməkdə nə qədər maraqlıdırsa, radikallar da zorakı mübarizəyə bir o qədər maraqlıdır".

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/politics/3147593.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR