Oxuduğu ölkədə səfir olmaq təklifi alan tələbə - Xaricdə təhsil - FOTO

Oxuduğu ölkədə səfir olmaq təklifi alan tələbə - Xaricdə təhsil - FOTO
07:17 13 Noyabr 2019
100 Ölkə
Ölkə mətbuatı
A- A+

Milli.Az kaspi.az-a istinadən yazını təqdim edir.

Deyir ki, gənclər yüz faiz əmin olmadan, heç bir xaricdə təhsil şirkətinə və ya kiməsə inanmasınlar. Təhsil almaq istədikləri ölkənin yaşayış şəraitini, həyat tərzini araşdırsınlar. Hətta, mümkündürsə, bir neçə günlük ora səfər edib ölkə ilə əyani şəkildə tanış olsunlar. "Xaricdə təhsil" rubrikasında bu dəfə Litvada Kaunas Texnologiya Universitetində təhsil alan Emin Vəlixanovdur.
 
Qeyd edək ki, E.Vəlixanov 1995-ci il də doğulub. İlk təhsilini Azərbaycan Dövlət Neft və Sənaye Universitetində elektrik mühəndisliyi üzrə alıb. Həmin dönəmdə könüllülük fəaliyyəti ilə məşğul olub. Fərdi inkişaf və sosial aktivliklə bağlı bir sıra layihələrdə iştirak edib.
 
- Necə oldu ki, xaricdə təhsil almaq qərarına gəldiniz və nə üçün Litvanı seçdiniz?

- 2015-ci ildə Avropa oyunlarında işlədiyim zaman ingilis dilim elə də güclü deyildi və xarici qonaqlarla ünsiyyətdə problemlər olurdu. Həmin dövrə qədər xaricdə təhsil almaq fikrim yox idi. Lakin işimlə bağlı olaraq xaricilərlə əlaqələrim genişləndi, xarici dil öyrənməyə marağım artdı. Beləcə, ingilis dili biliyimi yüksəltmək üçün kursa getdim və qərara gəldim ki, xaricdə təhsil alım. O vaxt xaricdə təhsillə bağlı məlumat paylaşan səhifələr indiki kimi çox deyildi. Ona görə, xaricdə təhsillə bağlı bir çox şeydən xəbərsiz idim. Həmin müddətdə Litvada yaşayan azərbaycanlı dostlar mənə kömək edəcəklərini, təqaüd almağım üçün yol göstərəcəklərini deyirdilər, ancaq nədənsə, sonra onları tapa bilmədim (gülür). Amma mən yenə də hədəfimdən dönmədim, elə Litvadakı universitetlərdən birinə sənəd verdim. İlk cəhdim uğursuz oldu, təqaüd ala bilmədim. İkinci dəfə müraciət etdim və təqaüd proqramını qazandım. 2018-ci ilin oktyabrında Litvaya yola düşdüm.

- Xaricdə təhsil şərtdirmi?

- Əgər ixtisasınız üzrə biliyiniz kifayət edirsə və həmin bilikdən istifadə edib sizi qane edən əmək haqqı ilə iş tapa bilirsinizsə, ölkədə qalsanız belə, müxtəlif mənbələrlə özünüzü inkişaf etdirə bilirsinizsə, xaricdə təhsil elə də şərt deyil. Yaxşı olar ki, gənclər bakalavr təhsilini bitirdikdən sonra bir müddət işləyib, növbəti mərhələdə xaricdə təhsil almağı düşünsünlər.
 
- İki ölkənin təhsilinə bələd olan biri kimi, hansı fərqləri müşahidə etdiniz?

- Təbii ki, fərqlər böyükdür. Deyərdim ki, tamam fərqli iki təhsil sistemidir. Litvada dərsləri müxtəlif resurslarla keçirlər. Azərbaycanda dərslərdə əsas mühazirə yazmaq, seminar dərslərində bal toplamaq idi, burda isə bütün dərslər slaydlarla olur. Bizə mövzular verilir və onun haqqında araşdırma edib, slaydlar hazırlayırıq. Bəzən bir mövzu ilə bağlı 3-4 gün araşdırma etməli oluruq. Düzdür, bildiyim qədərilə bizim universitetlərdə də bu üsula keçid edilir, amma mən oxuyan dövrdə belə sistem yox idi.

- Maraqlıdır, orada tələbə-müəllim münasibəti necədir?

- Tələbə-müəllim münasibətlərində də böyük fərqlər var. Burada dərsdən sonra müəllimlə haradasa oturub müəyyən bir mövzunu müzakirə şansımız var. Müəllimlər bizimlə çox yaxındırlar. İstənilən vaxt dekanla, kafedra müdiri ilə görüşüb istənilən qədər söhbət etmək olur. Məncə, bu, Avropadakı təhsilin üstünlüklərindən biridir.
 
- Təqaüd proqramı ilə getdiyinizi deyirsiniz. Bu təqaüd bütün universitetlərdə eynidir, ya fərqli?

- Bəli, bura təqaüd proqramı ilə gəlmişəm, bu, Litva dövlətinə məxsusdur. Seçim bütün universitetlərdə eyni olduğu üçün təqaüdün həcmi də eynidir. Təqaüdümüz aylıq 380 avrodur. Əgər kəsriniz olmasa, müntəzəm olaraq təqaüdü alırsınız. Bundan başqa, universitetdə əlavə təqaüd proqramları da olur. Həmin proqramlara əvvəlcədən yox, universitetdə bir semestr oxuduqdan sonra müraciət edə bilərsiniz. Universitetin nəzdində verilir, adı "Talant Scholarship"dir. Bunun üçün də ortalama semestr balınız 8-dən yuxarı olmalıdır. Əlavə təqaüdün də həcmi 250 avrodur. Hər semestr üçün ayrıca nəzərdə tutulub. Yəni hər semestr sonunda təqaüd dayanır. Növbəti semestrdə 8-dən yuxarı bal toplasanız, yenidən müraciət edirsiniz və təqaüdünüz bərpa olur. Bundan başqa, universitetə müraciət edərkən akademik göstəriciləriniz və xarici dil sertifikatınızın balı yüksəkdirsə, təhsil haqqından azad olma və ya müxtəlif güzəştlərdən istifadə etmə şansınız yaranır.

- Aldığınız təqaüd orada xərcləri qarşılamağa bəs edir, ya əlavə olaraq işləmək lazımdır?

- Əgər siqaret çəkmirsinizsə, başqa yerlərə elə də ciddi pul xərcləmirsinizsə, alınan təqaüd sizə tam bəs edir. Burada yataqxana xərcləri 75-145 avro arasındadır. Aylıq xərclər isə maksimum 100-150 avro olur. Bu da sizin təqaüdünüzə tam uyğundur. Hətta, hər hansı əlavə xərclər olarsa belə, onu qarşılaya bilir. Təqaüd bəs edir, amma mən həm də kursda ingilis dili müəllimi kimi işləyirəm. Yaşadığım Kaunas şəhəri çox ucuzdur. Restoranlarda və nəqliyyatda tələbə kartınızla endirimlər əldə edə bilərsiniz. Ölkə daxilində harasa gedəndə 50%, ölkə xaricində isə 20% endirimlər olur. Yəni sırf təqaüdlə yaşamaq mümkündür, hətta, özünüz üçün pul da yığa bilərsiniz.

- Ümumiyyətlə, Litvada həyat şəraiti necədir?

- İlk olaraq onu qeyd edim ki, hava soyuq olur. Burada günəşli hava tapmaq çətin məsələdir. Günəş çıxsa belə, daha sonra yağış yağır. Yay aylarında da isti hava bizim ölkəmizdəki kimi olmur. Burada heç yerdə kondisioner görə bilməzsiniz, evlərdə, sadəcə qızdırıcılar olur. Yaşayış xərcləri də ucuzdur. Baltikyanı ölkədir, rahatlıqla qonşu ölkələrə səfər edə bilərsiniz. Kaunas çox rahat, sakit şəhərdir. Paytaxt Vilnüsdən fərqli olaraq burada insan və nəqliyyat sıxlığı müşahidə edilmir.
 
- Bəs litvalıların gəlmələrə münasibət necədir?

- Burada orta yaşlı nümayəndələr azdır. İnsanların əksəriyyəti ya yaşlıdır, ya da tələbələrdir. Postsovet ölkəsi olduğu üçün əgər rus dilində bilirsinizsə, insanlarla əlaqə qurmağınız çox asandır. Amma baxır hansı şərtlərdə kimlə rusca danışırsınız. Yaşlı nəslin nümayəndələri ilə rus, gənclərlə isə ingilis dilində danışa bilərsiniz. Çox səmimidirlər, saxta gülüşləri olmur, özləri də saxtakarlığı sevmirlər. Digər ölkələrdən fərqli olaraq Litvada gəlmələrin çox olması onları qorxudur. Bu isə əvvəlki dövrlərdə ölkəyə gələn insanlarla bəzi problemlərin yaşanması ilə əlaqədardır. Xüsusilə, tələbələrə yanaşmaları fərqlidir. Onların təhsil alması, rahat yaşamaları üçün hər cür şəraiti yaradırlar. Əcnəbi tələbələr təhsil müddətlərini başa vurduqdan sonra qalıb işləmələri üçün köməklik edirlər.

- Özlərinə xas adət-ənənələri varmı?

- Litvalılar basketbolla yatıb, basketbolla dururlar. Basketbol onların ən çox məşğul olduqları idman növüdür. Kifayət qədər tanınmış basketbol klubları var. Burada hara gedirsiniz gedin, günün istənilən vaxtı kimisə əynində forma qaçan yerdə görmək mümkündür. Sağlamlıqlarına xüsusi önəm verirlər. Yaşlılar bütün işlərinin öhdəsindən özləri gəlməyə çalışırlar, gənclərdən kömək gözləmirlər. Həmçinin litvalılarda belə bir xüsusiyyət də var ki, qadınları kişilərdən daha əməksevərdir. Bundan başqa, yaşıllıq onlar üçün çox önəmlidir. Hər yerdə yaşıl ağacları görmək mümkündür.
 
- Bir az da mətbəxlərindən danışaq. Yerli mətbəxlə aranız necədir, orada nə yeyirsiniz?

- Açığı, yerli mətbəxləri çox qəribədir. Yerli mətbəxdən bir-iki dəfə yedim, ağız dadıma uyğun olmadığı üçün daha yemədim. Amma bu mətbəxi bəyənənlər də var. İçində yumurta olan soyuq sup onların əsas yeməklərindən sayılır. İçində ət olan kartof püresi yeməkləri var, çox tutumludur, amma mən bəyənmədim. Hər gün öz yeməklərimizdən bişirib yeyirəm. Burada xarici tələbələr çoxdur, yığışıb hər kəs öz milli yeməklərindən bişirir. Bir gün mən onları qonaq edirəm, növbəti gün onlar məni.
 
- Azərbaycan haqqında məlumatları varmı?

- Bəli, ölkəmiz haqqında məlumatları var. Litvalıların hamısı ölkəmizi tanıyır. Həm keçmiş Sovet ölkəsi olmağımızdan, həm də burada oxuyan tələbələrin çoxluğundan haqqımızda bir çox şeyi bilirlər. Azərbaycanda keçirilən təhsil sərgisində də bizim universitetimiz hər il iştirak edir. Mən özüm də ölkəmiz haqqında bəzi məlumatların verilməsində fəal iştirak edirəm. Sosial şəbəkədə, burada təhsil almaq istəyən gənclər üçün faydalı olacaq bir səhifəm var. Həmçinin, imtahanlarda əldə etdiyim uğurlara görə də, mənə öz fakültəm üzrə azərbaycanlı səfir olmağımı təklif etdilər.

- Orada olduğunuz müddətdə başınıza gələn yaddaqalan bir əhvalatı bizimlə bölüşə bilərsiniz?

- Burada olduğum müddətdə məni heyrətləndirən və qürurlandıran bir hadisə oldu. Litvaya gəlməmişdən qabaq da pakistanlıların Azərbaycanı nə üçün çox istədikləri, qardaş ölkə dedikləri ilə bağlı məlumatın var idi. Amma burada canlı şahidi oldum. Bir pakistanlı tələbə ilə görüşümüz oldu. Azərbaycan haqqında məlumatlı olması, hətta Hacı Zeynalabdin Tağıyevi tanıması, onun haqqında danışdıqları məni heyrətləndirmişdi. Bu, xaricdə təhsil alan azərbaycanlı bir tələbə üçün qürur duyulasıdır.
 
- Litvada ən çox nə üçün darıxırsınız?

- Təbii ki, ilk olaraq ailəm, sonra birlikdə vaxt keçirdiyim dostlarım üçün darıxıram. Burada da dostlar var, amma nə qədər yaxın olsaq da, illərlə dost olduğun insanları əvəz edə bilmir.

- Təhsil müddəti bitdikdən sonra ölkəmizə qayıtmağı düşünürsünüz? Ümumiyyətlə, gələcək planlarınız nədir?

- Xaricdə təhsil alıb öyrəndiklərimizi tətbiq etməliyik. Özümüz gəlib oxuyub, inkişaf ediriksə, ölkəmizdə olan gənclər üçün də nələrsə etməliyik. Təbii ki, təhsilimi bitirdikdən sonra Azərbaycana qayıdıb, öyrəndiklərimi gənc dostlarımızla bölüşməyi düşünürəm.

- Xaricdə təhsil almaq istəyən gənclərə nələri tövsiyə edirsiniz?

- Yüz faiz əmin olmadan heç bir xaricdə təhsil şirkətinə və ya kiməsə inanmasınlar. Təhsil almaq istədikləri ölkənin yaşayış şəraitini, həyat tərzini araşdırsınlar. Hətta, mümkündürsə, bir neçə günlük ora səfər edib ölkə ilə əyani şəkildə tanış olsunlar. Xaricdə olarkən ölkəmizi təmsil etdiklərini unutmasınlar. Çünki pis və ya yaxşı nə isə olanda şəxsin adına yox, ölkənin adı çəkilir. Çalışsınlar ki, ölkəmizi yaxşı mənada dünyaya tanıtsınlar.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/society/801029.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR