Moskva-Yerevan münasibətləri - Rusiya relsindən çıxmayan Ermənistan

Moskva-Yerevan münasibətləri - Rusiya relsindən çıxmayan Ermənistan
14:17 13 Noyabr 2019
110 Digər
Ölkə mətbuatı
A- A+

Rusiya Ermənistandakı hakimiyyətin “yolundan sapmayacağına” arxayın oldu. Belə baxanda 2018-ci ilin mayında hakimiyyətə gəlmiş yeni qüvvələr Moskvadan qopmağa elə də can atmırdılar. Çünki indiki baş nazir Nikol Paşinyanın “Mənim addımım”ı ilk aylardan Kremlyönlü olduğunu gizlətmirdi. Sadəcə, özünü Rusiya hakimiyyətinə baha qiymətə satmağa cəhd göstərirdi. Ancaq Rusiya onların qiymətini 200 ildir müəyyən etdiyi kimi qalır. Elə Paşinyan da o qiymətlə razılaşmağa məcbur oldu.
Heç şübhəsiz, qiymət dəyişməzliyi ilə bağlı sualın bir cavabı var: Həmin ərazilər heç vaxt ermənilərə məxsus olmayıb. XIX əsrdə Azərbaycan xanlıqları ilə Rusiya arasında gedən müharibənin nəticəsi olaraq torpaqlar çar Rusiyasının əlinə keçib, sonra sovet Rusiyasında qalıb. Həmin ərazidə Moskva ermənilərə dövlət qurub. Rusiyanın bir bölgəsi olaraq qaldığından monoetnik ölkə olan Ermənistanda hakimiyyətə gələn istənilən qüvvə Kremllə bütün fəaliyyətini razılaşdırmağa məhkumdur.
Əslində, noyabrın 10-11-də Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Yerevan səfəri bu tezisi bir daha təsdiqlədi. Lavrovun səfəri çərçivəsində iki ölkənin beynəlxalq təşkilatlarda - BMT, ATƏT, Avropa Şurası, Avrasiya İqtisadi İttifaqı, Qara Dəniz İqtisadi Əməkdaşlıq Şurası, MDB, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı və digərlərində fəaliyyətinin koordinasiya edilməsi müzakirə olunub. Rusiya ilə Ermənistan Xarici İşlər nazirlikləri arasında 2020-2021-ci illərdə məsləhətləşmələrə dair plan imzalanıb. İki ölkə arasında siyasi dialoq, ticarət, iqtisadiyyat, humanitar və başqa sahələr üzrə əməkdaşlığın inkişafına dair məsələlər müzakirə olunub. Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsindəki münaqişənin həlli məsələsi ilə bağlı fikir mübadiləsi aparılıb. Rusiya prezidenti Vladimir Putinlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında danışıqların intensivliyi də görüşlə bağlı xəbərlərdə vurğulanıb. Məlumata görə, Krtemlin indiki yiyəsi ilə Ermənistan hökumətinin başçısı arasında 1,5 ildə 4 dəfə görüş, 6 telefon danışığı olub. Ancaq tərəflər arasında rəsmi görüş keçirilməyib. Rusiyanın baş naziri Dmitri Medvedevlə Nikol Paşinyan arasında isə cari ildə 4 görüş olub. 

Hazırda Rusiya ali təhsil müəssisələrində Ermənistanın 6 min vətəndaşı təhsil alır. Onların 1,5 mininin təhsil haqqı federal büdcədən ödənilir. Odur ki, əvvəllər olduğu kimi, Rusiya-Ermənistan əlaqələrinin strateji müttəfiqlik əsasında davam etdiyini demək olar. Başqa sözlə, Ermənistan Rusiyanın olaraq qalır. Halbuki 2018-ci ilin mayında baş verən hakimiyyət dəyişikliyindən sonra rəsmi Yerevanın xarici siyasət kursunda dəyişiklik edəcəyi ehtimal olunurdu. Hətta bunun şousu da oldu. Ancaq bu elə oyundan oyana gedib çıxa bilmədi. Nikol Paşinyan və onun sosial-siyasi bazası Rusiyaya sadiq qalacaqlarını əməlləri və çıxışları ilə dönə-dönə təsdiqlədilər. 
Bu günlərdə Paşinyan həyat yoldaşı Anna Akopyanla birlikdə sülh forumu sərgisi çərçivəsində Parisdə səfərdə olub. Ermənistan hökumətinin başçısı amerikalı jurnalistin “Ermənistan Avropa İttifaqına üzv olmağa hazırlaşırmı” sualına cavabında deyib: “Mən elə fikirləşmirəm. Biz hazırda Avrasiya İqtisadi İttifaqının üzvüyük. Biz bu təşkilat daxilində əməkdaşlığımızı inkişaf etdirməyə hazırlaşırıq. Bu qurum bizim üçün çox vacibdir. Ona görə də Avropa İttifaqına üzvlük kimi məsələ gündəliyimizdə yoxdur”. Halbuki Nikol Paşinyan müxalifətdə olarkən Ermənistanın Avrasiya İqtisadi İttifaqından çıxması istiqamətində fəaliyyət göstərirdi. Bu məsələ parlamentdə səsverməyə belə çıxarıldı. Ancaq Paşinyan hakimiyyətə gələr-gəlməz Avrasiya İqtisadi İttifaqını tərifləməyə və onun əhəmiyyətindən danışmağa başladı. Lakin müxalifətdə olan zaman Qərbə inteqrasiya, Avropa İttifaqı ilə assosiasiya sazişi bağlanacağına dair çıxışlar edirdi. Belə çıxır Qərbdəki sponsorları Paşinyana mümkün maliyyə yardımlarını boş yerə ediblər. Necə deyərlər, ona qoyulan maya batıb. Əks halda, Avropa İttifaqına üzv olmağa hazırlaşmadıqları barədə belə sərt və kəskin bəyanat verməzdi. Bu həm də rəsmi Yerevanın yenidən əvvəlki rels üzrə hərəkət edəcəyini deməyə əsas verir.

Yeri gəlmişkən, Rusiya da bu istiqamətdə Ermənistana sayrışan işıqlarla xoşməramlı işarələr verir. Vladimir Putinin Avrasiya İqtisadi İttifaqının sammiti çərçivəsində Yerevana səfəri, 2020-ci ilin birinci yarısında bu ölkəyə rəsmi səfər edəcəyinə dair vəd verməsi, gələn il Ermənistana satılan qazın qiymətinin bahalaşmayacağı, separatçı rejimin nümayəndəsi Massis Mayilyan və Lernik Hovhannisyanın Rusiyaya səfəri bunu təsdiqləyən çoxsaylı faktlardandır. Qeyd edək ki, onların Rusiya ərazisinə səfər etməsi və orada işğal nəticələrini təbliğ etməsinə imkan yaradılması Rusiyanın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə ATƏT-in Minsk qrupunun həmsədri mandatında vasitəçi kimi öhdəlikləri, eləcə də BMT Təhlükəsizlik Şurasının daimi üzvü qismində hələ 1993-cü ildə dəstəklədiyi 822, 853, 874 və 884 saylı qətnamələrlə uzlaşmır.
Ümumiyyətlə, Ermənistan iqtisadiyyatı, demək olar ki, Rusiyadan asılıdır. 2018-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 1 milyard 968 milyon 427 min 246 dollar olub. Bu, 2017-ci illə müqayisədə 12,70 faiz çoxdur. 2018-ci ildə Rusiyadan Ermənistana ixracat 1 milyard 341 milyon 382 min 93 dollar olub. Bu da 2017-ci illə müqayisədə 8,89 faiz çoxdur. Göründüyü kimi, “inqilabdan” əvvəl və sonra Ermənistan-Rusiya iqtisadi əməkdaşlığı ara verməyib, əksinə artıb. Cari ilin yayında Rusiyanın erməni əsilli iş adamları Ermənistan iqtisadiyyatına sərmayə qoymaqdan qorxduqlarını bildirirdilər. Bu barədə “Jamanak” qəzeti belə yazırdı: “Rusiyanın erməni əsilli iş adamları Ermənistana sərmayə qoymağa qarşı deyillər. Ancaq bunun Rusiya hakimiyyəti ilə münasibətlərə təsir etməyəcəyinə əmin olmaq istəyirlər. Sadəcə, erməni əsilli rusiyalı iş adamları Rusiya və Ermənistan hakimiyyətləri arasındakı gərginlikdən xəbərdardırlar. Ona görə də Ermənistana sərmayə qoyandan sonra Rusiyadakı əmlaklarına təhlükə yaranmayacağına əmin deyillər”. Nikol Paşinyan Rusiyanın Sankt-Peterburq şəhərində bu il iyunun 6-8-də keçirilən Beynəlxalq İqtisadi Forum çərçivəsində rusiyalı erməni əsili iş adamlarını ölkəsinə sərmayə qoymağa çağırmışdı. Ancaq Moskva Yerevana etibar etmədiyindən bu əməkdaşlıq baş tutmurdu. Oktyabrda bu sahədə buzlar əridi. “Taşir” şirkətlər qrupunun və "Ermənistan Elektrik Şəbəkəsi"nin sahibi Samvel Karapetyan bu yaxınlarda Ermənistanda səfərdə olub. Samvel Karapetyan və Nikol Paşinyan Yerevanda “Axtanak” (“Qələbə”) yüksək gərginlikli yeni elektrik yarımstansiyasının açılışı mərasimində iştirak ediblər. Bu yarımstansiyanın yenidən qurulması Dünya Bankının 14 milyon dollarlıq dəstəyi ilə həyata keçirilib. Rusiyanın “İnter” Səhmdar Cəmiyyəti 2015-ci ildə "Ermənistan Elektrik Şəbəkəsi"ni 100 faiz “Taşir”ə satıb. Onda baş vermiş sövdələşmə əsasında "Ermənistan Elektrik Şəbəkəsi" Qapalı Səhmdar Cəmiyyəti və Razdan İstilik Elektrik Stansiyası 33 milyon dollara “Taşir”ə satılıb. Bildirilib ki, ötən müddət ərzində Samvel Karapetyan bu stansiyaya 200 milyon dollar sərmayə qoyub. Karapetyan jurnalistlərə bildirib ki, iqtisadiyyatda inqilabın ilk mərhələsindədirlər: “Biz yeni hakimiyyətlə işləyirik və yeni layihələr gerçəkləşdirəcəyik”. “Taşir”in sahibi əlavə edib ki, Ermənistanda reallaşdırmağa başladıqları yeni layihələr barəsində növbə ilə məlumat verəcəklər.


Beləliklə, ehtimal etmək olar ki, Rusiya Ermənistanla münasibətləri 2018-ci ilin mayında qaldığı yerdən davam etdirəcək. Son zamanlar Robert Koçaryanın zaminə buraxılması və ya onun tamamilə azad edilməsi istiqamətində aksiyalar keçirilir. Onun zaminə və ya sərbəst buraxılması Nikol Paşinyanın və hökumətinin vəziyyətə tam təslim olması deməkdir. Hər halda hadisələr bu istiqamətdə inkişaf edir. Moskva-Yerevan əlaqələrinin əvvəlki kimi və bir az da yüksək səviyyədə davam etməsi Avropa və ABŞ-ın Ermənistan uğrunda mübarizədə Kremlə məğlub olması kimi də dəyərləndirilə bilər.
Nəhayət, Gümrüdəki hərbi bazanın çıxarılması tələbi ilə bağlı qərbyönlülərin istəkləri və s. layihələr reallaşmadı. Ancaq bu, Qərbin Ermənistanla bağlı düşdüyü vəziyyətə Kremlin düşə biləcəyi ehtimalının gündəlikdən çıxması demək deyil. Bu, tüfəngin səhnədə divardan asılmasına çox oxşayır. Odur ki, son iki ildə baş verənlər Ermənistanda anti-Rusiya qüvvələrin az olmadığını, onların ötən illərlə müqayisədə çoxaldığını deməyə əsas verir. Elə 102 saylı hərbi bazanın çıxarılması tələbinin Ermənistan ictimaiyyəti üçün gündəlikdə olduğu da istisna deyil. Bu isə adıçəkilən ölkədə may aksiyalarının bir də olacağını ehtimal etməyə əsas verir. 


Xəbərin orijinal ünvanı: https://report.az/analitika/rusiya-ermenistandan-arxayin-ola-biler

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR