Asiya İnkişaf Bankının “Texniki dəstək” layihəsinin təqdimetmə mərasimi keçirilib (FOTO)

Asiya İnkişaf Bankının “Texniki dəstək” layihəsinin təqdimetmə mərasimi keçirilib (FOTO)
20:29 13 Noyabr 2019
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Noyabrın 13-də Bakıdakı “Hilton” hotelində Asiya İnkişaf Bankının “Texniki dəstək” layihəsinin (TA 9799-AZE) təqdimetmə mərasimi keçirilib.

Vergilər Nazirliyindən Trend-ə verilən məlumata görə, tədbirdə açılış nitqi ilə çıxış edən Asiya İnkişaf Bankının rezident missiyasının Azərbaycan üzrə direktoru Nəriman Mannapbekov layihə barədə məlumat verib. O, bu layihənin Azərbaycan üçün əhəmiyyətini vurğulayaraq, Asiya İnkişaf Bankı ilə müzakirələrdə müəyyən edilmiş istiqamətlər barədə danışıb.

Tədbirdə çıxış edən Vergilər nazirinin birinci müavini Sahir Məmmədxanov Asiya İnkişaf Bankı və Koreya Respublikasının Bilik Tərəfdaşlığı Fondu ilə həyata keçirilən “Vergi siyasəti və inzibatçılığı potensialının gücləndirilməsi” adlı layihə barədə söz açıb. Qeyd edilib ki, indiyədək Asiya İnkişaf Bankı Azərbaycan hökuməti ilə iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlıq edib, o cümlədən texniki yardım layihələrini icra edib: “Bununla belə, hazırda açılışını etdiyimiz layihə Asiya İnkişaf Bankı ilə Azərbaycanın vergi orqanı arasında ilk texniki yardım layihəsidir”.

Diqqətə çatdırılıb ki, vergi orqanlarının inzibatçılıq potensialının artırılmasına yönəlmiş müxtəlif komponentləri əhatə edən layihənin qarşıdakı 2 il ərzində həyata keçirilməsi nəzərdə tutulub. Texniki yardım aləti əsas etibarilə vergi orqanlarının fəaliyyət istiqamətlərini əhatə etsə də, Azərbaycan Respublikası Maliyyə Nazirliyi də aidiyyəti sahələr üzrə benefisiar qurum qismində çıxış edir.

Bankın faktaraşdırıcı missiyası tərəfindən müasir dövrün çağırışlarına uyğun vergi orqanlarında təkmilləşdirilmə zərurəti olan sahələr üzrə üç mühüm komponent müəyyən edilib. Bunlar insan resursları və fəaliyyətin idarə olunması; vergi ödəyicilərinə xidmət və könüllü əməletmə; habelə əməl etməmə halları ilə səmərəli mübarizə kimi istiqamətləri əhatə edir.

Nazirin birinci müavini deyib ki, “kölgə iqtisadiyyatı”nın miqyasının azaldılması, əmək bazarının şəffaflaşdırılması və məşğulluğun artırılması, bazarda rəqabət mühitinin təmin edilməsi, leqal biznesin qanuni mənafelərinin qorunması ilə bağlı kompleks siyasətin həyata keçirilməsi, öz növbəsində, bu istiqamətdə vergi inzibatçılığının effektivliyinin yüksəldilməsi tələblərini artırıb. Bu tələblər vergi inzibatçılığının tətbiqi vasitələrinə, rəqəmsal nəzarət sistemlərinə, xidmətlər sektoruna, habelə insan resurslarına istiqamətlənib: “Təsadüfi deyil ki, Asiya İnkişaf Bankı ilə müzakirələrdə müəyyən edilmiş istiqamətlər məhz bu məsələləri əhatə edir. Layihə çərçivəsində könüllü əməletmə göstəricilərinin yaxşılaşdırılması yolu ilə vergi intizamının yüksəldilməsinə nail olmağı hədəfləyirik. Xidmətlərin və kommunikasiyaların əlçatanlığının, yararlılıq dərəcəsinin artırılması, eləcə də müraciət və şikayətlərə baxılması prosedurlarının təkmilləşdirilməsi diqqət mərkəzində olacaq. “Kölgə iqtisadiyyatı” əleyhinə səylərin gücləndirilməsi, audit metodlarının və kameral yoxlama prosedurlarının təkmilləşdirilməsi, məlumat bazalarımızın, habelə borcların alınması üzrə göstəricilərin yaxşılaşdırılması ilə bağlı məsələləri müzakirə edəcəyik, sahibkarları və vergi orqanlarını məmnun edəcək optimal həll yollarını nəzərdən keçirəcəyik”.

Tədbirdə OECD Koreya Siyasət Mərkəzinin direktoru Choi Myungsoo çıxış edərək layihə çərçivəsində əməkdaşlıqla bağlı öz fikirlərini bölüşüb, AİB-nin eksperti Yuji Miyaki isə texniki yardım layihəsinin məqsədləri barədə məlumat verib.

Tədbir öz işini “Dəyişkən vergi mühiti və vergi inzibatçılığının inkişaf prioritetləri”, “Qrup fəaliyyəti: “Hansı realdır?, Nəyə nail olmaq olar?, Hədəfimizə necə nail ola bilərik?” və s. mövzuları əhatə edən sessiyalarda davam etdirib.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/business/3148299.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR