Azərbaycanın Gürcüstandakı turizm nümayəndəliyi: əcnəbilərin heyranlığı, azərbaycanlıların qüruru

Azərbaycanın Gürcüstandakı turizm nümayəndəliyi: əcnəbilərin heyranlığı, azərbaycanlıların qüruru
11:42 14 Noyabr 2019
67 Digər
Ölkə mətbuatı
A- A+

Gürcüstanın paytaxtı Tbilisi şəhərinin mərkəzi Rustaveli prospekti 16 ünvanında bir aydan çoxdur Azərbaycan Turizm Bürosunun “Azerbaijan Travel. Showroom” adlı qonaq mərkəzi fəaliyyət göstərir.
“Report”un yerli bürosunun müxbiri Azərbaycanın turizm nümayəndəliyinə baş çəkib və fəaliyyəti ilə yaxından tanış olub.
Tbilisidə Azərbaycana açılan qapı
Mərkəzin qapısını açanda özünü Azərbaycandakı kimi hiss etməmək mümkün olmur. Bu hissləri orada səsləndirilən əfsanəvi cazmen Vaqif Mustafazadənin kompozisiyaları, daxili interyer, milli suvernirlər daha da gücləndirir. Rustaveli prospektindən sıx-sıx ötən Tbilisi sakinləri və şəhərin qonaqları nümayəndəliyə daxil olan kimi sanki Azərbaycana “yollanırlar”.
“Azerbaijan Travel. Showroom”un meneceri Mariam Natadze söhbət zamanı bildirir ki, Azərbaycan tarix və mədəniyyət baxımından olduqca maraqlı ölkələrdən biri olduğundan, mərkəzə böyük maraq gözlənilən idi. Onun sözlərinə görə, nümayəndəliyə baş çəkən ziyartəçilər hazırda iki seqmentə bölünür. Birinci seqmentə Azərbaycanda artıq turist təcrübəsini sınaqdan keçirən, digər seqmentə isə bu ölkə barədə məlumatı olmayan və ora səfər etməyi arzu edənlər daxildir.



Azərbaycan Gürcüstanda bir ilkə imza atıb
Turizm sektorunda beş ildən çox iş təcrübəsinə malik M.Natadze deyir ki, Azərbaycan Gürcüstanda turizm imkanlarını təbliğ edən yeganə ölkədir: “Gürcüstanda bu vaxta qədər belə bir təcrübə olmayıb və digər ölkələrin turizm potensialını tanıtdıran daimi məkan yoxdur. Bu baxımdan Azərbaycan Gürcüstanda bir ilkə imza ataraq, bu sahədə fəaliyyət göstərən birinci dövlət olub”.
Menecerin sözlərinə görə, Gürcüstana səfər edən əcnəbilər Azərbaycan üçün potensial ziyarətçilərdir: “Şouruma baş çəkən istənilən şəxs Azərbaycana səfər etməyə qərar verir. Əsas məqsədimiz ziyarətçilərimizi Azərbaycana yollanmağa həvəsləndirməkdir”.
Həftə sonları mərkəz qonaqlı-qaralı olur
Həftə içi hər gün səhər saat 10:00-dan axşam saat 22:00-dək açıq olan nümayəndəlik gün ərzində 35 və daha çox ziyarətçi qəbul edir. M.Natadze bildirir ki, mərkəzə baş çəkənlərin sayı həftənin günlərindən asılı olaraq dəyişir: “Həftə sonları Rustaveli prospekti insanlarla dolu olduğundan bizə baş çəkənlərin sayı da artır. Şourumun bir aydan çoxdur fəaliyyət göstərməsini nəzərə alsaq, hesab edirəm ki, gün ərzində 30-dan çox ziyarətçi qəbul etməyimiz çox yaxşı nəticədir”.

Nümayəndəliyə baş çəkənlər müxtəlif - Avropa, ABŞ, Fars körfəzi ölkələrini təmsil edirlər. Mərkəz açıldığı ilk günlərdə daha çox yerli sakinləri qəbul edib. Menecer Gürcüstan vətəndaşlarının Azərbaycan haqqında ətraflı və detallı məlumata sahib olmalarına çox təəccübləndiyini qeyd edir: “Mərkəzə baş çəkənlərin böyük əksəriyyəti Azərbaycan barədə kifayət qədər məlumatlıdırlar və bu məni çox sevindirir”.
M.Natadze ziyarətçilərdən olduqca müsbət rəylər aldıqlarını deyir: “Ziyarətçilərimiz dost-tanışlarına da şouruma baş çəkməyi tövsiyə edirlər. Hesab edirəm ki, mərkəzimizə yalnız Tbilisidə deyil, Gürcüstanın bölgələrindən də maraq göstərənlər çox olacaq”.
Azərbaycanın Gürcüstanda siması
Menecerdən mərkəzə gələnlərin qarşılanması və onlarla ünsiyyətin detalları barədə də soruşuram. Nümayəndəliyin koordinatorları qonaqları nəzakət və Azərbaycana xas qonaqpərvərliklə qarşılayırlar. M.Natadzenin sözlərinə görə, şourum Azərbaycanın Gürcüstandakı simasıdır: “Qonaqlarımızı ilk olaraq təbəssümlə qarşılayırıq, onlara mərkəz barədə əraflı məlumat təqdim edirik. Sonra qonaqları kiçik sorğuya tutub onların hansı ölkəni təmsil etdikləri və Azərbaycanda olub-olmamaları barədə maraqlanırıq”.
Nümayəndəlikdə ziyarətçilərə yalnız Azərbaycanın paytaxtı Bakı haqqında deyil, ölkənin Gəncə, Qəbələ, Qobustan və digər gəzməli-görməli yerləri barədə də məlumat veririlir.
Mərkəz əməkdaşı bildirir ki, ziyarətçilərə qısa vaxt ərzində maksimum məlumat təqdim edirlər: “Bəzi ziyarətçilərimiz mərkəzdə hətta bir saata yaxın vaxt keçirir. Məsələn, bu yaxınlarda Rusiyadan qonaqlar qəbul etdik və onlar mərkəzdə bir saatdan çox oldular. Onlar Azərbaycan haqqında təqdimatlara böyük maraq göstərdilər. Bütün ziyarətçilərin Azərbaycana səfərlə bağlı maraq doğuran suallarını ətraflı cavablandırmağa çalışırıq. Əcnəbi bloqerləri də qəbul etmişik. Onlardan biri Böyük Britaniyadan idi. Onlar şourum barədə ətraflı məlumat aldılar, fotoşəkillər çəkdilər və sosial şəbəkələrdə bu barədə yazdılar”.




Şourumda qonaqlara Azərbaycan istehsalı olan şərablar təqdim olunur. M.Natadze deyir ki, şərabı dadan əcnəbilər onu çox tərifləyirlər. Qonaqlar arasında Azərbaycanda şərab sənayesinin mövcud olmasına təəccüblənənlərə də rast gəlinir.Mərkəzdə daha çox vaxt keçirmək imkanı olan ziyarətçilər çay və Azərbaycanın milli şirniyyat nümunələrinə də qonaq edilirlər.
Ziyarətçilərin turizm paketləri və qiymətlərlə bağlı sualları yaranırsa, onlar mərkəzdə çalışan Azərbaycan Turizm Bürosunun tərəfdaşı olduğu turizm şirkətinin nümayəndəsinə yönəldilir.
Mərkəzə baş çəkənlər Azərbaycana səfər üçün tələb olunan büdcəni məqbul hesab edirlər. Bu günə qədər şouruma baş çəkənlər arasında Azərbaycana səfər etməyin imkanları xaricində olduğunu deyənə rast gəlinməyib.
Azərbaycana virtual səyahət
Şourumda Azərbaycana virtual səyahət imkanı da yaradılıb. Virtual reallıqlı eynəklərlə Azərbaycanın müxtəlif guşələrinə “baş çəkmək” mümkündür. Mərkəzdə olan qonaqlar bu cür səfərə böyük maraq göstərirlər. Nümayəndəlikdəki monitorlarda da Azərbaycana aid müxtəlif mövzulu çarxlar nümayiş etdirilir.
Azərbaycanlılar mərkəzə dəstək təklif edirlər
Mərkəzə gələnlər arasında Azərbaycan vətəndaşları və yerli azərbaycanlılara çox tez-tez rast gəlinir. M.Natadze deyir ki, azərbaycanlılar Tbilisidə Azərbaycanın turizm nümayəndəliyinin olmasından çox qürur duyduqlarını bildirirlər. “Onlar o qədər mehribandırlar ki, hətta mərkəz üçün dəstək və köməklərini də təklif edirlər. Əgər məndə hər hansı bir xarici ökədə olarkən Gürcüstanın turizm məkanına rast gəlsəydim, mənim üçün də çox həyəcanlandırıcı olardı vəmən də əlbəttə ki, köməyimi təklif edərdim. Mərkəzimizə hər gün gələn iki azərbaycanlı gənc var. Onlar əhvalımızı və işlərimizin necə getməsi barədə maraqlanırlar”.


Ziyarətçi məmnunluğu
Mərkəzə baş çəkən Türkiyə vətəndaşı Candemir Olcer Azərbaycanda olmadığını bildirir. O, şouruma artıq ikinci dəfə baş çəkdiyini qeyd edir. C.Olcer Azərbaycanda qış turizmi imkanları və Tbilisidən Azərbaycana hansı nəqliyyat vasitəsilə daha rahat səfər edəcəyi barədə maraqlanır. O, şourumdakı ab-havadan, Azərbaycan şərabının təamından çox məmnun qaldığını bildirir.
Şouruma gələn Sinqapur vətəndaşları mərkəzdə sərgilənən Azərbaycanın turizm imkanları barədə müxtəlif broşürlərə böyük maraq göstərirlər. Onlar Azərbaycan haqqında məlumatlı olduqlarını və gələn il ölkəyə səfər planlaşdırdıqlarını bildirirlər. Sinqapurlu xanımlar şəkərbura dadmaq imkanını da qaçırmırlar. Milli şirniyatımızın dadı əcnəbiləri özünə valeh edir.
Azərbaycanla bağlılığı olan koordinatorlar
Şourumda hələlik iki koordinator çalışır. M.Natadze onları mərkəzin ən vacib şəxsləri adlandırır. Onlardan biri Gürcüstanın azərbaycanlı vətəndaşı, ali təhsilini Azərbaycanda alan Orxan Binnətov, digəri isə Rusiya vətəndaşı, Azərbaycanda yeddi illik iş təcrübəsi olan Vladlena Toduadır. Hər iki koordinator Azərbaycanın mədəniyyəti və tarixi barədə yaxşı məlumatlıdırlar. Menecer əməkdaşlarının Azərbaycanı sevdiklərini, onların işə münasibəti və fəaliyyətindən razı olduğunu deyir: “Koordinatorlara tam etibar edirəm və onlarla birgə çalışmaqdan qürur duyuram. Biz hamımız bir yerdə mehriban komanda olaraq iş üçün səylərimizi əsirgəmirik. İş vaxtından artıq işlədiyimiz günlər də olur. Bir-birimizlə ideyalarımızla bölüşürük. Menecer kimi təşəbbüsləri dəstəkləməyə çalışıram”.

Koordinatorların sözlərinə görə, Azərbaycanın ev sahibliyi etdiyi müxtəlif beynəlxalq mədəni və idman tədbirləri ölkə barədə məlumatlılığı artırıb. Belə ki, şouruma baş çəkənlər Azərbaycanın 2012-ci ildə “Avroviziya” mahnı müsabiqəsi, Formula 1 yarışları, caz festivallarına ev sahibliyi etdiyini bilirlər. Avropadan olan qonaqlar 2020-ci il futbol üzrə Avropa çempionatının Azərbaycanda keçiriləcək oyunlarına görə ölkəyə səfərə böyük maraq göstərirlər.
İlk uğur və gələcək hədəflər
Ötən ay “Azerbaijan Travel. Showroom”a baş çəkən ABŞ-dan olan yaşlı cütlük Azərbaycana turizm paketi alıb. Bu paket mərkəzin reallaşdırdığı ilk paket olub. ABŞ vətəndaşları Azərbaycana artıq ilk səfərlərini ediblər. Onları Azərbaycana cəlb edən milli xalçalar, Qobustan qoruğu, Şəki və digər məkanlar olub. Mərkəz əməkdaşları cütlüyün səyahətlə bağlı rəyini gözləyir. Onlar əmindirlər ki, əcnəbilər Azərbaycana səfərdən çox məmnun qalacaqlar.
M.Natadze deyir ki, ziyarətçilərin Azərbaycana turizm istiqaməti kimi göstərdiyi böyük maraq mərkəzin fəaliyyətini daha da gücləndirməyə sövq edir. Nümayəndəlik üçün 2020-ci il üzrə marketinq planı hazırlanıb. Sənədə əsasən, müxtəlif növ tədbirlər təşkil olunacaq. Nümayəndəliyə Azərbaycan xalçaları və milli mətbəx nümunələrini hazırlayan ustaların dəvət olunması nəzərdə tutulub. Məqsəd Azərbaycanın füsünkar mədəniyyətini ziyarətçilərə əyani olaraq nümayiş etdirməkdir.
Menecerin sözlərinə görə, mərkəzə qonaq gələn gürcülər Azərbaycanın xalça və milli suvenirlərinin sərgisinin keçirilməsini xahiş edirlər: “Gürcü ziyarətçilərimiz Azərbaycan xalçaları və milli suvenirlərinin çox heyrətamiz və cəlbedici olduğunu söyləyirlər. Bu cür sərgi də təşkil etməyi planlaşdırırıq”.

Bununla yanaşı, mərkəzdə selfi guşəsi də yaradılacaq ki, orada ziyarətçilər Azərbaycanın milli geyimlərində selfi çəkdirib xüsusi həştəqlərlə və məkanı qeyd etməklə sosial şəbəkələrdə yaya biləcəklər.
Şourumun Gürcüstanda tanıdılması və sosial şəbəkələrdə təşviqi də diqqət mərkəzində olacaq.
M.Natadze deyir ki, “Azerbaijan Travel. Showroom” gələn il daha çox fəallıq göstərəcək: “Əminəm ki, Azərbaycan Turizm Bürosu fəaliyyətimizi dəstəkləyəcək. Gələn ildən bütün qüvvəmizi Azərbaycanın turizm imkanlarının təşviqi, daha çox insanı qonşu ölkəyə səfərə həvəsləndirmək üçün səfərbər edəcəyik. Əminəm ki, fəaliyyətimiz Azərbaycana səfər edən turistlərin sayının artmasına təsir göstərəcək. Bu töhfəmiz bizi çox qürurlandıracaq və işimizə olan həvəsimizi daha da artıracaq”.





























Xəbərin orijinal ünvanı: https://report.az/turizm/azerbaycanin-gurcustandaki-turizm-numayendeliyinden-reportaj

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR