Bəhlul Mustafazadə: "Qrupumuzun çox çətin olması bizə haqq qazandırmır"

Bəhlul Mustafazadə: "Qrupumuzun çox çətin olması bizə haqq qazandırmır"
11:47 14 Noyabr 2019
71 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan millisinin və "Sabah" klubunun futbolçusu Bəhlul Mustafazadənin "Report"a müsahibəsi


- AVRO-2020-nin seçmə mərhələsinin son iki oyununda Uels və Slovakiya yığmaları ilə qarşılaşacaqsınız. Bu matçlardan gözləntiləriniz nədir?
- Hər iki rəqibimizin qrupdan çıxma şansları var. Uels və Slovakiya ilə qarşılaşmaların bizim üçün çox çətin keçəcəyinin fərqindəyik. Rəqiblər qalib gəlməyə çalışacaqlar. Biz isə əlimizdən gələni edəcəyik ki, xallar qazanaq və öz azarkeşlərimizi sevindirə bilək. Ən azından onlardan xal almaq biz futbolçular üçün motivasiya olacaq.
- Real danışsaq, qarşıdakı iki oyunda maksimum neçə xal qazanmaq olar?
- Açıq danışmaq lazımdır: Evdə Uelsi məğlub edə bilsək, bu, bizim üçün əla motivasiya olar. Qələbə həm də ikinci matça köklənmək baxımından yaxşıdır. Amma reallıq odur ki, hər iki komanda qrupdan çıxmaq istəyir. Biz isə onlara başağrı olmağa çalışacağıq. Ümid edirəm ki, hər iki oyunda da xal qazana biləcəyik.
- Uels yığmasının müdafiəçisi Ben Devis Azərbaycan millisinin Beylin oynamasından narahat olacağını açıqlayıb. Kardiff şəhərindəki matçda bu narahatlığı hiss etdinizmi?
- Beyl kimi oyunçudan danışırıqsa, əlavə şərhə ehtiyac yoxdur. O, bizim üçün narahatlıq yarada biləcək futbolçudur. Əvvəlki qarşılaşmada da ikinci qolu o vurdu. Söhbət Beyldən gedirsə, çox danışmağa ehtiyac yoxdur. Hər zaman istənilən təhlükəni yarada biləcək oyunçudur.
- Aaron Remsi bu seçmə mərhələdə çıxış etməyib və ilk matçını Azərbaycana qarşı keçirə bilər. Onun oyununu pozmaqla bağlı hər hansı tədbir görülürmü?
- Bu məsələlər barədə yavaş-yavaş danışmağa başlamışıq. Baş məşqçi Nikola Yurçeviç bizə təlimatlarını verməyə başlayıb. Oyun günü isə tam olaraq bizə nə etməli olduğumuzu deyəcək. Biz də onun taktikasına uyğun davranışlar sərgiləməyə çalışacağıq.
- Uels millisinin heyətində yetərincə tanınmış futbolçu olsa da, onlar oyun praktikası baxımından əziyyət çəkirlər. Bunu Azərbaycan millisi üçün müsbət hal hesab etmək olar?
- Mən belə düşünmürəm. Adlarını çəkdiyimiz futbolçular dünya səviyyəli oyunçulardır. Oyun praktikasından əziyyət çəksələr belə, meydanda öz keyfiyyətlərini göstərə bilirlər. Hər an, hər şey etməyə qadirdirlər.
- Azərbaycan yığması bu seçmə mərhələni qələbəsiz başa vura bilər...
- Biz də istəyirik ki, çoxlu xal qazanaq. Bunun üçün artıq iki oyunumuz qalıb. Çalışacağıq ki, müsbət nəsə edə bilək. Amma qəbul etmək lazımdır ki, qrupumuz çox çətindir. Bizdən başqa bütün komandalar qrupdan çıxmaq üçün mübarizə aparır. Hər birinin şansı qalıb. Belə bir qrupda xallar qazanmaq da çətindir. Amma bu, bizə haqq qazandırmır. İki oyunumuz qalıb. Çalışacağıq ki, əlimizdən gəldiyi qədər maksimum xallar qazanaq.
- Son vaxtlar adınız Britaniya klubları ilə hallanır. Mətbuatı izləyirsiniz?
- Mətbuatı izləyirəm. Bu, hər dəfə olan bir şeydir. Mənə rəsmi təklif gəlməyib. Bu barədə danışmaq belə istəmirəm. Çünki rəsmi nə isə olsa, çıxıb danışaram. Belə bir şey yoxdur, sadəcə yazırlar və bunun qarşısını ala bilmərəm. Hara transfer olacağamsa, özüm çıxıb rahatlıqla deyə bilərəm. Amma hazırda nəsə deməyim düzgün deyil.
- Belə bir təklif olacağı təqdirdə, İngiltərənin səviyyəcə ikinci liqası hesab olunan Çempionşipdə oynamaq istərdinizmi?
- Əlbəttə, razı olaram. Ölkə xaricində çıxış etməyi çox istəyirəm. Təklif olarsa, dəyərləndirməyə çalışacağam.
- Daha öncə Şotlandiyanın "Seltik" və "Reyncers " klublarının sizinlə maraqlandığı deyilirdi. Britaniya klublarının diqqət mərkəzində olmaq Uelslə matçda özünüzü yaxşı tərəfdən göstərmək baxımından önəmlidirmi?
- Xüsusi bir şey etməyəcəyəm. Milli komanda ilə rəsmi matça çıxırsansa, kiminlə oynamağının fərqi olmamalıdır. Hamı ölkə adına mübarizə aparmalıdır. Meydanda olsam, mən də bunun üçün vuruşacaq və əlimdən gələni etməyə çalışacağam.
- Sanki yığmadakı oyunu "Sabah" klubunda sərgiləyə bilmirsiniz. Bunun səbəbini nədə görürsünüz?
- Səbəbi məni də düşündürür. Amma klubda baş məşqçimiz də izləyir, orada da əlimdən gələni etməyə çalışıram. Belədirsə, həqiqətən səbəbini bilmirəm. Bəlkə də kənardan belə görünür. Klubumda da maksimum dərəcədə komandama fayda verməyə çalışır və əlimdən gələni edirəm.
- "Qarabağ" azarkeşləri sizi öz klublarında görmək istəyir. O komandada çıxış etmək istərdiniz və bunu bacara biləcəyinizi düşünürsünüz?
- Bu haqda danışmaq mənim üçün düzgün deyil. Çünki başqa bir klub barədə nəsə demək istəmirəm. Üzrlü hesab edin, bu suala heç bir cavabım yoxdur. 

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/behlul-mustafazade-eyl-bize-narahatciliq-yarada-bilen-futbolcudur

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR