BDU-da “Ozan sənəti - milli sərvətimizdir” adlı tədbir keçirilib

BDU-da “Ozan sənəti - milli sərvətimizdir” adlı tədbir keçirilib
14:22 15 Noyabr 2019
113 Digər
Ölkə mətbuatı
A- A+

Bakı Dövlət Universitetinin (BDU) 100 illik yubileyi münasibətilə başlanan mədəni-kütləvi tədbirlər çərçivəsində ustad sənətkar Aşıq Şəmşirin yaradıcılığına həsr olunmuş “Ozan sənəti - milli sərvətimizdir” adlı ədəbi-bədii tədbir keçirilib. 
Universitetdən "Report"a verilən məlumata görə, tədbiri açan rektor Elçin Babayev saz sənətinin şifahi xalq yaradıcılığında və yazılı ədəbiyyatda xüsusi yer tutduğunu deyib. Kökləri eposlarımıza, dastanlarımıza gedib çıxan aşıq sənətinin ustad sənətkar Aşıq Şəmşirin yaradıcılığı ilə daha da zənginləşdiyini bildirib. XX əsr aşıq sənətinin görkəmli nümayəndəsi Aşıq Şəmşirin böyük töhfələrindən danışan rektor, tələbələrə milli ruhun aşılanmasında bu cür tədbirlərin xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.
Sonra BDU-nun dosenti, “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin İdarə Heyətinin üzvü Ələmdar Cabbarlı Aşıq Şəmşirin yaradıcılığından danışıb. Gənclərin ozan sənəti haqda məlumatlı olmalarının vacibliyini qeyd edərək aşıq sənətinə dövlət səviyyəsində qiymət verildiyini xatırladıbO bildirib ki, Dədə Şəmşir yaradıcı aşıq olub, qoşma, gəraylı, təcnis, divani, bayatı, rübai, qəzəl və s. şeir formalarında əsərlər yazıb, dastanlar yaradıb.
Daha sonra tədbir maraqlı bədii kompozisiya ilə davam etdirilib. Bədii hissədə Əməkdar artist Babək Niftəliyev, aşıqlardan Əməkdar mədəniyyət işçisi Ədalət Dəlidağlı, Əli Zeynalabdinov, Gözəl Kəlbəcərli, Sahil Qurbanov və Mehrac Kəlbəcərlinin ifasında Aşıq Şəmşirin şeirləri səsləndirilib. Aşıq Şəmşir adına Mədəniyyət Evinin folklor ansamblı tərəfindən Azərbaycanın qədim xalq oyunları “Kilimarası” və “Maraloyunu” nümayiş etdirilib.
Tədbirin sonunda “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin sədr müavini Həbib Misirov görkəmli söz ustadı Aşıq Şəmşirə, aşıq sənətinə həsr edilən tədbirə yaratdıqları şəraitə görə universitetə təşəkkürünü bildirib, BDU-nun professor-müəllim və tələbə heyətini 100 illik yubiley münasibətilə təbrik edib.
Mərasim “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyi tərəfindən Bakı Dövlət Universitetinə 100 illik Yubileylə bağlı “Fəxri Fərman”ın təqdim edilməsi ilə başa çatıb.







Xəbərin orijinal ünvanı: https://report.az/elm-ve-tehsil/bdu-da-ozan-seneti-milli-servetimizdir-adli-tedbir-kecirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR