Köhnə Bakını xatırlayarkən - FOTO

Köhnə Bakını xatırlayarkən - FOTO
18:37 16 Yanvar 2015
727 Sosial
Ölkə mətbuatı
A- A+

Gələcəkdə yerlərində yeni tarixin yazılacağı Azərbaycan paytaxtının ətraf əraziləri haqqında
Qafqazda heç bir şəhər zahiri görünüşündə sürətli dəyişikliklərlə Bakı qədər öyünə bilməz. Bu gün Bakıda şəhərin mərkəzinin harada yerləşdiyini soruşsanız, hər kəs "Torqovı" və ya Fəvvarələr meydanını göstərəcək. Halbuki, 100 il əvvəl bu mərkəz çoxları üçün şəhərətrafı ərazi idi.
 
Təzəpir
 
Neft hasilatının başlaması ilə şəhərdə əhalinin sayı sürətlə çoxalıb (məsələn, 1898-ci ildəki siyahıyaalmayadək olan son 10 ildə bu artım 2 dəfə olub, sonrakı 20 ildə isə əhali daha 2 dəfə artıb - red.). Məhz o dövrdə şəhər İçərişəhərin sərhədlərini aşmağa başlayıb. Hazırda işlədilən "məhəllə" sözü də o dövrdə yaranıb. Qalanın içərisindəki ərazi heç zaman belə adlandırılmayıb. Çünki o, çox kiçik idi. Şəhərin "məhəllə" adlandırılan ərazilərinin peyda olması həm də statusla bağlı idi (rifah səviyyəsi, peşə). İlk yaranmış şəhərətrafı məkanlardan biri və bəlkə də birincisi hazırda Təzəpir məscidinin yerləşdiyi ərazidir. Onun yaranma tarixi kifayət qədər maraqlıdır.
Bakıda su kəmərləri xeyli sonralar çəkilib. XIX əsrin sonlarında insanlar yerin altından içməli suyun çıxdığı ərazilərdə yaşayırdılar. Problem onda idi ki, Bakının, demək olar ki, hər yerində quyulardan çıxan su duzlu və ya şor idi. Bizdə içməli suyun, adətən, "şirin su" adlandırılması da bununla bağlıdır. Təzəpir ərazisi məhz kifayət qədər şirin suyun olduğu yer idi. Çoxları orada quyu qazırdı və bu, o qədər geniş vüsət almışdı ki, qazılan quyulardan biri qədim məzara gedib çıxmışdı. Nəticədə, adi insanlar oranı müqəddəs yer kimi qəbul edərək, həmin məzarın üzərində məscid tikmişdilər. Bu ərazi, təxminən, ötən əsrin ortalarınadək adi insanlar tərəfindən "Təzəpir məhəlləsi" adlandırılıb.
 
Məhəmmədli
 
Zaman maşınına əyləşərək keçmişə qayıtmaq, Təzəpir ərazisindən bir qədər yuxarı qalxmaq mümkün olsaydı, orada "Hüseynqulu mənbəyi məhəlləsi"nə rast gələrdik. Məsələ ondadır ki, ən dadlı "şirin su" mənbəyini məhz orada Hüseynqulu adlı quyu qazma ustası tapmışdı. Bu məhəllədə Məhəmmədli kəndindən olan insanlar yaşayırdılar. Onların əksəriyyəti Bakıya neftdən pul qazanmaq üçün köçmüşdü. Nəticədə, tezliklə şəhərdə elə bu adda məhəllə yaranır. O, hazırda metronun "Nizami" stansiyasının yerləşdiyi ərazidə idi. Lakin məhəllə Cəfər Cabbarlı küçəsinə çıxmırdı.
 
Palçıqlı
 
Bu ərazidən aşağıya, hazırkı "Kubinka" tərəfə sərt yoxuş var idi. O, az qala, krateri xatırladırdı. Şəhərin ən nüfuzsuz ərazisi məhz bura idi. Bu məhəllədə ən yoxsul insanlar yaşayırdılar. Yağış yağdıqda şəhərin bütün suyu bu məhəlləyə axırdı. Müasir "Kubinka" məhz bu üzdən adi insanlar tərəfindən "Palçıqlı" adlandırılırdı. Bunun daha bir səbəbi uzun illər ərzində həmin ərazidə gilin yığılıb-qalması idi. Bu iki məhəllə - "Sovetski" və "Kubinka" arasında fərq bu gün də hiss olunur. "Sovetski"də əksər evlər alçaq, yaxud yarımzirzəmi ilə tikilibsə, "Kubinka"da onlar bir qədər hündürdür. Səbəb 100 ildən artıq dövrdə yağış sularının axaraq "Kubinka"ya dolmasıdır. Nəticədə, sakinlər evlərini hündürdən tikməli olublar. Bu, həm də ona görə asan idi ki, evlərin tikinti zamanı material kimi istifadə etdikləri gil elə ayaqlarının altında idi. "Kubinka"nı dolaşarkən diqqət yetirə bilərsiniz - orada hələ də yaşı 100 ildən çox olan evlər qalmaqdadır.
 
Kərpicbasan
 
"Palçıqlı" məhəlləsindən bir qədər şərqdə "Kərpicbasan" adlanan ərazi yerləşirdi. Məhəllənin belə adlandırılması XIX əsrin ortalarında orada kərpic zavodunun olması ilə bağlı idi. Deyilənə görə, sonralar şəhərdə daş hasilatının inkişafı zavodun müflisləşməsinə səbəb olub (Bakı daşın kərpicdən ucuz əmələ gəldiyi nadir yerlərdən biridir - red.). Nəticədə, reallaşdırıla bilinməyən çox sayda kərpic elə zavodun ətrafında tökülüb-qalmışdı. Şəhərətrafı qəsəbələrdə yaşayan insanlar evlərinin tikintisində istifadə etmək üçün bu kərpicləri həvəslə daşıyırdılar. Məhəllənin adını da elə onlar müəyyənləşdirmişdilər.
 
"Şamaxinka", Quba

O zaman şəhər o qədər kiçik idi və şəhərətrafı məhəllələr mərkəzin o qədər yaxınlığında yerləşirdi ki, "Şamaxinka" adlanan ərazi mərkəzə indikindən daha yaxın idi. "Şamaxinka" nəqliyyat vasitələrinin Şamaxıya, "Kubinka" isə Qubaya yola düşdükləri ərazi idi. Azərbaycanın bu iki rayonu Bakı üçün hər zaman xüsusi əhəmiyyət daşıyıb. Bu, heç də yalnız kommunikasiya və səfərlər baxımından belə deyildi. Məsələ ondadır ki, şəhərin bazarlarında satılan məhsullar dəmir yolunun, avtomobil nəqliyyatının olmadığı həmin illərdə Bakıya, əsasən, Quba və Şirvandan gətirilirdi. Məhsullar paytaxtın yalnız bazar günləri işləyən böyük bazarına daşınırdı. Bu səbəbdən, o, "Həftə bazarı" adlanırdı. O zaman bu bazar hazırda Füzulinin heykəlinin və Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının yerləşdiyi ərazidə idi. O zaman Füzuli meydanı Quba meydanı adlanırdı.
O dövrdə - XIX əsrin sonlarında - şəhər əhalisinin sayı 50 mindən də az idi.
 
Bu gün keçmiş şəhərətrafı məhəllələri piyada dolaşmaq olar, indiki şəhərətrafı qəsəbələrdə yaşayan insanlar isə evlərinə çatmaq üçün, ən azı, 2 marşrut dəyişməli olurlar. Buzovna, Mərdəkan, Sabunçu o zaman ayrıca kəndlər idi və oralara getmək üçün uzun-uzadı düzəngahlarla hərəkət etmək lazım gəlirdi.
 
Bu gün Bakı Bayıl burnundan tutmuş, Bibiheybətə qədər uzanır. Amma şəhərin, demək olar ki, istənilən küçəsi haqqında yaşlı insanlardan soruşsanız, bunu eşidərsiniz: "...Mən uşaq olanda bura şəhərətrafı məhəllə idi...".
 
Bayıl
 
Şəhərin cənub hissəsi də maraqlılıq baxımından digər hissələrdən geri qalmır. Elə Bayılı (o dövrün reyestrində "Bailovo") götürək. Hazırda o, Bakının Səbail rayonuna aid qəsəbədir.
 
Bura sürüşmə zonası olduğundan, uzun müddət, demək olar ki, orada insan yaşamayıb. Belə yerlərdə torpaq da məhsuldar olmur. Niyə "Bayıl"? Coğrafiya elmləri doktoru, Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun aparıcı elmi işçisi, Paleolit dövrü və tarixi coğrafiya üzrə mütəxəssis Seyran Vəliyev açıqlamasında bildirib ki, hələ 1234-cü ildə Şirvanşah III Fariburz tərəfindən Bayıl buxtasının adalarının birində qəsr tikilibmiş. Sonradan o, Xəzər dənizinin səviyyəsinin dəyişməsi və zəlzələlər nəticəsində dağılıb. Qəsrin qalıqları 1939-cu ildə arxeoloji qazıntılar zamanı üzə çıxıb. Ola bilər ki, sülhün hökm sürdüyü illərdə bu qəsrdən İran-Azərbaycan ticarət yolunda, həmçinin Rusiya, Mərkəzi Asiya və Avropa ilə ticarətində Şirvanşahların dəniz gömrüyü kimi istifadə olunub. Amma qəsrin tikinti üslubunu nəzərə aldıqda, onun müdafiə məqsədilə ucaldıldığı da istisna deyil. Sonralar o, tapıldığı ərazinin adına uyğun olaraq, Səbail qəsri adlandırılıb. Bəzi alimlər "Səbail" sözünə dini məna verir, onun 3 hissədən ibarət olduğuna diqqət çəkirlər: "Sə" - üç, "ba" və "il" - Allah. Yəni, Allahın üç məkanı. Qəsrdə atəşpərəstlik abidəsinin olduğu, yaxud onun dərvişlər üçün sığınacaq rolu oynadığı da istisna deyil. Qeyd edək ki, bu məkan hazırda da tədqiqat baxımından böyük maraq kəsb edir. Arxeoloqlar oradan qəsrin bir hissəsini tapıblar və o, "Şirvanşahlar sarayı" muzeyinə verilib.
 
Bayıla qayıdaq. Hazırda bu nüfuzlu rayonda az sayda arxitektur evlər qalıb - ərazisi böyük, tavanı 4 metr hündürlükdə, taxtadan olan nəhəng giriş qapısı. Bəs, bu, necə olub?
 
Bayıl ərazisində sürətli tikinti işlərinə XIX əsrin 50-ci illərinin sonlarında başlanılıb. İmperatorun dənizçilik idarəsinin təklifilə 1858-ci ildə Admirallığın inşası və Bayılda məskunlaşacaq dənizçilərin bostanları üçün ayrılacaq torqaqların planı yaradılıb.
Bu, şəhərin yeni və memarlıq baxımından gözəl rayonu idi. 80-ci illərdə İmperator Dəniz Gəmiçiliyi Baş İdarəsinin Həştərxandan Bakıya köçürülməsilə, o, daha da gözəlləşməyə başlayıb. Yeri gəlmişkən, bu ərazidə tikinti işləri son dərəcə dəqiqliklə düşünülmüş şəkildə aparılırdı. Çünki o, yüksəkvəzifəli hərbçilər üçün tikilirdi, üstəlik, rayonun sürüşmə zonası olduğu məlum idi. Bu üzdən də, Bayılda bütün binalar ərazinin relyefi nəzərə alınmaqla inşa olunurdu. İndi qəsəbədə o dövrü daha çox evlər deyil (160 il ərzində dağılmış), ümumi tikinti strategiyası xatırladır. Tikinti zamanı indi də orada yerləşən Bibiheybətə gedən yol da nəzərə alınıb.
O dövrdə Bayıl, sanki, bir neçə pilləyə ayrılmışdı: bir qədər aşağıda matroslar, yuxarıda zabitlər, daha yuxarıda isə rəhbərlik yaşayırdı.
Vətəndaş müharibəsinin başlaması ilə Bayıl sakinləri milliyyətindən asılı olmayaraq - onların əksəriyyəti imperiyanın zabitləri idilər - pis vəziyyətə düşdülər. Əvvəlcə Sovet hakimiyyəti onların mənzillərinə komissarları yerləşdirdi, daha sonra isə yeni sovet ziyalılarını - fizikləri, geoloqları, yazıçı və şairləri. Bu ərazidə hələ də geoloqlar olmasa da, onların övladlarının yaşadığı evlər var. Xəzər küləyinin əsdiyi bu ən rahat rayon məhz bu yolla şəhərin ən nüfuzlu rayonu statusunu qazanıb.
 
Bibiheybət
 
Bayıldan gələn yol XIX əsrdə Bibiheybətdə bitirdi. O dövrdə sənaye üsulu ilə neftin hasil olunduğu ilk mədənlər məhz burada yerləşirdi. Bibiheybət, hər bir məktəblinin də bildiyi kimi, yalnız dünyada ilk sənaye üsulu ilə neftin hasil olunduğu məkan deyil. Sovet dövründə ilk dəfə dənizin dibindən neft hasilatı burada baş verib. Lakin bu, sonraların işidir. XIX əsrdə isə Bibiheybət kiçik bir qəsəbə idi. Oranın sakinləri yaxınlıqdakı eyniadlı məscidə toplaşırdılar. Bu insanlar neft satışı və balıqçılıqla dolanırdılar. 50-ci illərdə zəngin sənayeçilərin buraya üz tutması ilə qəsəbə inkişafa başlayır, yaşayış və kommersiya tikililəri zənciri oranı Bayıl ilə birləşdirir. Daha bir maraqlı fakt: Bibiheybət Abşeronda yeganə məkandır ki, əhalisinin indiki sayı XIX əsrin sonlarındakından daha azdır (1898-ci ildə orada 2,5 min nəfər yaşayırdısa, indi bu rəqəm 2 mindir).
Bibiheybətin yeganə görməli yeri məsciddir. Təəssüf ki, o da XVIII əsrdə Şirvanşah Əbu-Fəth tərəfindən tikilmiş məscidin bərpa olunmuş variantıdır. Onun orijinalı 1936-cı ildə bolşeviklər tərəfindən dağıdılıb. Deyilənə görə, qədim məscid böyük memarlıq abidəsi imiş. Lakin onun dəqiq layihəsinin olmaması məscidin olduğu kimi bərpa edilməsinə imkan verməyib.
 
İndi Bibiheybətdən yol Şıx çimərliyinə, oradan da Salyan şosesinədək uzanır...
 








Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/319372.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR