Uorlik ATƏT müşahidəçilərinin yaxınlığında qeydə alınmış atəşə münasibət bildirdi

Uorlik ATƏT müşahidəçilərinin yaxınlığında qeydə alınmış atəşə münasibət bildirdi
18:38 16 Yanvar 2015
107 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 16 yanvar /Trend, müxbir Cəmilə Cəfərova/

Dağlıq Qarabağ münaqişəsi zonasında ATƏT müşahidəçilərinin yaxınlığında qeydə alınmış atəş tərəflərin təhlükəsizlik təminatını pozmasının aşkar nümunəsidir.

Trend-in məlumatına görə, bunu ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik "Twitter" sosial şəbəkəsindəki səhifəsində yazıb.

Xatırladaq ki, Müdafiə Nazirliyinin mətbuat xidmətindən çərşənbə günü Trend-ə bildirmişdilər ki, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq yanvarın 14-də Füzuli rayonunun Horadiz kəndi yaxınlığındakı qoşunların təmas xəttində keçirilən monitorinq başa çatıb.

Monitorinq zamanı erməni silahlı bölmələri tərəfindən mövqelərimiz istiqamətində atəş açılıb.

Azərbaycan tərəfdən monitorinqdə iştirak edən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçisi Yevgeni Şarov bildirib ki, əvvəlcədən müəyyən edilmiş monitorinqin keçirilməsi qaydalarına uyğun olaraq, Azərbaycan Silahlı Qüvvələrinin bölmələri düşmənə cavab atəşi açmayıb və monitorinqin başa çatmasına müvafiq şərait yaradılıb.

Müdafiə Nazirliyi bildirib ki, erməni tərəfi həmişə olduğu kimi istənilən vəziyyətdən istifadə etməklə bu cür çirkin əməllərə əl ataraq təxribat törətməklə vəziyyəti gərginləşdirməyə və beynəlxalq təşkilatları da buna cəlb etməyə cəhd göstərir.

Qeyd edək ki, monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Yevgeni Şarov və Piter Svedberq, təmas xəttinin qarşı tərəfində isə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Xristo Xristov, Jiri Aberle və Saymon Tiller keçiriblər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/karabakh/2354238.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR