SOCAR-ın Xarici Təqaüd Proqramının məzunu: “Avropa Komissiyasından 6 dəfə qrant qazanan yeganə şirkətik"

SOCAR-ın Xarici Təqaüd Proqramının məzunu: “Avropa Komissiyasından 6 dəfə qrant qazanan yeganə şirkətik"
09:17 18 Noyabr 2019
96 Digər
Ölkə mətbuatı
A- A+


SOCAR 2006-cı ildən Xarici Təqaüd Proqramını həyata keçirir və indiyədək bu proqram çərçivəsində 310 nəfər xaricdə təhsil alıb. Bu proqramla təhsil alanlardan 34 nəfəri rəhbər vəzifələrdə çalışır. Hazırda 16 nəfər şirkətin Xarici Təqaüd Proqramı ilə təhsilini davam etdirir. Şirkət dünyanın nüfuzlu universitetlərində neft-qaz mühəndisliyi, kimya mühəndisliyi, mexanika mühəndisliyi, biznesin idarəedilməsi, maliyyə, hüquq kimi ixtisaslara təqaüd ayırıb.

SOCAR-ın Xarici Təqaüd Proqramı çərçivəsində təhsil almış gənclərdən biri də Pərviz Babayevdir. O, hazırda TANAP-ın Avropa İttifaqının müvafiq qurumları ilə əlaqələndirmə üzrə meneceri vəzifəsində çalışır. Pərviz Babayev Azərbaycan Dillər Universitetinin İngilis dili üzrə tərcümə fakültəsini bitirdikdən sonra “Schlumberger” şirkətində, 2002-ci ildən isə 5 il müddətinə BP şirkətində tərcüməçilik edib, daha sonra isə SOCAR-da çalışmağa başlayıb.
- Tərcümeyi-halınıza baxanda görürük ki, xaricdə təhsil almamışdan öncə də böyük şirkətlərdə çalışmısınız. Bəs, xaricdə təhsil almaq fikri hansı zərurətdən yarandı?
- Universiteti bitirdikdən sonra “Schlumberger” şirkətində, daha sonra BP şirkətində əsasən texniki sahədə yazılı və şifahi tərcümələr etmişəm. Burada çalışdığım müddətdə qazma və hasilat prosesləri barədə müəyyən təsəvvürüm yaranmışdı. İllər sonra SOCAR-a İnvestorlarla Əlaqələr şöbəsinin mütəxəssisi vəzifəsinə işə qəbul olunanda “Şahdəniz” yatağının 2-ci mərhələsi çərçivəsində hasil olunacaq qazın marşrutlarına dair müzakirələr aparılırdı, konseptual layihələr dəyərləndirilirdi. Masa üzərində bir neçə layihə var idi və onların hər biri iqtisadi-kommersiya və texniki nöqteyi-nəzərdən qiymətləndirilirdi. Həmin vaxt qaz marşutlarına dair dəyərləndirmələr sahəsi mənim üçün yeni idi. Qazın marketinqi və daşınması sahəsinin çox maraqlı və mürəkkəb olduğunu anlayandan sonra bu sahədə təhsil almaq qərarına gəldim.

Çox araşdırma apardım və qərara aldım ki, bu mərhələdə mənə nəzəriyyəyə əsaslanan, sırf akademik təhsil lazım deyil. Artıq bu sahədə işlədiyim üçün mənə praktik təcrübəni özündə əks etdirən Magistr proqramı lazımdır. SOCAR-ın Avstriyadakı nümayəndəsi, sonradan mənim tələbə yoldaşım olan Gülmirzə Cavadov Vyana İqtisad və Biznes Universitetində əvvəllər yalnız OPEC işçilərinin ixtisasının artırılması üçün hazırlanmış Energetika Menecmenti üzrə MBA proqramı haqqında mənə məlumat verdi. Neft sahəsindən əlavə qaz, elektrik enerjisi, alternativ enerji və atom enerjisi sahələrini əhatə edən MBA proqramı 2010-cu ildən etibarən beynəlxalq şirkətlərdən də tələbə qəbulu elan etdi. Proqramda orta yaş həddi 32 yaşdan başlayırdı. Fakültənin broşürasında tədris proqramının enerji sahəsində praktik misallar əsasında tərtib olunduğu qeyd edilmişdi, əsasən enerji ekspertlərindən ibarət proqram iştirakçılarının yaşının orta və bir az yuxarı olduğunu nəzərə alaraq, bir-birlərindən də öyrənməsi gözləntiləri vurğulanırdı. Bunlar məni cəlb etdi və mən proqrama müraciət etdim və rəhbərliyin dəstəyini aldım.
- Təqaüd almaq üçün hansı prosedurlardan keçmək tələb olunur?

- Prosedurlara əsasən, SOCAR-ın təsdiqlədiyi universitetlərin müvafiq ixtisaslarına qəbul olunduqdan sonra SOCAR-ın Xarici Təqaüd Proqramı çərçivəsində təhsilini davam etdirmək üçün namizəd təqdimat hazırlamalıdır və Kadrların İdarə Edilməsi Komitəsinə daxil olan SOCAR-ın vitse-prezidentləri və digər məsul şəxslər üçün təqdimat etməli, hazırkı mövqeyini və təhsili başa vurduqdan sonra yekun hədəfini göstərməlidir.
Açığı, mənim üçün bir az çətin idi, çünki proqrama əsasən iş təcrübəsi az olan və ya olmayan 23-25 yaşlı gənclər müraciət edirdi və onlar təhsillərini bitirib işə başlayanda, onların bir möhlət dövrü var idi ki, işə, kollektivdə işləməyə öyrəşsinlər və peşəkarlaşsınlar. Mənim isə o vaxt 11 illik iş təcrübəm var idi və SOCAR rəhbərliyinin haqlı olaraq məndən gözləntisi başqaları ilə müqayisədə daha yüksək idi.


- Qeyd etdiniz ki, seçdiyiniz universitetdə tədris əsasən praktik misallarla aparılıb. Bir az bu barədə məlumat vermənizi istərdik
- Universitetdə neft və qazın texniki məsələlərindən kommersiya və trading (satış) komponentinə qədər sahələr yüksək səviyyədə tədris olunurdu. Məsələn, qazın kommersiya və tranziti məsələlərinin təqdimatı əsas mühazirəçi ilə bərabər bizimlə təhsil alan və məhz bu sahədə işləyən tələbə yoldaşımızın töhfələri ilə aparılırdı, bu da tədris prosesini olduqca interaktiv edirdi, tələbələr başa düşmədiyi məqamları qaz və ya neft sahəsində danışıqlar aparan və ya peşəkar həyatında konsultant işləyən tələbə yoldaşımızla dəqiqləşdirirdi. Neft və qaz kontraktları ayrıca olaraq bizə tədris olunurdu. Qrup yoldaşlarımın peşəkar profili nə qədər fərqli idisə, onları milli mənsubiyyətləri də bir o qədər fərqli idi: 23 nəfərdən ibarət qrupda 22 fərqli ölkə təmsil olunurdu. Bu meyar da təcrübə bölüşmə prosesini daha da maraqlı edirdi. Bundan əlavə, hər həftə bir və ya iki dəfə qonaq spikerimiz olurdu: bu MAQATE-nin, OPEC-in, Beynəlxalq Enerji Agentliyinin (IAE) ekspertləri, Avstriyanın aparıcı OMV enerji şirkətinin rəhbər işçiləri, habelə Avropa İttifaqının qaz və elektik enerjisi bazarlarının liberalaşdırılmasına dair 2009-cu ildə yeni qəbul olunmuş 3-cü enerji paketinin təhlilini aparan mütəxəssisləri olurdu. Bundan əlavə, biz təxminən 1 ay müddətində Braziliyanın Sao Paulo, Rio de Janeyro və Kampinas şəhərlərində nəzəri kurs keçdik. "Petrobras" neft şirkətinin ofisində, alternativ enerji mənbələri istehsal edən şirkətlərin obyektlərində, Braziliya, ArgentinaParaqvayin müştərək layihəsi olan nəhəng ITAIPU hidro-elektik stansiyasında, habelə ANGRA 1 və ANGRA 2 nüvə elektrik stansiyalarında təcrübə keçdik.


- Təhsilinizi bitirdikdən sonra karyeranızı necə davam etdirdiniz?

- Peşəkar (PMBA) magistr proqramını bitirdikdən sonra çalışdığım şöbədə böyük mühəndis, qısa müddətdən sonra isə şöbə rəisi vəzifəsinə qədər yüksəldim.
- Sizin rəhbərlik etdiyiniz komandanın hazırladığı layihələr Avropa Komissiyasının qrant müsabiqəsində bir neçə dəfə qalib gəlib. Bu barədə də məlumat verərdiniz. Bu prosesə necə qoşuldunuz? Burada hansı layihələr qəbul edilir? Hansı meyarlar əsas götürülür?
- Magistr proqramını bitirib SOCAR-da çalışmağa başladığım zaman Avropa İttifaqında enerji təhlükəsizliyini təmin edən yeni layihələrin seçilib prioritetləşdirilməsi, maliyyə yardımı daxil olmaqla, onlara zəruri dəstəyin göstərilməsinə dair normativ akt hazırlanırdı. 2012-ci ildən başlayaraq TANAP layihəsinin təşviqatçısı olan SOCAR-ın nümayəndəsi olaraq layihə sənədinin müzakirələrində iştirak edirdim. 2013-cü ilin 12 aprel tarixində Trans-Avropa enerji infrastrukturuna dair qaydalar 347-ci normativ aktla Avropa Parlamenti və Şurası tərəfindən təsdiq olundu. Bu məqamdan bu prosesə SOCAR-ın Xarici Təqaüd Proqramının digər iki məzunu Kamran Hüseynov və Emil Qasımlı prosesə qoşuldu.

Həmin akta əsasən prioritet layihələr hər iki ildən bir çox mürəkkəb prosedurdan keçərək, Avropa Komissiyasına, daha sonra Parlamentinə təqdim olunur və bunun əsasında ümumi layihələr siyahısı (PCI) təsdiqlənir.
İlk növbədə layihə Avropanın qaz ötürücü sistemlər operatorlarının şəbəkəsi (ENTSOG) agentliyi tərəfindən modelləşdirilməlidir. Layihənin texniki və kommersiya göstəriciləri digər layihələrlə bərabər dinamik xəritədə modelləşdirilir və onun keçdiyi regionda ölkələrə təsiri qiymətləndirilir, stress test və digər sınaqlar keçirilir və həmin layihə Avropa İttifaqının infrastrukturun on illik inkişaf planına (TYNDP) daxil edilir. Seçilmiş layihələr əvvəlcə onların bilavasitə təsir göstərdiyi ölkələrdən ibarət regional qrupa rəy üçün təqdim edilir, sonra da ictimai müzakirələrə çıxarılır, daha sonra rəyini Enerji Tənzimləyicilərinin Əməkdaşlıq Agentliyi (ACER) və Avropa Komissiyası bildirir, oradan isə Avropa Parlamentinə təsdiq üçün təqdim olunur. Bütün bu mərhələləri uğurla keçən layihə 2 il müddətinə PCI (ümumi maraq layihəsi) statusunu qazanır. Bu müddət ərzində layihə çərçivəsində “tədqiqat” işləri üçün ayrılmış büdcə çərçivəsində maliyyələşdirməyə müraciət edə bilər. Çox texniki təfərrüatlara varmadan söyləyə bilərəm ki, 150-dən çox eyni statusa malik layihə arasında ciddi seçim gedir və adətən 4-5, son illər ərzində isə 1-2 qaz layihəsinə sonda Avropa Parlamentinin qərarı ilə qrant ayrılır. Qrantların ayrılmasında hər hansı layihənin digərlərindən vacib olub olmadığı heç bir rol oynamır. 150 layihənin PCİ statusunda olması artıq onların Avropa İttifaqı üçün oldugca mühüm layihələr olduğunu göstərir və bu məqamda onlar tam bərabərdirlər. Bu layihələr Avropa İttifaqının qanunvericiliyi ilə müəyyən imtiyazlara malikdirlər: boru kəmərinin tikintisi zamanı müvafiq icazələrin alınması prosesi bir pəncərə sistemi ilə aparılır, müvafiq banklardan nisbətən aşağı faizlə kredit almaq imkanı olur və sair. Qrantlar isə həmin layihələr çərçivəsində müəyyən iş həcmlərinə müsabiqə yolu ilə verilir. Layihənin idarəetmə planının mükəmməlliyi, stimullaşdırıcı effektləri və digər meyarlar əsasında müqayisələr aparılır və çox az sayda qalib əvvəl qeyd etdiyim mürəkkəb proses vasitəsilə seçilir.
Belə bir şəraitdə 2014-cü ildən bəri 6 dəfə qrant qazanan yeganə şirkət olmağımız bizi sevindirir, çünki bu prosesə goşulmazdan əvvəl Avropada yerləşən bir neçə məsləhətçi şirkət bir qrant təklifini ortalama 200.000 avro qarşılığında hazırlamasını təklif edirdi.
- Sizin təqdim etdiyiniz hansı layihələrə qrant ayrıldı? Ümumiyyətlə, indiyədək hansı məbləğdə vəsait əldə edilib?
- TANAP üçün SOCAR təqaüdçüləri ilə birgə hazırladığımız ilk layihə olan “Ekoloji monitorinq” layihəsinə 2,014 mln. avro qrant ayrıldı. Sonra təqdim etdiyimiz “Kompressor stansiyalarının layihələndirilməsi, boru kəmərinin monitorinq və təhlükəsizlik sisteminin müfəssəl layihələndirilməsi” layihəsinə 2,219 mln. avro, “TANAP kəmərinin SCADA sisteminin və qaz boru kəmərinin Dardanel boğazından və Evros çayı altından keçən sualtı hissəsində mühəndislik tədqiqatları” layihəsinə 2,559 mln. avro, “Kommersiya əməliyyatlarının dizaynı və boru kəmərinin bütövlüyünün təmin olunması üçün tədqiqatlar” layihəsinə isə keçən il 3,535 mln. avro məbləğində qrant ayrılıb.
TANAP-la bağlı təqdim etdiyimiz layihələr uğur qazandıqdan sonra TAP konsorsiumu bizə müraciət etdi və 2016-cı ildə TAP layihəsi üçün də təklif hazırlayaraq təqdim etdik. Yunanıstan ərazisində “Arxeoloji tədqiqatlar və tarixi abidələrin mühafizəsi məqsədilə qazıntılar” layihəsi üçün Avropa Komissiyası 14 mln. avro ayırdı.
2017-ci ildən SOCAR-ın qardaş Türkiyədəki layihələrinə nəzarət və rəhbərlik edən “SOCAR Türkiyə” şirkətinin İdarə Heyətinin sədri Vaqif Əliyevin təqdimatı ilə mən TANAP şirkətinə təyinat aldım. Bildiyiniz kimi, Trans-Anadolu boru kəməri Azərbaycan və Avropa üçün enerji təhlükəsizliyi nöqteyi nəzərindən mühüm sayılan Cənub Qaz Dəhlizinin tərkib hissəsidir. Burada mən şirkətlə Avropa İttifaqının müvafiq qurumları ilə əlaqələndirmə işinə cavabdehəm. Ardıcıl apardığımız fəaliyyət nəticəsində bu yaxınlarda biz daha 5 mln. avro vəsait qazandıq.
Beləliklə, 2014-cü ildən bəri TANAP və TAP layihələri üçün Avropa İttifaqının CEF (Connecting European Facility) programı çərçivəsində ayrılmış vəsaitin məbləği 29 mln. avronu keçib. Bu ən azı o deməkdir ki, eyni məbləğdə vəsaitə qənaət olunub.

Əlbəttə, SOCAR-ın Xarici Təqaüd Proqramının yetişdirməsi olaraq belə nailiyyətlər əldə etmək və SOCAR rəhbərliyi tərəfindən rəğbətlə qarşılanmaq bizi qürurlandırır. Hesab edirəm ki, SOCAR-ın Xarici Təqaüd Proqramı vasitəsilə xarici üniversitetlərdə əldə etdiyi bilik və bacarıqlardan istifadə etməklə, şirkətin strateji layihəsinə bu qədər vəsait cəlb etməyimiz faktı artıq bu proqramın olduqca uğurlu olduğunu sübut edir. Nəzərə alsaq ki, SOCAR-ın proqramı çərçivəsində yüzlərlə gənc Avropa və ABŞ-ın aparıcı universitetlərində yüksək səviyyəli təhsil alıb, bizim qrupumuzun uğuru dənizdə bir damladır. Əminəm ki, şirkətimizin qlobal enerji brendi kimi daha da güclənməsində həmin gənclərin böyük töhfələri olacaq. Artıq bir çox məzunlar SOCAR-ın Baş ofisində, müəssisələrdə və birgə müəssisələrdə yüksək və məsul vəzifələrə təyin olunublar.
Çox sevdiyim qədim Çin atalar sözü var: “Əgər 1 illik plan qurursansa, düyü ək. Əgər 10 illik plan qurursansa, ağac ək, əgər ömürlük plan qurursansa, insan yetişdir”. Bu qədim çin atalar sözü müasir dövrdə də öz əhəmiyyətini itirməyib, dünya nə qədər dəyişsə və inkişaf etsə də, insan faktoru və təhsil öz əhəmiyyətini itirmir. Bu gün SOCAR-ın təşkil etdiyi Xarici Təqaüd proqramı və bu proqram çərçivəsində onlarla gənc mütəxəssisin dünyanın aparıcı universitetlərində təhsilinin maliyyələşdirməsi həmin yanaşmanın SOCAR-ın kadr siyasətinin mühüm istiqamətlərədən birinin olduğunun təzahürüdür. 










Xəbərin orijinal ünvanı: https://report.az/energetika/socar-in-xarici-teqaud-proqraminin-mezunu-tanap-ve-tap-ucun-hazirla

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR