Bizim meyxanamız və ərəblərin muğamı...

Biz heç vaxt öz dəyərlərini qorumağı bacaran insanlar olmamışıq. Başqalarına aid olan şeylər bizə həmişə öz əlimizdə olandan yaxşı görünüb. Bir-iki nümunə ilə bunu sübut etmək olar.

Meyxananı bəyənməyən təbəqənin repi sevməsi qədər ziddiyyətli heç nə yoxdur. Meyxana bu gün bizim cəmiyyətdə hansı səviyyəli insanların maraq dairəsidirsə, rep də vətəni ABŞ-da eyni səviyyəli insanların maraq dairəsindədir. Qısası, meyxanaya bizdə avaralar qulaq asırsa (əgər belə iddia ediriksə...), repə də vətənində avaralar qulaq asır. Amma nədənsə, rep bizdə matah bir şey kimi dəyərə minib, meyxana isə tinlərdə qalıb. Halbuki, sırf bizə məxsus olan bu sənət türklərin sözü ilə desək, repdən daha “sanatsal” deyilmi?

Muğam sırf bizim cəmiyyətə aid bir kültür deyil, ümumiyyətlə, əruz ərəblərə məxsusdur. Bizdə insanların neçə faizi muğam dinləyir? Amma türklərdə türkülər dinlənilir, ayrı-ayrı incəsənət sahələrində istifadə olunur. Türklərdən çay kültürünü, dönəri, simiti götürmüşük, ruslardan vodka keçib bizə, özümüzə aid nəyimiz var? Plovu milli yeməyimiz kimi görürük. Amma fransız yazıçısı Jül Vern 19-cu əsrdə (“Kladius Bombarnak” romanında...) yazır ki, plov gürcülərin milli yeməyidir. Yəni təbliğatımız o vaxtdan zəif olub.

Necəki Braziliyada adam yerinə qoyulmayan bir futbolçu gəlir bizim liqada ən yaxşılardan olur, hər sahədə belədir...

Kiçik millətik, kəmiyyət yox, hər mənada. Ona görə də, öz dəyərlərimizi dünyaya sırıya bilmirik. Halbuki, italyanlar operanı görün necə səviyyəli bir şey kimi sırıyıblar dünyaya, amerikalılar da repi. İndi biz repə, operaya aristokrat insanların dinlədiyi musiqi kimi baxırıq, amma özümüzə aid olanları yerdən yerə vururuq.

Birdəki, bizdə meyxana yox, opera yaransaydı, orda da kazbekdən, lotulardan danışacaqdıq... Suyu qaba tökəndə qabın formasını aldığı kimi, cəmiyyətin də əlinə nə versən, cəmiyyət hansı səviyyədədirsə, onu da o formaya salacaq.

Hərdən misal çəkirlər ki, Norveçdə nəqliyyatda qocalara yer vermək təhqir sayılır. Bizdə isə belədir, elədir... Əvvəla Norveçdəki qocaların həyat tərzinə baxın, adamlar bizim aldığımız maaşdan qat-qat çox təqaüd alırlar. 80 yaşlı qocalar stadiona futbola baxmağa gedir, biz 50 yaşı vurmamış xəstəxanaları sürünürük. Elə adam tapmaq olmaz ki, 50 yaşı keçib, amma bir xəstəlik keçirməyib, ya əməliyyat olunmayıb. Yəni oradakı qocalarla bizim qocalarda fərq çoxdur, ona görə də, nəqliyyatda yaşlılara yer vermək kimi bir ənənə həqiqətəndə etik, düşüncəli bir hərəkət deyil? Niyə bu ənənəni müdafiə edə bilmirik? Nədənsə, düşmənə torpağı güzəştə gedə bilirik, evdə arvada pultu güzəştə gedirik, amma bir oturacağı güzəştə gedə bilmirik...

Meyxana başda olmaqla, biz heç vaxt bizə aid olanları qoruya bilməmişik. Fikir verin, türklər həmişə “vatanım”, “kardeşim” deyirlər. Biz isə həmişə “vətən”, “qardaş” deyirik. Sahib çıxa bilmirik heç nəyə.

Gürcülər ölkənin içinə girib darvazanın bir tayını aparıblar a kişi. Elə bil evindən gəlib qonşu nəyisə götürüb, sakitcə çıxıb gedir...

Bir gün Mollanın qonşusu atın belində, çiynində tüfəng, əlində bel, tərkində odun şələsi yolda gedir. Molla soruşur ki, ay qonşu, hara gedirsən? Qonşusu deyir, tülkü vurmağa. Molla deyir ki, tüfəngi başa düşdüm, bəs qalanı nə üçündür? Qonşu deyir, ay Molla, tülkü qaçsa atla qovacağam, yuvaya girsə, odun yandırıb tüstü verəcəm, yenə çıxmasa, bellə qazıb çıxaracam. Molla deyir: “Vay-vay, ta denən o tülkünün işi Allaha qalıb ki!”.

İndi bizim də işimiz Allaha qalıb...

Cavidan Mirzəzadə / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR