Müvafiq layihə çərçivəsində Sumqayıtdakı texniki və təbiət elmləri liseyində tədbir keçirilib

18:48 16 Yanvar 2015
101 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 16 yanvar, AzərTAc 
Yanvarın 16-da Təhsil Nazirliyinin “Mütaliə mədəniyyətinin və oxuya motivasiyanın yüksəldilməsi” layihəsi çərçivəsində Sumqayıt şəhərindəki N. Gəncəvi adına texniki və təbiət elmləri liseyində tədbir keçirilib.
Tədbirdə Təhsil Nazirliyinin, Azərbaycan Yazıçılar Birliyinin nümayəndələri, Milli Məclisin deputatları, yazıçılar, təhsil ekspertləri, məktəb direktorları iştirak ediblər.
Təhsil Nazirliyindən AzərTAc-a bildiriblər ki, qonaqlar əvvəlcə ayrı-ayrı sinif otaqlarında 6-9 və 10-13 yaşlı şagirdlərin ucadan oxu bacarıqları ilə tanış olublar. Ayrı-ayrı yaş qrupları arasında yaradılan “Oxu klubları”nın təqdimatı keçirilib.
Sonra tədbir akt zalında davam etdirilib.
Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq Yazıçısı Anar məktəblilərə oxuduqları əsərləri müstəqil şəkildə təhlil etmək vərdişlərinə yiyələnməyi tövsiyə edib.
Tədbirdə şagirdlər oxuduqları əsərləri müzakirə ediblər.
“Mütaliə mədəniyyətinin və oxuya motivasiyanın yüksəldilməsi” layihəsinin əsas məqsədi təhsil müəssisələrində mütaliə edən icmanın yaradılması vasitəsilə şagirdlərdə oxuya marağın artırılması, məktəblilərin bədii ədəbiyyat, sənədli əsər və digər mətn növləri ilə tanışlığını təşviq etməkdir.
Layihə çərçivəsində şagirdlər və müəllimlər arasında oxunan ədəbiyyatın, müxtəlif mətn növlərinin müzakirə yolu ilə dəyərləndirilməsi, mübadiləsi, şagirdlərdə reflektiv oxu vərdişlərinin yaradılması nəzərdə tutulur.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR