Yüz il əvvəl BDU-da ilk dərs

Yüz il əvvəl BDU-da ilk dərs
14:38 18 Noyabr 2019
80 Digər
Ölkə mətbuatı
A- A+

Dilqəm Əhməd

Bu gün Bakı Dövlət Universitetində ilk mühazirənin oxunmasından yüz il ötür. Azərbaycan Cümhuriyyətinin 23 ayda xalqımıza bəxş etdiyi ən böyük dəyərlərdən olan universitetin ilk müəllimləri də qurucuların özləri idilər. Hökumət və parlament üzvlərinin əksəriyyəti ali təhsilli olduqlarına görə paytaxtda universitetin olmasının vacibliyini daha yaxşı anlayırdılar.

Professor Ədalət Tahirzadənin yazdığına görə, Cümhuriyyət dönəmində ali təhsilli mütəxəssislər yetişdimək üçün ilk mərhələdə Gürcüstan ali məktəblərindən yararlanmaq təklifi ortaya atılıb.

Hökumət 12 avqust 1918-ci ildə xalq maarif nazirinə tapşırıb ki, Tiflis Politexnik İnstitutu ilə əməkdaşlıq üçün bu sualların cavabını öyrənsin: 1) İnstitut ümumqafqaz əhəmiyyətlidirmi; 2) cavab müsbətdirsə, Azərbaycan onun idarəsində necə iştirak edə bilər; 3) tədris hansı dildə olacaq, 4) Azərbaycan tələbələrinə neçə yer ayrılacaq?

Görünür ki, alınan cavablar Azərbaycan tərəfini qane etməyib, buna görə də sonralar bu məsələdən söz açılmayıb. Ona görə də başda Azərbaycan Milli Şurasının sədri Məhəmmədəmin Rəsulzadə olmaqla digər dövlət xadimlərinin səyi nəticəsində Bakı Dövlət Universitetinin yaradılması ideyası üzərində dayanılıb. Hələ 8 aprel 1919-cu ildə hökumət xalq maarif nazirinə tapşırmışdı ki, 1919-1920-ci dərs ilinin başlanğıcından Bakıda universitet açsın, bundan ötrü 10 milyon manatı aşmamaqla smeta tərtib etsin, universitetə Kommersiya Məktəbinin (indiki Pedaqoji Universitetin) binası verilsin.

Məsələnin müzakirəsi parlamentdə keçirilib, gərgin müzakirələrdən sonra 1 sentyabr 1919-cu ildə Bakı Dövlət Universitetinin yaradılması haqqında qanun qəbul edilib. Qanundan aydınlaşır ki, Universitetin 4 fakültəsi (Şərq bölməsi ilə tarix-filologiya, fizika-riyaziyyat, hüquq və tibb) olacaq, ştat və smetası 1 sentyabr 1919-cu ildən hələlik 1 il üçün təsdiqlənir. BDU-nun idarə olunması və tədris-elmi fəaliyyətinin tənzimlənməsi qaydalarını müəyyənləşdirən Nizamnamə parlamentdə üç ay çəkən müzakirələrdən sonra – 1919-cu ilin 29 sentyabrında qəbul edilib. Nizamnamədə Universitetin quruluşu, elm və tədris sahələrinin fəaliyyəti, professor-müəllim heyətinin hüquq və vəzifələri təsbit edilmişdi.

9-cu maddədə qeyd olunur ki, Universitetin istər tədris, istərsə də idarə və təsərrüfat işlərində qadınlar da kişilərlə bərabər eyni vəzifələrdə çalışa bilər. 10 noyabr 1919-cu ildə Universitet Şurasının ilk iclasında professorların və başqa akademik heyətin tərkibi təsdiq edilib. Universitetin rektoru rus alimi professor V.İ.Razumovski seçilmişdi. Hələlik iki fakültəsi olan Bakı Dövlət Universitetində mühazirələr 15 noyabr 1919-cu ildən başlandı. Cümhuriyyətin görkəmli dövlət xadimləri Məhəmmədəmin Rəsulzadə və Rəşid xan Qaplanov Türk ədəbiyyatı tarixi üzrə ilk müəllimlər oldular.

Təkcə bu fakt M.Rəsulzadənin adının universitetə qaytarılmasına və 20 ildən çoxdur ki, qapının girişində qoyulan qara daşın abidə ilə əvəzlənməsinə yetərlidir.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/koshe/296484.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR