Kloun həkimlər təşkilatının 25 illiyi qeyd olunur

Kloun həkimlər təşkilatının 25 illiyi qeyd olunur
21:37 18 Noyabr 2019
Ölkə mətbuatı
A- A+

Təbəssüm ən yaxşı dərmandır. Bu fikirlər təkcə xəstələr üçün deyil, eyni zamanda, hansısa səbəbdən əhval-ruhiyyəsi yerində olmayan insanlar üçün də keçərlidir. Düz 25 il bundan əvvəl xüsusi tibbi təlim əsasında klounları öz ətrafında birləşdirən "Qırmızı burunlar - kloun həkimlər" təşkilatının məqsədi də gülüş və təbəssüm sayəsində xəstələrin əhvalını yaxşılaşdırmaq, onlara yenidən həyat eşqi, həmçinin ümid bəxş etməkdir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, 1994-cü ildə təsis olunan təşkilatın ilkin məqsədi müxtəlif xəstəxanalarda müalicə alan uşaq və gənclərə baş çəkməkdən ibarət olsa da, klounların fəaliyyətinin müsbət nəticəsi sonrakı illərdə onların spektrini daha da genişləndirdi. Klounlar hazırda xəstə uşaqlarla yanaşı, qocalar evləri, qaçqınlar üçün mərkəzlər və həmçinin ayıq koma vəziyyətində olan xəstələrə də baş çəkirlər.

Təşkilatın yubiley münasibətilə açıqlamasında bildirilib ki, Avstriya və daha doqquz ölkədə qırmızı burunlu klounlar il ərzində təxminən 600 min pasiyentə baş çəkirlər. "Təbəssüm ən yaxşı dərmandır" devizi ilə yola çıxan klounlar 25 il ərzində yeddi milyon insanı güldürməyi, həyata olan ümidlərini artırmağı və onlara yenidən motivasiya verməyi bacarıblar.

Bu təşkilata qoşulmaq üçün ikiillik xüsusi tədris proqramında iştirak etmək lazımdır. Təsviri incəsənət sahəsində çalışan yaradıcı insanlar (klounlar, akrobatlar, aktyorlar, pantomim və sehrbazlar) psixoloq və həkimlərin dəstəyi ilə ağır emosional, stresli və ümidsiz vəziyyətlərə düşən pasiyentlərə sevinc bəxş edir, onların qəlbində ümid işığı yandırır və uzun müddət xəstəxanada qalmağa məcbur olan şəxslərin gündəlik həyat şəraitinə müsbət təsir göstərirlər. Klounların xəstə uşaqlara baş çəkməsi təkcə uşaqlar tərəfindən deyil, valideyn və xəstəxanaların kollektivləri tərəfindən də müsbət qiymətləndirilir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/803130.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR