İranı çalxalayırlar: baha benzinlə bağlı ucuz oyun

İranı çalxalayırlar: baha benzinlə bağlı ucuz oyun
10:05 19 Noyabr 2019
138 Dünya
Ölkə mətbuatı
A- A+

İranda artıq dörd gündür ki, iğtişaşlar davam edir. Ölkənin onlarla iri şəhərində aksiya iştirakçıları ilə polislər arasında toqquşmalar olub. İranın mərkəzi bankı olan İran Milli Bankının və digər dövlət banklarının 100-dən artıq şöbəsinin binaları yandırılıb, 1020 nəfər tutulub, bir polis zabiti həlak olub.

Həmin zabit Kirmanşah şəhərində kütlə polis idarəsinin binasına hücum edərkən aksiya iştirakçılarının qarşısını kəsdiyi üçün öldürülüb.

İranda ötən həftənin cümə günündən bəri davam edən aksiyaların səbəbi nədir, proses necə sonuclana bilər?

ABŞ-ın və Avropa Birliyinin İrana qarşı tətbiq etdiyi, sayı və miqyası fasiləsiz artan sanksiyalar nəticəsində cənub qonşumuzun iqtisadiyyatı çox ağır vəziyyətdədir. Rəsmi Tehran ölkədə maliyyə, sosial və iqtisadi böhranın dərinləşməsinin qarşısını almaq çərçivəsində gerçəkləşdirdiyi tədbirlər sırasında noyabrın 15-də gecə saatlarında benzinin satış qiymətini artırıb.

Hökumətin qərarına görə, dövlətin verdiyi benzin kartının sahibi olan ölkə vətəndaşı ayda 60 litr benzini bundan belə benzinin 7500 İran rialından yox, 15 min rialdan (0,36 ABŞ dolları) alacaq. Eyni zamanda benzinin aylıq satış limiti də qüvvəyə minib. Adambaşına ay ərzində 60 litrdən artıq benzin ltri 15 min rialdan satıla bilməz.

Limit aşılarsa, 60 litrdən artıq olan hər litrə görə 30 min rial ödənməlidir.  Yəni faktiki olaraq ölkədə benzinin satış qiyməti 3 dəfə bahalaşıb.

İran rəhbərliyi kütləvi etiraz aksiyalarının xaricdən idarə olunduğunu vurğulayıb.

"Heç şübhə olmasın ki, iğtişaş salanlar xaricdən idarə olunurlar. Bu adamların əməlləri qanunsuzdur, cinayətdir. Biz həmin adamlara qarşı iradə və qətiyyətlə davranacağıq", - İranın baş prokuroru Məhəmməd Cavad Müntəziri deyib.

İranın ali dini lideri, ayətullahül-üzma Seyid Əli Xamneyi də bu fikirdədir.

"Ölkədə bəzi vətəndaşların bu qərara görə narazı və narahat olduqlarını bilirəm. Lakin təxribatları, iğtişaşları və yanğınları həmin vətəndaşlar yox, iğtişaşçılar, təxribatçılar törədirlər. Əksinqilabçılar və İranın düşmənləri həmişə təxribatlara can atıblar, indi də belə əməllərlə məşğuldurlar. Benzinin qiymətinin artırılması məntiqi və səbəblidir. Lakin başqa mal və məhsulların bahalaşmasına imkan verilməməlidir", - Xamneyi söyləyib.

İranda yaşananların spontan, kortəbii xalq etirazları, vətəndaşların idarə olunmayan və təbii qəzəbi adlandırmaq mümkün deyil.

Çünki ölkənin müxtəlif şəhərlərində etirazlar yaxşı idarə edilən, koordinasiya olunan, eyni vaxtda başlayıb eyni zamanda bitən proseslərdir.

İran Milli Bankının bölmələrinin yandırılmaq üçün hədəf seçilməsi də təsadüfi deyil. Ölkənin reallaşdırdığı nüvə proqramına görə ABŞ-ın sanksiyalar tətbiq etdiyi əsas bank da məhz İran Milli Bankıdır.

Ümumiyyətlə isə İrandakı nümayişlər qonşu İraqdakı aksiyaların sanki davamı və təkrarıdır. Benzinin bahalaşması ilə bağlı qərar sadəcə, triqqer və ya informasiya səbəbidir.

Təsadüfi deyil ki, İrandakı küçə aksiyaları benzinin qiymətinin artımına etirazlar kimi qələmə verilsə də, küçələrə çıxan və idarə olunan kütlənin şüarları arasında benzinlə bağlı məsələlər son yerlərdədir.

Əvəzində "Xamneyiyə ölüm!", "Rədd olsun rejim!", "İstefa!" kimi sırf siyasi, "liberal", konkret şəxslərə qarşı ünvanlanmış şüarlar səslənir.

İranda olduğu kimi, İrandakı aksiyalarla bağlı sosial şəbəkələrdə yayılan "#İranProtets" heşteqli xəbərlər, tvitlər, foto və videolar İran ərazisindən yox, İran sərhədlərindən kənardakı adamlar tərəfindən hazırlanır.

Yəni aşkar görünür ki, ABŞ və amerikalıların bölgədəki müttəfiqləri sanksiyaların və artan işsizliyin səbəbindən ölkədə ağırlaşan sosial-iqtisadi durumdan faydalanaraq İranı çalxalamağa çalışırlar.

Benzinin bahalaşması sadəcə, informativ səbəb, siyasi bəhanədir.

Ümumiyyətlə, İranı zəiflətməyə çalışmaqla ABŞ çox ciddi, strateji səhv edir.

Əvvəla, bu minvalla Tehranı geri çəkilməyə vadar etmək, İranın mövqelərini zəiflətmək mümkün deyil. İran rəhbərliyi üçün prinsiplər hər şeydən önəmlidir - tarixən belə olub.

Rəsmi Tehran hakimiyyətdəki qüvvənin formatından və məfkurəsindən asılı olmayaraq, kənardan təsir və ya təzyiq nəticəsində qərarlar qəbul etmir. Üstəlik, ABŞ kimi əzəli rəqibin pressinqi nəticəsində.

İranda hakimiyyət dəyişikliyi baş verərsə - bu ehtimalın reallaşma şansı o qədər kiçikdir ki, müzakirayə belə, dəyməz - kimin, hansı qüvvənin iqtidara yiyələnə biləcəyi məlum deyil. İranda ABŞ-ın heç bir müttəfiqi yoxdur. Yeni hakimiyyət Qərbə, xüsusilə də ABŞ-a münasibətdə daha sərt ola bilər.

Və ən nəhayət, İranda daxili vəziyyətin gərginləşməsi, ölkənin zəifləməsi 2011-ci ildə Suriyada başlanmış qanlı proseslərdən dəfələrlə, hətta on dəfələrlə pis regional problemlər yarada bilər.

Hazırda İranda yaşanan problemlərin əsas səbəbi rəsmi Tehranla cəmiyyət arasındakı kommunikasiyaların ciddi yenilənməyə ehtiyac duymasındadır.

Sosial şəbəkələr vasitəsilə gərəkli messiclərin yayılması üçün gərəkli resursların və bacarığın olmaması, rəsmi açıqlamalardakı şüarçılıq narrativi, labud və məntiqi qərarın məmurlar tərəfindən xalqa sadə, anlaşılan dildə izah olunmaması iranlıların küçələrə çıxmasına səbəb olub.

Ən əsas, başlıca səbəbsə ABŞ-ın İrana qarşı tətbiq etdiyi sərt sanksiyalardır.

Vaşinqtonun Tehrana ünvanladığı sanksiyalardan ən çox əziyyət çəkən sadə, sıravi iranlılardır.

Məsələn, farmasevtik preparatlar, ərzaq və hətta kağızın İrana idxalına, habelə ixracına qoyulan məhdudiyyət, İranın metallurgiya, energetika və bank sektorlarına qarşı tətbiq olunan sanksiyalar ölkə iqtisadiyyatına çox ağır təsir edib.

ABŞ-ın da əslində, məqsədi budur. İrana qarşı reallaşdırılan sanksiyaların sayını artırıb şərtlərini ağırlaşdırmaqla Vaşinqton İranda üsyana, qiyama və ya çevrilişə nail olmaq istəyir. Amerikalılar bu minvalla Tehrandakı mərkəzi hakimiyyəti yeni danışıqlara sövq etmək, alınmazsa, ümumiyyətlə, aradan götürmək istəyir.

Fəqət, həmin hakimiyyətin yerinə kim gələ bilər və ümumiyyətlə, situasiya nəzarətdən çıxaraq silahlı qarşıdurma, vətəndaş müharibəsi səviyyəsinə çatarsa, nə etməli?

Vaşinqton bunu düşünmür, çünki "maksimum təzyiq strategiyası" kursunu seçib.

Ona görə də tam qətiyyətlə demək olar ki, İranda son günlər yaşananlar ABŞ-ın Tehrana qarşı yeni oyunu, stavkaları artırmaq və Barak Obamanın dönəmi ilə müqayisədə daha "sərfəli" şərtlərə nail olmaq üçün regional vəziyyəti çalxalamaq, ləngərdən çıxarmaq cəhdidir.

İraqdakı kütləvi etirazlar, Livanda nümayişlər və hökumət böhranı, İsraillə Qəzza bölgəsi arasındakı gərginliyin savaş astanasına çatması, İrandakı aksiyalar - bütün bunlar bölgədə fasiləsiz pisləşən sosial-iqtisadi durumun və geosiyasi vəziyyətin ağırlaşması fonunda regional problemlər zəncirinə məntiqi əlavədir.

Kütləvi etirazlar və nümayişlər İordaniya, Misir, Əlcəzair və İordan çayının qərb sahilindəki Fələstin ərazilərində hər an başlana bilər.

Dekabrın 12-də Əlcəzairdə seçkilərdir. Fələstin də seçkilərə hazırlaşır.

Bütün bunları nəzərə alsaq, İrandakı vəziyyətin süni şəkildə gərginləşdirilməsi ABŞ üçün çox pis nəticələr verə bilər.

Çünki amerikalıların İranda müttəfiqi yoxdur və regional vəziyyət də həddən ziyadə gərgin olduğu bir dönəmdə İranda stabilliyin pozulması Vaşinqtonun Yaxın Şərqdəki siyasəti üçün bütünlüklə olduqca pis fəsadlara səbəb olar.

İran rəhbərliyi ona qarşı hansı oyunların oynandığını anlayır.

Aksiyalar başlayandan bəri 93 şəhərdə iğtişaşlar olub.

Hakimiyyət dairələri bütün İran ərazisində interneti kəsiblər.

Bəs belə ağır şəraitdə İranda yanacağın qiyməti bahalaşmalı idimi, buna ehtiyac vardımı? İran iqtisadiyyatının indiki durumunu nəzərə alsaq - bəli.

Amma bahalaşma qəfil olmamalı idi.

İranda 2010-cu ilin dekabrında benzinin qiymətləri 4 (!) dəfə bahalaşmışdı. Fəqət, insanlar küçələrə çıxmadılar, o dönəmdəki prezident Mahmud Əhmədinejadın istefasını tələb etmədilər. Səbəb bəsitdir: yanacaq müavinətlərinin ləğv olunduğu gün ünvanlı sosial yardımlar işə düşdü. Üstəlik, bahalaşmadan tam bir ay əvvəl əhaliyə qərarın labüdlüyü izah olunmağa başlanmışdı.

Ruhani administrasiyası da müavinətlər və yardımlar verəcək, amma bu nə zaman olacaq - bilinmir.

İran rəhbərliyi bəyan edir ki, benzinin qiymətinin artırılmasından əldə olunan vəsait 60 milyon vətəndaşa yardımlar və müavinətlər qismində veriləcək. Fəqət, bu, hər ailəyə ayda ən uzağı 10-15 dollarlıq məbləğ ayrılması deməkdir.

Benzinin bahalaşması isə İranda hər şeyi bahalaşdıracaq.

İran prezidenti Həsən Ruhaninin komandası ölkədəki iqtisadi-maliyyə böhranını çözmək üçün tələsik addım atıb.

İranda çevriliş və ya hakimiyyət dəyişikliyi olmayacaq.

Kənardan təzyiqlər və ölkəyə təsir cəhdləri artdıqca iranlılar aralarındakı fikir müxtəliflərinə, hətta düşmənçiliyə baxmayaraq birləşirlər.

Bu, İranın geosiyasi və sosial fenomenidir.

Elçin Alıoğlu
Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/803167.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR