Ötən il obyektlərdə 12 minə yaxın aksizsiz və saxta aksizli malın satış məqsədilə saxlandığı aşkar edilib (FOTO)

Ötən il obyektlərdə 12 minə yaxın aksizsiz və saxta aksizli malın satış məqsədilə saxlandığı aşkar edilib (FOTO)
18:53 16 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 16 yanvar /Trend/

Bu gün Vergilər Nazirliyində spirtli içkilər və tütün məmulatları istehsal edən vergiödəyicilərlə görüş keçirilib.

Nazirliyin Analitik-informasiya şöbəsindən Trend-ə verilən məlumata görə, görüşdə “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 30 dekabr 2014-cü il tarixli 1167-IVQD nömrəli Qanununda Azərbaycan Respublikasında istehsal olunan içməli spirtə, pivəyə, spirtli içkilərə və tütün məmulatlarına tətbiq edilən aksizin dərəcələrinin dəyişdirilməsi məsələsi müzakirə olunub.

Görüşdə vergilər nazirinin Audit və operativ nəzarət sahələri üzrə müşaviri İlqar Əhmədov çıxış edərək, spirtli içkilər və tütün məmulatlarının satışı zamanı vergidən yayınma hallarına yol verilməməsi, bu məhsulların istehsalı ilə məşğul olan müəssisələrdə kvota üzrə müəyyən edilmiş istehsal həcminin ciddi nəzarətdə saxlanılması və təqdim edilmiş hesabatlarda istehsal həcminin real əks etdirilməsinin zəruriliyi qeyd edilib. Bildirilib ki, aksiz vergisi üzrə real istehsal həcminin müəyyən edilməsi məqsədilə vergi orqanları tərəfindən aksizli mallar istehsal edən vergiödəyiclərin fəaliyyəti müntəzəm nəzarətdə saxlanılır və nəticələr hesabat məlumatları ilə müqayisə edilir.

2014-cü il ərzində aksiz markalarının tətbiqinə dair keçilmiş nəzarət işlərinin nəticələrinə toxunan İ.Əhmədov bildirib ki, 1754 nəzarət aparılmış obyektdən 897-də 10 821 ədəd aksizsiz malın və 857 ədəd saxta aksizli malın satış məqsədilə saxlanması faktı aşkar edilib.

Aşkar edilmiş faktlar üzrə qanunamüvafiq tədbirlər görülüb.

Gələcəkdə qanun pozuntularına yol verilməməsi məqsədi ilə vergiödəyicilərlə vergi orqanı arasında partnyorluq və qarşılıqlı əməkdaşlıq şəraitində münasibətlərin qurulmasının vacibliyi bir daha vergiödəyicilərin diqqətinə çatdırılıb, qanunvericiliyin tələblərinə riayət edilməsi vergiödəyicilərə tövsiyə edilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR