Qətər Azərbaycana xəyanət edir? - Ermənistanla...

Qətər Azərbaycana xəyanət edir? - Ermənistanla...
16:33 19 Noyabr 2019
92 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan prezidenti İlham Əliyev noyabrın 18-də Qətərin Azərbaycana yeni təyin olunan səfiri Feysal bin Abdullah Həməd Abdullah Al Hinzabın etimadnaməsini qəbul etdi. İlham Əliyev Qətər səfiri ilə görüşdə dedi ki, iki ölkə arasında əlaqələrin inkişafına önəm verir. Prezidentin sözlərinə görə, Azərbaycanla Qətər beynəlxalq arenada fəal əməkdaşlıq edir. Dövlət başçıları səviyyəsində qarşılıqlı rəsmi səfərlər olub. Hökumətlərarası fəaliyyət və nazirlər səviyyəsində qarşılıqlı səfərlər var. Azərbaycan prezidentinin sözlərinə görə, iki ölkə arasında ticarət dövriyyəsini hər iki istiqamətdə artırmaq üçün potensial var. Buna baxmayaraq, Qətərin Azərbaycan torpaqlarını işğal edən Ermənistanla da sıx əlaqələri var”.

Publika.az xəbər verir ki, bu fikirləri “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu qeyd edib.

Politoloq Ermənistan rəsmilərinin Qətərə səfərini xatırladıb: “Keçmiş prezident Serj Sarkisyan kimi Ermənistanın hazırkı prezidenti Armen Sarkisyan da bir neçə gün əvvəl Qətərə səfər edib. Armen Sərkisyan Qətər əmiri ilə müzakirələr apardıqdan sonra bu ölkədə keçirilən innovasiya sammitində iştirak edib.

O, Ermənistanın Qətərdə açdığı yeni səfirlik binasında olub. Maraqlıdır ki, Ermənistan prezidenti bu səfirliyin açılmasında Qətər əmirinin xüsusi rol oynadığını vurğulayıb. Armen Sarkisyan bu fikri Qətərə səfəri zamanı bir neçə dəfə təkrarlayıb. Belə nəticəyə gəlmək olar ki, həmin səfirliyin maliyyə xərclərini elə Qətər təmin edib. Ermənistan prezidenti xanımı ilə birgə Qətər əmirinin xanımının rəhbərlik etdiyi fondda da olub”.

E.Şahinoğlu vurğulayıb ki, Qətər İslam Əməkdaşlıq Təşkilatının üzvüdür və qəbul edilən çoxsaylı qətnamələrdə birmənalı olaraq Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir: “Ancaq görünür, bu, Qətərə Ermənistanla siyasi əlaqələri yüksək səviyyədə saxlamağa mane olmur. Bir müddət əvvəl Qətərin bir qrup biznesmeni Ermənistana səfər edərək ortaq əməkdaşlığı müzakirə etmişdilər.

Aydındır ki, Ermənistanın Qətərlə ticarət mübadiləsini artırmaq imkanları yüksək deyil. Qətərin Cənubi Qafqaz ölkələri arasında Azərbaycanla ticarət mübadiləsini artırmaq imkanları var və Qətərdə onu da bilirlər ki, rəsmi Bakı islam və türkdilli ölkələrin işğalçı Ermənistanla əməkdaşlığına mənfi yanaşır. Çünki, islam və türkdilli ölkələr atdıqları imzalara hörmət etməlidirlər.

Məsələnin qəribə tərəfi həm də odur ki, Qətər Türkiyənin strateji tərəfdaşıdır. Səudiyyə Ərəbistanı ilə Qətər arasında münasibətlər gərginləşəndə Ankara Dohanı dəstəklədi və bununla Ər-Riyadla münasibətləri daha da soyudu. Digər tərəfdən Türkiyənin Qətərdə hərbi bazası mövcuddur. Qətərdə onu da bilməmiş deyillər ki, Ermənistan Türkiyəni də özünə düşmən sayır. Ancaq bu amil də Dohaya İrəvanda siyasi təmaslara diqqətli olmağa kifayət etmir. Əslində Ankara Ermənistanla əməkdaşlıq mövzusunda Dohaya məsləhətini əsirgəməməlidir”.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/nida_tehlil/296603.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR