Facebook TikTok-u almaq istəyirmiş

Facebook TikTok-u almaq istəyirmiş
22:17 19 Noyabr 2019
Ölkə mətbuatı
A- A+

Facebook şirkəti 2016-cı ildə bir neçə ay ərzində qısa musiqili videolar servisi olan Musical.ly-ni almaq üçün danışıqlar aparırdı. Lakin müqavilə bağlanmadı. Çünki Mark Zuckerberg sözügedən servisə şübhə ilə yanaşırdı. Nəticədə Musical.ly əsasında hamı tərəfindən tanınan məşhur TikTok servisi yaradıldı. Milli.Az technote.az-a istinadən bildirir ki, 2016-cı ildə Instagram-ın həmtəsisçisi və həmin vaxtda fotoservisin general direktoru olmuş Kevin Systrom Şanxaya yollanmış və orda Musical.ly-nin yaradıcısı ilə görüşmüşdü. Daha sonra Systrom, ABŞ-a geri qayıtmış və Mark Zuckerberg-ə Musical.ly-nin alınmasını təklif etmişdi.

Zuckerberg isə bu müqaviləyə şübhə ilə yanaşırdı. Belə ki, həmin vaxtda servisin böyüməsi ləngimişdi. Bundan əlavə olaraq onu sözügedən servisin yeniyetmələr arasında məşhurluğu da narahat edirdi. Bu isə ABŞ qanunvericiliyindəki 13 yaşdan aşağı şəxslərin məlumatlarının emal olunması qanunu cəhətdən problemlər yarada bilərdi. Buna baxmayaraq Zuckerberg Çin bazarına girişdə çox maraqlı idi. Buna görə də o bu məsələ üzrə danışıqlara razılıq vermişdi. 2016-cı ilin avqust ayında Zuckerberg Facebook-un ofisində Musical.ly servisinin yaradıcılarından biri olan Alex Zhu ilə görüşmüşdü.

Danışıqlar çox ciddi getsə də nəticədə konkret bir qiymətə gəlib çıxmadı. Həmin ilin sentyabrında isə Facebook komandası Alex Zhu və Musical.ly-nin ikinci yaradıcısı Luyu Yang ilə danışıqların davam etidirilməsi üçün Şanxaya yollanmışdılar. 2018-ci ildə Musical.ly servisini ByteDance şirkəti 800 milyon dollara aldı. Həmin vaxtda servisin bütün dünya üzrə istifadəçi kütləsi 100 milyon insan təşkil edirdi. Bu müqavilədən sonra ByteDance şirkəti servisi TikTok adı ilə yenidən istifadəyə verdi.

2018-ci ilin sonunda isə TikTok-un istifadəçi kütləsi artıq 800 milyon insana çatmışdı. Sensor Tower adlı analitik şirkətinin statistikasına əsasən 2019-cu ilin əvvəlindən TikTok servisi 500 milyon dəfədən çox yüklənib. Bu ay isə ByteDance şirkətinin Musical.ly servisini alması məsələsi ABŞ-ın xarici investisiyalar üzrə komitəsinin istintaq predmetinə çevrildi. Reuters saytının məlumatlarına əsasən bunun əsas səbəbi ondan ibarətdir ki, Musical.ly servisi formal olaraq ABŞ servisidir. Bu səbəbdən də ByteDance şirkəti müqavilənin təsdiqlənməsi üçün lazımi sorğunu göndərməyib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/802243.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR