Kərbəla faciəsindən az sonra baş vermiş hadisələrə baxış

Kərbəla faciəsindən az sonra baş vermiş hadisələrə baxış
22:57 19 Noyabr 2019
Ölkə mətbuatı
A- A+

Yezid mədinəlilərin qəzəbini yatırmaq üçün Abdullah ibn Cəfər-Təyyardan (İmam Hüseynin (ə) əmisi oğlundan) xahiş etdi ki, arada vasitəçi olsun. Abdullah gözəl əxlaqına, səxavətinə və Peyğəmbərlə (s) qohumluğuna görə nə qədər böyük hörmət sahibi olsa da, cəhdləri fayda vermədi. O zaman Yezid Nöman ibn Bəşiri Mədinəyə yolladı. Nöman bundan əvvəl Kufə valisi olmuş, mülayim rəftarına görə valilikdən azad edilib, yerinə Übeydullah ibn Ziyad təyin edilmişdi. Nömanın sözlərinə də qulaq asan olmadı. Məkkə və Mədinənin bütün əhalisi Əməvilərdən üz çevirmiş və Abdullah ibn Zübeyrə tərəf meyllənmişdi.

Milli.Az islam.az-a istinadən bildirir ki, mədinəlilər sayları təqribən min nəfərə yaxın olan Bəni-Üməyyə tərəfdarlarını əvvəlcə Mərvan ibn Həkəmin evində mühasirəyə aldılar. Daha sonra onlara şəhərdən çıxıb Şama getmək icazəsi verdilər, amma bir şərtlə: Əməvi tərəfdarları and içməli idilər ki, Mədinədən çıxdıqdan sonra bir daha bura qayıtmayacaqlar və əgər Yezid Mədinəyə qoşun göndərsə, onlar həmin qoşuna qatılmayacaqlar. Əməvilər can qorxusundan bu təklifi qəbul etdilər, amma Mərvan kimi bəziləri andı sonralar pozub, Şam qoşunu ilə birlikdə Mədinəyə gəldi. Bəzi mənbələrdə Mədinədən və ətraf məntəqələrdən qovulanların sayının dörd min nəfərə yaxın olduğu qeyd edilib.

Abdullah ibn Zübeyr Mədinə şəhərinə Abdullah ibn Hənzələni vali təyin etdi. Abdullahın atası Hənzələ ibn Əbu Amirin adı müsəlmanlar tərəfindən hörmətlə anılırdı. Onu "ğəsilül-məlaikə", yəni "mələklərin qüsl verdiyi şəxs" adlandırırdılar. Hənzələ hicrətdən sonra iman gətirmiş və ailə qurmuşdu. Ühüd savaşından bir gün əvvəl onun toyu oldu. Müsəlman qoşunu döyüş üçün Mədinədən çıxanda Hənzələ Həzrət Mühəmməd Peyğəmbərdən (s) bir günlük icazə aldı və söz verdi ki, sübh tezdən özünü orduya yetirəcək. Hənzələ həmin gecəni gəlinin yanında qaldı, səhər isə Peyğəmbərə (s) söz verdiyi üçün cənabət qüslü almağa belə macal tapmadan Mədinədən çıxıb İslam əsgərlərinə qoşuldu. Ühüd savaşında o, şücaətlə savaşıb şəhid oldu. Şəhidləri dəfn edərkən Peyğəmbər (s) səhabələrə belə buyurdu: "Mələklər Hənzələyə qüsl verirlər ki, cənabətli halda cənnətə girməsin". Bundan sonra Hənzələ "mələklərin qüsl verdiyi şəxs" ləqəbi ilə xatırlanmağa başladı. Hənzələnin toy gecəsi zifafından oğlu doğuldu və onun adını Abdullah qoydular. Hərrə faciəsində Mədinə sakinlərinə başçılıq edən Abdullah həmin bu şəxs idi.

Yezid mədinəlilərin Bəni-Üməyyə ilə rəftarından xəbər tutanda qəzəblənib, Şamdan böyük bir qoşunu Peyğəmbər şəhərinə yola saldı. Onların sərkərdəsi öz zalımlığı ilə ad qazanmış Müslim ibn Əqəbə idi. Onu "qaniçən" ləqəbi ilə çağırırdılar. Şam qoşununun sayının 5 min nəfər və ya daha şox olduğunu yazırlar. Beytül-maldan aldıqları paydan və 100 dinar mükafatdan əlavə onlara vəd edilmişdi ki, Mədinəni ələ keçirəndən sonra şəhərdəki hər şeyi qarət edə və mənimsəyə bilərlər.

Mədinəlilər Şam qoşununun hücum xəbərini eşidəndə şəhəri müdafiə etmək üçün vaxtilə Peyğəmbərin (s) qazdırdığı xəndəyin yerində xəndək qazdılar. Onların müdafiəsinə Abdullah ibn Hənzələ ilə yanaşı Abdullah ibn Müti və Məqəl ibn Sinan kimi cəsur şəxslər başçılıq edirdilər.

Şam qoşununun tərkibində olan və bundan əvvəl Mədinədən qovulmuş Əbdülməlik ibn Mərvanın məsləhəti ilə qoşun Hərrədə düşərgə qurdu. Burada Mərvan Mədinədə yaşayan Bəni-Harisə qəbiləsinin bəzi üzvlərini pul ilə satın alıb, əsgərləri xəndəyin o biri tərəfinə keçirdi və Mədinəyə daxil oldu. Bir neçə saat davam edən döyüşdən sonra şəhər ələ keçirildi. Şam ordusu Mədinədə ağlasığmaz vəhşiliklər törətdi. Minlərlə sakin qılıncdan keçirildi, qadınların namusuna təcavüz edildi, evlərdə olan hər şey əsgərlər tərəfindən qarət olundu. Bu rüsvayçılıqlar üç gün davam etdi.

Bəzi mənbələrə görə, Mədinədə qətlə yetirilənlərin sayı on min nəfərə yaxın idi. Bunların təqribən 1700 nəfərini mühacir və ənsardan olan səhabə övladları təşkil edirdi (bəzi mənbələr mühacirdən 1300 və ənsardan 1700 nəfərin qətlə yetirildiyini xəbər verir). Qırğınlar zamanı 80 nəfər qocaman səhabənin də şəhid edildiyi məlumdur. Məsudi Qüreyşdən 95 nəfərin şəhadətə çatdığını yazır. Şam əsgərləri mədinəlilərə "yəhudilər" deyə xitab edirdilər.

Şam qoşunu mədinəlilərdən Osmanın intiqamını aldığını düşünürdü, hətta Mədinəyə hücum zamanı onlar "Osmanın qanı uğrunda" şüarını səsləndirirdilər. Hərrə faciəsinin xəbəri Yezidə çatanda o da Osmanın qanını aldığını təsdiq edən şeirlər oxumuşdu. Şamlılar nəinki bu cinayətdən peşman olmamışdılar, hətta bununla fəxr edirdilər. Qoşun başçısı Müslim ibn Əqəbə ömrünün sonuna kimi (o, Hərrə faciəsindən cəmi bir neçə gün sonra xəstələnib cəhənnəmə vasil oldu) deyirdi ki, Hərrədə mədinəliləri öldürməyimi "La ilahə illəllah" cümləsini söyləməkdən sonra həyatımda ən gözəl əməl sayıram.

Şam qoşunu Mədinə camaatını cəzalandırdıqdan sonra Abdullah ibn Zübeyrin işini bitirmək üçün Məkkəyə sarı üz tutdu. Yolda sərkərdə Müslim ibn Əqəbə öldü və onun yerini köməkçisi Hüsayn ibn Nümeyr tutdu. Bir neçə ay ərzində Məkkə ətrafındakı təpələrin üzərində quraşdırılmış mancanaqlardan şəhər daş və od atəşinə tutuldu. Kəbənin divarları dağıdıldı, müəqddəs evin örtüyü (kisvət) yandı. Mühasirənin qızğın vaxtında, rəbiül-əvvəl ayında Şamdan Yezidin ölüm xəbərini gətirdilər. Hüsayn mühasirəni saxlayıb Abdullah ibn Zübeyrlə barışıq yaratdı. Kəbəni ziyarət etmək adı ilə şəhərə gələn Hüsayn Abdullahla görüşdü və onu birlikdə Şama gedib xəlifə seçkilərində öz namizədliyini verməyə çağırdı. Təbii ki, Abdullah təklifi rədd edib Məkkədə qalmağa üstünlük verdi. Çünki artıq nəinki Hicaz, ətraf bölgələr də onun tabeçiliyi altında idi. İraq valisi Übeydullah ibn Ziyad Yezidin ölüm xəbərini eşidib Şama qaçmışdı. Beləliklə, bu qarışıqlıq şəraitində Abdullah iraqlıları da öz tərəfinə çəkmək tamahına düşmüşdü. Şam ordusu geri qayıtdı, Zübeyrin oğlu isə öz tabeçiliyində olan torpaqlarda hakimiyyətini qurmaqla məşğul olmağa başladı...

(məqalə Rəsul Cəfərianın "Xəlifələr tarixi" kitabının əsasında hazırlanmışdır).

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/802280.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR