Martin Saymon: "Layihənin ilkin nəticələri uğurlu sayıla bilər"

Martin Saymon: "Layihənin ilkin nəticələri uğurlu sayıla bilər"
11:32 20 Noyabr 2019
67 Digər
Ölkə mətbuatı
A- A+

"Artıq 4 aydır ki, Bakı Şəhər Mənzil Kommunal Təsərrüfatı Departamenti tərəfindən Böyük Britaniyanın Mott MacDonald şirkəti ilə birgə hazırlanmış yeni pilot layihənin - bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsinin ən müasir səviyyədə təşkil edilməsi layihəsinin paytaxtın Nərimanov rayonunda icrası həyata keçirilir. Keçən müddət ərzində görülən işlər yüksək səviyyəyə çatdırılıb".
"Report" xəbər verir ki, bunu Bakı Şəhər İcra Hakimiyyətində keçirilən mətbuat konfransında Mott MacDonald şirkətinin rəhbərliyinin səlahiyyətli nümayəndəsi, Bakı şəhərində bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsinin idarə olunması üzrə islahatlar konsepsiyasının rəhbəri Martin Saymon deyib.
O bildirib ki, vətəndaşlara izahetmə işləri, maarifləndirici tədbirlər, mətbuatda geniş yayımlanma və s. öz bəhrəsini verir: "Layihəyə əsasən, Nərimanov rayonunda 400-ə yaxın konteyner meydançası yaradılıb, bura tələbata uyğun miqdarda yeni konteynerlər yerləşdirilib, onların yuyulması və meydançaların dezinfeksiyası təmin edilir".
Martin Saymon qeyd edib ki, layihənin ilkin nəticələri uğurlu sayıla bilər: "Birləşmiş Krallığın paytaxtı London şəhərində 20 ildən çox müddətdə icra edilən layihədə təkrar emal üçün çeşidlənən tullantıların həcmi 40 faizə çatıb. Nərimanov rayonunda isə 4 ay ərzində bu istiqamətdə görülən işlər nəticəsində bu rəqəm 33 faizə çatıb. Kağız və karton tullantıları 25 faiz olub ki, bu da çox yaxşı nailiyyət sayılmalıdır. Əgər layihənin icrasının ilk vaxtlarında gündəlik olaraq 6-7 ton təkrar emala gedən tullantı yığılırdısa, hazırda bu rəqəm 25 tona çatıb".
O əlavə edib ki, gələn ilin aprelindən mərhələli qaydada daha 3 rayonun – Nizami, Yasamal və Nəsimi, sonrakı illərdə isə digər rayonların da mərhələli şəkildə bu layihəyə cəlb olunması nəzərdə tutulur: "Bütün bunlarla yanaşı, müəyyən çatışmazlıqlar da mövcuddur. Bu, bəzi sakinlərin laqeydliyi, tullantıları hara gəldi atması, meydançalardakı nəzarətçilərin işinə aqressiv yanaşmaları, hərəkətləri ilə prosseslərin tam yerinə yetirilməsinə maneçilik törətmələri bu hallardandır. Belə halları da maarifləndirmə və izahetmə işləri ilə aradan qaldırmaq olar. Nəzərdə tutulan işlərin uğurla həyata keçirilməsi Bakı şəhərini aparıcı Avropa dövlətlərinin paytaxtları və iri şəhərləri səviyyəsinə çatdıracaq, ətraf mühitə böyük müsbət təsir göstərərək həm də Bakı şəhəri üçün iqtisadi faydalar verəcək".
Layihənin əhəmiyyətindən danışan Bakı Kommunal Xidmətlər müəssisənin direktoru İlqar Hüseynov bildirib ki, 4 ay ərzində görülən işlər öz nəticəsini göstərib.

Xəbərin orijinal ünvanı: https://report.az/sosial-mudafie/martin-saymon-layihenin-ilkin-neticeleri-ugurlu-sayila-biler

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR