Novruz Məmmədov kollektivə təqdim olundu

Azərbaycan Dillər Universitetinin (ADU) Elmi işlər üzrə prorektoru təyin edilən Novruz Məmmədov kollektivə təqdim olunub.

Universitetin mətbuat xidmətindən Metbuat.az-a verilən məlumata görə, N. Məmmədovu professor-müəllim heyətinə ADU-nun rektoru, Xalq yazıçısı, akademik Kamal Abdulla təqdim edib.

K. Abdulla bildirib ki, universitetdə struktur dəyişikliyi edilib: “Tədris işləri üzrə prorektor, professor Əfqan Abdullayev öz fəaliyyətini Təhsil Nazirliyində davam etdirəcək. ADU-nun Tədris işləri üzrə prorektoru vəzifəsinə Elmi işlər üzrə prorektor, professor Sevinc Zeynalova təyin olunub. Elmi işlər üzrə prorektor isə Novruz Məmmədov təyin olunub. Novruz Məmmədov uzun illər ADU-da dekan, kafedra müdiri kimi çalışıb. İnanıram ki, Novruz Məmmədov öz fəaliyyətini bizim universitetdə ləyaqətlə davam etdirəcək. Bundan sonra Novruz müəllim öz doğma universitetində çalışacaq”.

N. Məmmədov ona göstərilən etimada görə təşəkkür edib: “Yenidən Azərbaycan Dillər Universitetinə qayıtmaqdan məmnunam. Bura qayıtmaq mənə daxili rahatlıq gətirir. Azərbaycan Dillər Universitetinin yüksək nüfuzu var. Onun nüfuzunu daha da qaldırmaq üçün çalışacağam”.

Qeyd edək ki, sabiq Baş Nazir Novruz Məmmədov 25 il Azərbaycan Dillər Universitetində çalışıb. O, bu illər ərzində baş müəllim, dosent, dekan, kafedra müdiri kimi fəaliyyət göstərib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR